Baltik səmasında TƏHLÜKƏLİ OYUN – Rusiya və NATO-nun toqquşma riski yenidən ALOVLANIR

Hazırda oxunan: Baltik səmasında TƏHLÜKƏLİ OYUN – Rusiya və NATO-nun toqquşma riski yenidən ALOVLANIR

578595

Xəbər verdiyimiz kimi, Polşa və Rusiya hava qüvvələri arasında növbəti insident yaşanıb.

Belə ki, oktyabrın 30-da iki Polşa MiQ-29 qırıcısı ölkənin hava sərhədlərinə yaxın ərazidə, Baltik dənizi üzərində Rusiya Hərbi Hava Qüvvələrinin İL-20 tipli kəşfiyyat təyyarəsinin qarşısını kəsib. Rusiya təyyarəsinin “uçuş planı təqdim etmədiyi və transponderinin söndürülmüş vəziyyətdə olduğu” vurğulanıb ki, bu da “regiondakı hava hərəkəti təhlükəsizliyi üçün potensial risk yaradır”.
 

MÖVZU İLƏ BAĞLI:

NATO Rusiya ilə müharibəyə HAZIRLAŞIR – 4400 səhifəlik ƏMƏLİYYAT PLANI


Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının məlumatında deyilir ki, bu, cari həftə ərzində baş verən üçüncü oxşar hadisədir və Rusiya aviasiyasının Baltik regionundakı fəallığının artdığını göstərir.

Bəyanatda həmçinin vurğulanır ki, Polşa ordusu tam döyüş hazırlığı vəziyyətindədir və Rusiyanın hər hansı təxribat xarakterli addımlarına NATO müttəfiqləri ilə sıx əməkdaşlıq şəraitində çevik şəkildə cavab verir.
 

Qeyd edək ki, oxşar hadisə oktyabrın 28-də də baş verib. Həmin vaxt da İL-20 Baltik dənizi üzərində uçuş planı olmadan və transponderi söndürülmüş vəziyyətdə hərəkət edib, lakin Polşa hava məkanını pozmayıb.


Hər halda, görünən odur ki, Rusiya bir müddət əvvəl olduğu kimi yenə də təxribat törədərək, NATO-nun şərq cinahında hava məkanını pozmaq cəhdlərini davam etdirir.

Bu fonda Rusiya-NATO toqquşmasının baş vermə ehtimalı nə dərəcədə realdır?   

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, toqquşma riski hələlik yox səviyyəsindədir:

“Rusiya-Ukrayna müharibəsində qarşı-qarşıya duran güclərin real hərbi-siyasi müstəvidə nəyə qadir olduqları test edildi və bəlli oldu ki, Moskva düşünüldüyü qədər zəif deyil. Qərb də ehtimal edildiyi qədər monolit və güclü deyil. Hazırda daha qətiyyətli və cəsarətli tərəf qismində Rusiyanı görürük. İstər fərdi, istərsə də kollektiv psixologiyada maraqlı bir nüans var: “Qaçan həmişə qovulur”.

Deputat qeyd edir ki, Qərb 4 ilə yaxındır davam edən müharibədə həmişə addım-addım geri çəkilib:

“Tramp adminstrasiyası isə müharibəyə “bir addım irəli, iki addım geri” siyasətilə yanaşır. Belə olan halda daha cəsarətli və qətiyyətli davranan Rusiya nəinki Ukrayna, hətta bəzən NATO-nun hava məkanını pozur. 4 illik siyasi qərarlar tendensiyasını izləsək və bu kontekstdə Qərbin davranışlarını qiymətləndirsək, mövcud vəziyyət, nəticə etibarı ilə Qərbin daha bir addım geri çəkilməsinə gətirib çıxaracaq”.

“Artıq Aİ və NATO vahid birlik deyil”.

Həmsöhbətimiz deyir ki, artıq Avropa İttifaqı və NATO tərkibində müxtəlif alyanslar yaranır:
 

“Amma qarşıdurma riski hələlik yox dərəcəsindədir. Çünki belə bir risk yaranan kimi, Qərb və ABŞ geriyə addım atır. Kollektiv Qərb qətiyyət göstərməyənədək, qarşıdurma da olmayacaq:


“Nə vaxt ki, kollektiv Qərbin daha qətiyyətli olacağını görəcəyik, yalnız bu halda qarşıdurma riskinin real olduğundan danışa bilərik. Bu isə NATO hava qüvvələrinin Rusiya və ya Belarusun adekvat şəkildə hava məkanını pozanda, Moskvanın sərgiləyəcəyi davranışdan asılı olaraq baş verə bilər. Bu davranış nəticəsində geri çəkilmələr olmayacaqsa, məhz o halda real təhlükə və qarşıdurmadan danışa bilərik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin