Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını ilk imzalayan ölkələrdən biri olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını İMZALADI
Belə ki, 25-26 oktyabr 2025-ci il tarixində Vyetnamın paytaxtı Hanoy şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan Respublikası adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev imzalayıb.
Beynəlxalq sənəddə kibercinayətkarlıqla mübarizədə dövlətlər arasında hüquqi əməkdaşlığın təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından sui-istifadənin qarşısının alınması, elektron sübutların toplanması və təqdim edilməsi mexanizmlərinin beynəlxalq səviyyədə tənzimlənməsi əsas məqsədlər kimi qeyd olunub.
“Bu addım Prezident İlham Əliyevin müstəqil siyasətinin davamıdır”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu təşəbbüs Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasətin məntiqi davamıdır:
“Ölkəmizin beynəlxalq hüquq-mühafizə mexanizmlərinə inteqrasiyası, Avropa Şurasının Budapeşt Konvensiyası ilə paralel aparılan işlər dövlətin hüquqi və təhlükəsizlik sisteminin güclənməsinə xidmət edir. Azərbaycan bu addımı ilə bir daha göstərir ki, regional sabitlik, beynəlxalq əməkdaşlıq və rəqəmsal təhlükəsizlik sahəsində mühüm söz sahibidir”.
“Azərbaycan qlobal kibertəhlükəsizlik məkanında etibarlı tərəfdaşa çevrilir”
Deputat qeyd etdi ki, bu Konvensiyanın imzalanması təkcə texnoloji deyil, həm də siyasi baxımdan mühüm strateji addımdır:
“Bu, təkcə özünü qorumaq deyil, həm də beynəlxalq kibertəhlükəsizlik arealında bir dövlət kimi formalaşmanın təşəbbüskarı olmaq deməkdir. Azərbaycan bu sənədi imzalamaqla qlobal təhlükəsizlik və kiberməkanda qanunların tənzimlənməsi prosesində fəal məsuliyyət aktoru kimi çıxış edir.
Bu qərar Azərbaycanın həm siyasi iradəsinin, həm də texnoloji imkanlarının strateji istiqamətdə idarə olunmasının bariz göstəricisidir. “Kibercinayətkarlığa qarşı” Konvensiyanın imzalanması Azərbaycanın etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyir və beynəlxalq kibertəhlükəsizlik sistemində öncül mövqeyini gücləndirir”.
“Azərbaycan informasiya müharibəsində güclü aktordur”
Arzu Nağıyev vurğuladı ki, kibertəhlükəsizlik təkcə texnoloji məsələ deyil, həm də informasiya müharibəsinin ayrılmaz hissəsidir:
“İnformasiya müharibəsində iştirak və bundan düzgün istifadə etmək dövlətin strateji bacarığıdır. Azərbaycan bu sahədə həm texnoloji, həm də hüquqi cəhətdən yeni mərhələyə qədəm qoyur. BMT və Avropa Şurası ilə əməkdaşlıq bu istiqamətdə yeni imkanlar yaradır,” -
Normativ baza və regional əməkdaşlıq güclənir
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın bu istiqamətdə atdığı addımlar yalnız beynəlxalq öhdəliklərlə məhdudlaşmır:
“Ölkə daxilində də normativ-hüquqi baza təkmilləşdirilir, regional əməkdaşlıq və texnoloji mübadilə güclənir. Türk Dövlətləri Təşkilatı çərçivəsində kibertəhlükəsizliklə bağlı birgə təlimlər, məlumat mübadiləsi və texniki əməkdaşlıq həyata keçirilir. Bu, həm praktiki bacarıqların artırılmasına, həm də regional müdafiə sistemlərinin koordinasiyasına xidmət edir.
Kibercinayətkarlığa qarşı mübarizə yalnız texnologiya deyil, həm də maarifləndirmə və hüquqi islahat tələb edir. Yeni normativ bazanın yaradılması, beynəlxalq standartların milli qanunvericiliklə uyğunlaşdırılması, hüquq-mühafizə orqanlarının koordinasiyası bu sahədə vacib rol oynayır”.
Nəzrin Elxan, Bizim.Media


































































































