Rusiya-Ukrayna münaqişəsinin əslində daha genişmiqyaslı qlobal güc toqquşmasının təzahürü olması ilə bağlı fikirlərə tez-tez rast gəlinir. Xüsusilə də, Avropa KİV-ləri bu müharibəni birbaşa Çin-ABŞ qarşıdurması ilə əlaqələndirirlər.
Onların versiyasına görə, savaşın uzanması Çinin maraqlarına xidmət edir. ABŞ Prezidenti Donald Tramp da məhz bu səbəbdən müharibəni tez bir zamanda bitirməyə çalışır.
MÖVZU İLƏ BAĞLI:
“Qərbin gücü yoxdur, Rusiya sülh istəmir...” – Ukraynalı politoloqdan ÖZƏL AÇIQLAMA
Bütün bu faktorlar nəzərə alındıqda, ABŞ lideri ilə Çin rəhbərinin yaxın vaxtlarda baş tutması gözlənilən görüşünün Rusiya-Ukrayna müharibəsinin gedişatına təsir ehtimalı böyükdür.
Mövzuya bağlı Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin və ukraynalı hərbi ekspert Aleksandr Kovalenko Bizim.Media-nın suallarını cavablandırıb.
Kovalenko hesab edir ki, Çin Rusiyanın iqtisadi təminatı baxımından əsas sponsorudur:
“Məsələn, Çin Rusiyanın enerji resurslarının, xüsusilə də neftin əsas ixracatçısıdır. Bundan başqa, Çin digər təbii resursları, o cümlədən Rusiya meşələrini də istehlak edir. Bəli, Rusiya bunları Çinə çox ucuz qiymətə satsa da, yenə də müəyyən gəlir əldə edir. Əslində, 2024-cü ildə Çin Rusiyanın ticarət tərəfdaşları arasında birinci yeri tutaraq 20,5%-dən çox paya sahib olub. Buna görə də, Rusiya iqtisadiyyatı müəyyən mənada Çindən asılıdır və əsasən ona güvənir”.
Rusiya hərbi sənayesində Çinin rolu
Kovalenko qeyd edib ki, Rusiyanın müharibəni davam etdirmək üçün siyasi və iqtisadi dəstəyə ehtiyyacı var ki, Çin də bunu təmin edən lider ölkədir:
“Bundan əlavə, Çin təkcə enerji və təbii resursları alıcısı deyil, həm də ticarət partnyorudur. Rusiya Çinə böyük həcmdə ikili təyinatlı məhsullar göndərir, xüsusilə texnologiyalar sahəsində. Son üç ildə Rusiyanın hərbi-sənaye kompleksi əsasən Çin dəzgahları və texnologiyaları hesabına bərpa olunub.
Məsələn, Rusiya mərmiləri Çin dəzgahlarında istehsal olunur. Barıt Çin neyroselülozası və pambıq selülozasından hazırlanır. Ukraynadakı mülki əhaliyə qarşı istifadə olunan “Şahid-136” kamikadze dronlarının 65%-i Çin mikrosxemləri və elektron komponentlərindən ibarətdir. Hətta rusların “КАB” adlı reaktiv mühərrikli bombası da Çin istehsalı “Сvivin-800PRO” mühərriki ilə təchiz olunub. Bu mühərrik olmasaydı, həmin bombalar da olmayacaqdı”.
İndi isə ABŞ-Çin danışıqları müharibənin gedişatına təsir edəcək.
Kovalenko əlavə edib ki, əldə edilən müsbət razılaşma Ukraynanın maraqlarına cavab verəcək:
“Bu səbəbdən də əgər Çin Rusiyaya dəstəyini azaldarsa, Rusiya bu müharibəni əvvəlki səviyyədə davam etdirə bilməz və bu ABŞ üçün də müharibənin həllinə çevrilə bilər. ABŞ prezidenti Donald Tramp sülh razılaşması bağlamaq və bu prosesdə əsas rol almaq istədiyi üçün vəziyyətə daha geniş və strateji rakursdan yanaşır”, - deyə A.Kovalenko əlavə edib.
Rusiyalı politoloq Anton Bredixin isə fərqli düşünür.
O bildirir ki, danışıqların nəticəsi müharibə üçün önəmli olsa da, əsas söz sahibi Rusiyadır:
“Bəli, Çin mövcud vəziyyətdən yararlanır, bu, bir faktdır. Çin bu prosesdən iqtisadi qazanc əldə edir və eyni zamanda ABŞ-ın zəifliyindən istifadə edərək Tayvan məsələsində öz maraqlarını irəli sürməyə çalışır. Lakin Vaşinqtonla Pekin arasında aparılan danışıqlar, onların hansı qərarlar qəbul edəcəyi və hansı addımlar atacağı Rusiya-Ukrayna qarşıdurmasının nəticəsinə həlledici təsir göstərmir”, - deyə A.Bredixin qeyd edib.
Tehran Orucoğlu, Bizim.Media

































































































