İlham Əliyev Tokayevə təbrik məktubu göndərib

Hazırda oxunan: İlham Əliyev Tokayevə təbrik məktubu göndərib

577119

Prezident İlham Əliyev Tokayevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
 

Qazaxıstanın hər bir sahədə əldə etdiyi sanballı uğurları, iqtisadi inkişafı, əhalinin rifahının artması və beynəlxalq aləmdə yüksək nüfuz qazanması Sizin rəhbərliyiniz altında ölkədə aparılan əhəmiyyətli islahatların və yorulmaz fəaliyyətinizin nəticəsidir.


Xalqlarımızın ortaq tarixi-mədəni kökləri dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Qardaş ölkələrimiz arasında əlaqələr qarşılıqlı etimad və yüksək hörmət ruhunda inkişaf edir.

Bu il imzalanmasının 20 illiyini qeyd etdiyimiz “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini əyani şəkildə əks etdirir.
 

Siyasi təmaslarımızın intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat, investisiya, informasiya texnologiyaları, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.


Bu yaxınlarda qardaş ölkənizə həyata keçirdiyim dövlət səfərim zamanı əldə etdiyimiz nəticələr, razılaşmalar və imzaladığımız sənədlər münasibətlərimizin daha da dərinləşdirilməsi istiqamətində sarsılmaz iradəmizin və əzmimizin bariz nümunəsidir.
 

Əminəm ki, Azərbaycan-Qazaxıstan qardaşlığının, etibarlı strateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.


Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin