Praktiki müstəvidə SÜLH – Tranzit məhdudiyyətlərinin ləğvi ilə açılan YENİ SƏHİFƏ

Hazırda oxunan: Praktiki müstəvidə SÜLH – Tranzit məhdudiyyətlərinin ləğvi ilə açılan YENİ SƏHİFƏ

576877

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bölgədə sülhün bərqərar olması yolunda daha bir mühüm addıma imza atıb.
 

MÖVZU İLƏ BAĞLI: 

İlham Əliyev: “Azərbaycan Ermənistan istiqamətində yük daşımalarına bütün məhdudiyyətləri ləğv etdi”


Belə ki, Dövlət başçısı qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə birgə keçirilən mətbuata konfransında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, bu addım sülhün praktikada mövcud olduğunun göstəricisidir:

"Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Təsadüfi deyil ki, Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırılmasına görə təşəkkür edib.


“Bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə Ermənistan ərazisindən tranzitini təmin etməyə hazırıq”, deyə o, əlavə edib.

“Azərbaycan hədəflərinə daha da yaxınlaşır”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Azərbaycan tarixi zəfərimizdən keçən 5 il ərzində öz şərtləri və mənafeyinə uyğun olaraq sülhü əldə etməyi bacarıb:
 

“2025-ci ilin avqustun 8-də ABŞ-da əldə etdiyimiz sülhü hüquqi-siyasi müstəviyə keçirməyi bacardıq. Bundan sonra regional lider kimi Azərbaycanın məqsədi bölgədə inteqrasiyasını, əməkdaşlığı təmin etməklə uzunmüddətli sülhə nail olmaqdır.


Astanada Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər də sülh istiqamətində addımların atılmasının göstəricisidir. Yəni ilk belə addım artıq atılıb.

Şübhəsiz ki, bu, bütövlükdə Azərbaycanın müəyyənləşdirdiyi məqsədlər kontekstində baş tutan bir hadisədir.

Prezidentin bu açıqlamasından sonra Ermənistan baş naziri və digər erməni rəsmilərinin açıqlamaları, Azərbaycanla Naxçıvan arasında yolun bütün kommunikasiya növləri üzrə açılmasını ifadə etmələri də Bakının əvvəldən bəri məqsədlərinə daxil olan hədəflərdən idi.

Bu cür addımlarla həmin hədəflərə daha da yaxınlaşırıq”.

“Ermənistanın başqa yolu yoxdur”

Milli Məclisin deputatı Ceyhun Məmmədov da Azərbaycanın müvafiq addımı fonunda Ermənistanın da bənzər addım atacağına əmin olduğunu bildirdi:
 

“Çünki onların başqa yolu yoxdur. Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl Ermənistana tranzit məhdudiyyətinin tam aradan qaldırıldığını açıqladı. Bu isə Azərbaycan tərəfindən sülhün bərqərar olması vədaha da möhkəmlənməsinə yönəlmiş önəmli addımdır.


Azərbaycan Prezidenti növbəti dəfə sübut etdi ki, ölkəmiz sülhdə maraqlıdır və bölgəmizə sülhün gəlməsi üçün addımlar atır.

Ermənistan çalışmalıdır ki, başlanan prosesə öz töhfəsini versin. İrəvan tərəfindən də bu istiqamətdə real addımların atılacağını gözləyirik. Əminəm ki, Ermənistan da bunu edəcək.

Çünki başqa yolu yoxdur. İrəvan bu barədə ciddi düşünməlidir”.  

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin