Bakıda beynəlxalq elmi müzakirə: “Müasir din təhsili modelləri – mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı simpozium öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
Simpoziumun məqsədi yalnız din təhsili sahəsində elmi fikirləri bölüşmək deyil, həm də bu sahədə mövcud problemlərin təhlili və onların həlli yollarına dair praktiki təkliflər irəli sürməkdir.
Toplantıda dünyəvi dövlətdə dini təhsilin hüquqi və konstitusion əsasları, eləcə də onun tolerantlıq, multikulturalizm, əxlaqi dəyərlər və ictimai inkişaf prinsipləri ilə qarşılıqlı əlaqəsi kimi mövzular ətrafında müzakirələr aparılır.
Həmçinin, simpozium çərçivəsində postsovet məkanında dini təhsilin inkişaf tendensiyaları, Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu və Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət barədə məruzələr təqdim olunacaq.
Tədbirdə yerli dövlət qurumlarının, ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraq kimi ölkələrdən gəlmiş 40-a yaxın alim və ekspert iştirak edir.
Beynəlxalq simpozium oktyabrın 22–23-də keçirilir və din təhsili sahəsində regional əməkdaşlıq, elmi fikir mübadiləsi və mənəvi dəyərlərin qorunması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir.
Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim.Media