Azərbaycanın Ermənistan istiqamətində yük tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırması regionda əməkdaşlığın və etimad mühitinin bərpasına töhfə verib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Tbilisidə keçirilən 5-ci “İpək Yolu” Forumunda çıxışı zamanı bildirib.
Baş nazir vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə əldə edilən razılaşmalar regionda dayanıqlı əməkdaşlığın təmin edilməsi baxımından tarixi əhəmiyyət daşıyır:
“Regionda kommunikasiya xətlərinin açılması, o cümlədən Azərbaycanın əsas ərazisinin ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi beynəlxalq daşımalar üçün regionun tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.
Biz əminik ki, bu ilin 8 avqustunda Vaşinqtonda əldə edilən razılaşmalar əsasında açılacaq yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyat şəbəkəsindəki rolunun möhkəmlənməsinə töhfə verəcək.”
Ə. Əsədov əlavə edib ki, Azərbaycan regionda əməkdaşlığın və etimad mühitinin bərpasına sadiqliyini davamlı şəkildə nümayiş etdirir:
“Azərbaycan tərəfi işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldıraraq Ermənistan istiqamətində yük tranzitinə icazə verməklə bu istiqamətdə mühüm addım atıb.
Qazaxıstan buğdasının Azərbaycanın ərazisindən Ermənistana daşınması bu baxımdan ilk praktik addım olub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu, sülhün yalnız kağız üzərində deyil, real həyatda da həyata keçirildiyini göstərir”.
Bizim.Media