Məlum olduğu kimi dünən Milli Məclis “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər edib. Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov parlamentin iclasında çıxış edərək bu dəyişikliyin əleyhinə çıxıb.
Moderator.az Ədalət Partiyasının mətbuat xidmətinə istinad edərək həmin çıxışı təqdim edir:
“Siyasi
partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa 2012-ci ildə edilən dəyişiklilərə
əsasən 2013-cü ildən partiyaların dövlət tərəfindən maliyyələşməsinə
başlanılıb. Bu, şübhəsiz, müsbət addım idi. Siyasi partiyaların maliyyələşməsi
ilə əlaqədar, maliyyə hesabatlarının verilməsini təkmilləşdirmək məqsədilə
Qanuna 21-ci maddənin əlavə edilməsini də başa düşmək olar və bu vacib idi.
Ümumiyyətlə, həm dünya praktikasında, həm də ölkəmizdə belə bir təcrübə
mövcuddur ki, maliyyə yardımı alan qurum onu maliyyələşdirən təşkilata bunun
mütləq hesabatını verməlidir.
Lakin təklif
olunan variantda isə bu məsələ çox təəssüf ki, bir qədər çətinləşdirilir və dəyişikliyin
səbəbi də doğrusu anlaşılmır. Belə ki, Qanunun 12-1.1.2-ci maddəsinə təklif
olunan dəyişikliklərdə göstərilir ki, siyasi partiyalar maliyyə hesabatlarını
MSK-ya da təqdim etməlidir. Və bunun da heç bir hüququ bazası yoxdur. Nəzərə
alınmalıdır ki, siyasi partiyalar Vergilər Nazirliyinə, Dövlət Sosial Müdafiə
Fonduna rüblük və illik, Maliyyə Nazirliyinə isə illik maliyyə hesabatları təqdim
edirlər.
Azərbaycan
Respublikasının Seçki Məcəlləsinin 1.1.4-cü maddəsində göstərilir ki, “seçki
komissiyası ”“ Bu Məcəllə ilə nəzərdə tutulan qaydada formalaşdırılan və seçkilərin
(referendumun) keçirilməsini təşkil edən və təmin edən kollegial orqan”dır.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasının fəaliyyət və səlahiyyətləri bölməsində
deyilir ki, “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin
referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin
hazırlanmasını və keçirilməsini təmin edir”.
Azərbaycan
Respublikası Konstitusiyasının 83, 101 və 142-ci maddələrində Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına verilən səlahiyyətlərdə də onun
maliyyə nəzarəti funksiyasını həyata keçirməsi haqqında heç bir müddəa yoxdur.
Göründüyü
kimi, heç bir halda MSK-ya maliyyə nəzarəti funksiyası verilməyib, bu orqan
yalnız seçkiləri (referendumları) təşkil etmək və keçirmək səlahiyyətinə
malikdir.
Eyni
zamanda, qeyd etməliyəm ki, seçkilər dövründə seçkilərdə iştirak edən siyasi
partiyalar və şəxslər MSK-ya maliyyə hesabatlarını təqdim edirlər. Bu hesbatlar
sırf seçkilərlə bağlıdır və zənnimcə, başa düşüləndir. İndi siyasi partiyaların
ayırıca olaraq MSK-ya hər il hesabat verməyə məcbur edilməsi nəyə lazımdır? Axı
elə partiyalar var ki, ardıcıl olaraq bir neçə dəfə seçkilərdə iştirak etmirlər.
Bu məntiqlə yanaşsaq onda belə çıxır ki, müstəqil olaraq seçkilərdə iştirak etmək
niyyətində olan şəxslər də hər il MSK-ya maliyyə hesabatı verməlidirlər. Bu isə
absurddur.
Üstəlik
Respublikamızda proposional seçki sistemi mövcud deyil. Proporsional seçki
sistemi olsaydı haradasa bu dəyişikliyi başa düşmək olardı.
Mövcud dəyişikliklərdə
MSK-ya siyasi partiyaların üzərində nəzarət edici funksiya verilir. Bir növ
siyasi partiyalar MSK-ya tabe etdirilir. Bu isə yolverilməzdir. Ona görə bütün
bunları nəzərə alaraq “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının
Qanunun 12-1.1.2, 21.2, 21.4-1 və
21.6-cı maddələrinə təklif olunan dəyişikliklər qəbul oluna bilməz.
































































































