Ulduz müharibələri dövrünə qədəm qoyuruq

Hazırda oxunan: Ulduz müharibələri dövrünə qədəm qoyuruq

5650

Kosmosda “Kolt mədəniyyəti” yoxsa, sülh üçün silahlanma..?

2018-ci ilin martında Donald Tramp ayrıca Kosmik Hərbi Qüvvələr yaradılması haqqında sərəncam imzaladı. 2019-cu ilin sonlarında isə Merilend ştatındakı hərbi bazada təntənəli mərasimdə çıxışı zamanı bəyan etdi ki, Amerika Kosmik Qüvvələri yaradıldı!

Bu addımı atmağın zəruriliyi Amerika KİV-də də tez-tez yer alan Rusiya və Çinin getdikcə daha sürətlə artan hərbi potensialının yaratdığı təhlükə ilə izah olunur. Merilend mərasimindən bir ay öncə “Bloomberg” ABŞ kəşfiyyatının Rusiya və Çinin peyk əleyhinə hərbi-informasiya tədbirləri görmək imkanlarının meydana gətirdiyi təhdidlər haqqında materiallarını dərc etmişdi.

Müxtəlif mənbələr vurğulayırlar ki, Amerikada həm müdafiə, həm də hücum xarakterli kosmik silahlar hazırlanır, lakin onlar barədə informasiya verilmir. Bura hərbi peyklər, peyk əleyhinə vasitələr, insansız kosmik təyyarələr və s. daxildir.

Buna ABŞ-ın kosmosu militarizasiya etmək və “güc vasitəsi ilə sülh”ə nail olmaq kursu deyirlər. 
“Rossiyskaya qazeta” yazıb ki, D.Tramp çıxışlarının birində vurğulayıb: “Kosmos - hərbi fəaliyyətin ən yeni ölçüsüdür. Kosmosda Amerikan üstünlüyü fövqəladə vacibdir”. Maraqlıdır, nə üçün?

Vaşinqtondakı “qırğılar” hesab edirlər ki, ABŞ kosmosda tam sərbəst hərəkət etməlidir. “Mütləq yüksəklikdə amerikan üstünlüyü” olmalıdır.

ABŞ Kosmik Qüvvələrinin rəhbəri general Con Reymonddur. KİV onun bir bəyanatını çox tirajlayıb. General deyib: “Kosmik Qüvvələr güc mövqeyindən rəqabəti, cilovlamağı və qələbəni təmin etməlidir ki, bizim həyatımızı və milli təhlükəsizliyimzi təmin etsin”.

Adam açıq deyib: amerikanların həyatı və milli təhlükəsizliyi daim silahlanma yolu ilə rəqabəti, cilovlamağı və qələbəni təmin etməklə sıx bağlıdır. Bax, buna “Kolt mədəniyyəti” deyirlər! Həmin mövqenin tarixçəsi maraqlıdır.

1835-ci il amerikalı Samuyel Kolt bir tapança ixtira edib. 1836-cı ildə onun istehsalına nail olub. Bu tapança dövrünün ən effektivlisi halına gəlib. Nəticədə “Kolt” fərqli modelləri olan tapançaların ümumi adıdır. Sonra onun avtomat və pulemyot növləri yaradılıb. S.Kolt onun modelini daim təkmilləşdirib və modellərdən birinin adını “sülhyaradan” qoyub! Bununla “Kolt” adı ancaq tapança modelləri ilə məhdudlaşmayıb və o, ümumilikdə amerikan həyat tərzinin və düşüncəsinin bir parçasına çevrilib.

Amrikada belə bir deyim var: “Tanrı insanları yaratdı, Linkoln onlara hüquq verdi, polkovnik Kolt isə onların şanslarını bərabərləşdirdi”! İndi obrazlı olaraq silah vasitəsi ilə “şansı bərabərlişdirmək”, silah üstünlüyü ilə “sülhə nail olmaq” kimi cəhdlər ümimilikdə “Kolt mədəniyyəti” əlaməti adlandırılır! 

Ancaq əsas məsələ ondan ibarətdir ki, “Kolt mədəniyyəti” artıq yalnız ABŞ-a xas davranış deyil. Rusiya, Çin, Fransa, Almaniya, İran, Şimali Koreya, İsrail və bir sıra başqa dövlətlərin də hərəkətlərində eyni məntiq hiss edilir.

Rusiyada artıq bir neçə ildir ki, Hərbi Kosmik Qüvvələr mövcuddur. Onlar Suriyada hərbi əməliyyatlarda hələ də sınaqdan keçirlər. “Rambler.ru”, “RİA Novosti”, “İA Regnum”, müxtəlif hərbi və informasiya mənbələri bu barədə dəfələrlə informasiyalar yayıblar. 

Bu yaxınlarda Çinin kosmosa hərbi imkanları daha geniş olan vasitələr çıxardığı haqqında “Janjibao” nəşri və başqaları yazıb. Şübhə yoxdur ki, Rusiya və Çin kosmosda hərbi imkanlarını artırmaq barədə ciddi düşünürlər.

“İzvestiya” qəzeti, “Ura.ru”, “Mk.ru”, “Rambler.ru” və digər informasiya saytları daha bir yeni məlumat yayıblar. Rusiya Hərbi Hava Desant Qüvvələri tərkibində yeni tip desant-həmlə birliyi yaradılacaq. General Andrey Serdyukovun sözlərinə görə, yeni qoşun növü rəqibin dərin arxa məkanında ən çevik qrupları belə havadan və qurudan məhv etmək imkanlarına malik olacaq. Bunun üçün quru və kosmik qüvvələr koordinasiyalı hərəkət edəcək.

Bunu necə adlandırmaq olar? Nə desək də, ümumilikdə şərhə ehtiyac görmürük...
...Supergüclər indi kosmosda silah “fırladırlar”. Dünya da elmi biliklərə görə, əbədi fırlanır. Belə çıxır ki, bizlər hələlik Yerdə “fırlanırıq”. Yəni “başımızı fırlayırıq”.

Lakin “baş fırlamaq” yaşamaq deyil, həyat deyil. Kosmosda silah fırlatmaq isə birbaşa ölüm-itimdir, məhvdir...

Füzuli Qurbanov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin