Rəisinin Moskva səfərində PƏRDƏARXASI məqamlar - Tofiq Abbasovun ŞƏRHİNDƏ

Hazırda oxunan: Rəisinin Moskva səfərində PƏRDƏARXASI məqamlar - Tofiq Abbasovun ŞƏRHİNDƏ

56160

“Rəisinin Moskvaya səfəri hər iki tərəf üçün vacibdir. Çünki Rəisi yeni prezident seçilib və Rusiya prezidenti ilə görüş keçirməyib. Digər tərəfdən görüş öncəsi İbrahim Rəisi qeyd edib ki, Rusiyanın və İranın bölgədə çıxış yolu eyni mövqedən çıxış edərək, vahid güc kimi hərəkət etməkdən ibarətdir. Ona görə ki, bölgədə regional maraqları olan kənar qüvvələr də var”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində politoloq Tofiq Abbasov qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Əməkdaşlıq nə rusları, nə də bizi qane edir” - Rusiyaya gedən İran prezidentindən AÇIQLAMA


Belə ki, İran Prezidenti İbrahim Rəisi və rusiyalı həmkarı Vladimir Putinin Moskvada keçiriləcək görüşünü təhlil edən politoloq ilk növbədə tərəflərin gözləntilərinə diqqət çəkib:

“Ümumiyyətlə İran dövlətinin siyasəti ondan ibarətdir ki, bölgəyə aid olmayan qüvvələr regional proseslərdə iştirak edərək gərginlik yaratmasınlar. Hələ 2018-ci ildə Aktauda Xəzər dənizi ilə bağlı müqavilə imzalananda İranın təkidi ilə kənar qüvvələrin su hövzəsində fəaliyyətlərinə qadağa qoymaq məsələsi gündəmə gətirildi və qəbul olundu. İndi də İran hökuməti çalışır ki, Rusiyanı özünə müttəfiq etsin.

Lakin Rusiyanın daxilində də İrana münasibət birmənalı deyil. Çünki Rusiya faktiki olaraq bir neçə maliyyə-sənaye qruplarından ibarətdir və onların hamısının bu məsələdə nikbin deyillər. 


Görüşdə əsasən, bölgə və inteqrasiya məsələləri müzakirə olunacaq. Eyni zamanda İranın nüvə məsələsi ilə bağlı da danışıqlar bərpa olunmaq üzrədir və ola bilsin ki, yeni format yaransın. Çünki Tehranın tələbi ondan ibarətdir ki, ABŞ sazişdən çıxıbsa və sanksiyalar tətbiq edirsə, gərək sanksiyalar ləğv olunsun. Bu məsələdə Rusiya, rəsmi Tehrana dəstək verir. İran çalışır ki, ona hücum olmasın və blokadadan çıxmaq üçün Rusiya diplomatiyasının imkanlarından istifadə etsin. 

Lakin Qərblə əlaqələrdə Rusiyanın özü də iransayağı hərəkət edir və Kreml də Qərbin hədələri ilə üz-üzədir. Əgər Ukrayna ətrafında da vəziyyət gərginləşərsə, artıq Rusiyanın beynəlxalq maliyyə əməliyyatlarına da qadağa qoyula bilər”.

Tofiq Abbasovun fikrincə, İran və Rusiya Qərbin təzyiqlərinə qarşı birgə çıxış etməyə çalışacaqlar. 

Fikirlərinin davamında politoloq müzakirəyə çıxarılacaq məsələlərdən də danışıb: 

“Bəzi regional layihələr müzakirə predmeti ola bilər. Belə ki, Şimal-Cənub və fars körfəzindən Avropaya daşınmalar üçün digər marşrutların reallaşdırılmasında İran Rusiya ilə birgə hərəkət etməyə çalışır. Doğrudur, iki ölkənin sərhəddi yoxdur, lakin Xəzər dənizi tərəflər üçün mühüm arteriya hesab olunur. 

Təbii ki, beynəlxalq arenada Moskva və Tehranın maraqlarının üst-üstə düşdüyü məqamlar olsa da, əks nüanslar da yox deyil. İranın bir müddət əvvəl bölgədə yaratdığı gərginlik, lazımsız hərbi təlimlər, Türkiyə və Azərbaycanla münasibətlərdə yaranan soyuqluq, Moskva ilə münasibətlərə də təsirsiz ötüşmədi. Rəisi çalışacaq ki, fikir ayrılıqlarını aradan qaldırsın və münasibətlərdə yəni səhifə açılsın. Yəqin ki, bununla bağlı da artıq hazırlıqla gedib. 
 

Eyni zamanda Rusiya Prezidenti Vladimir Putin də bildirir ki, Rəisi ilə ilk görüş çox vacib olacaq. Bu həm tanışlıq, həm də geosiyasi aləmdə uzunmüddətli əlverişli status-kvo yaradılsın”.


Tofiq Abbasov, Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində də müzakirələrin aparılmasını da istisna etməyib:

“Kommunikasiyaların açılması məsələsi müzakirə mövzusu olacaq. Çünki “Altılıq” platformasında həm Moskva, həm də İran bir qədər tərəddüd etsə də, Rusiya Zəngəzur dəhlizinin açılmasında və Ermənistanın Azəbaycan, Türkiyə ilə münasibətlərini normallaşdırmasında daha maraqlıdır. Ola bilsin ki, bu kontekstdə də danışıqlar olsun və tərəflər qarşılıqlı öhdəliklər götürsünlər”. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin