“Lukaşeviçin bəyanatı həqiqəti əks etdirmir. Necə yəni Minsk qrupunun həmsədrləri Qarabağa gedə bilmirlər? Bunun üçün gərək ilk növbədə Azərbaycana müraciət etsinlər. Çünki Qarabağ Azərbaycan ərazisidir. Biz də məsələ ilə bağlı lazımi müzakirələri apardıqdan sonra, bir nəticəyə və razılığa gələ bilərik”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıxov bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Minsk Qrupunun həmsədrləri Qarabağa səfər edə bilmir, Rusiya bundan narahatdır” - Lukaşeviç
Belə ki, yanvarın 17-də Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviçin Minsk qrupunun həmsədrləri ilə bağlı səsləndirdiyi aşağıdakı fikirlər, Fikrət Sadıxovun sərt tənqidinə səbəb olub:
“Biz narahatıq ki, həmsədrlər üçlüyü hələ də regiona səfər edə, vəziyyətlə tanış ola bilməyib. Minsk qrupu həmsədrləri hələ də insanlar arasında təmasların qurulmasında və humanitar problemlərin həllində tərəflərə kömək etmək üçün konkret tədbirlər müəyyən edə bilməyiblər”.
Rus diplomatın fikirlərinə, politoloq müsahibənin davamında bu cür mövqe bildirib:
“Mən başa düşə bilmirəm, həmsədrlər niyə ilk növbədə Qarabağa gedirlər? Onların bu addımı atmaqda məqsədi nədir? Qarabağa səfər edib, separatçı rejimlə danışıqlar aparacaqlar? Əgər onlar həqiqətən regionda stabilliyin və təhlükəsizliyin tərəfdarıdırlarsa, gəlib rəsmi Bakı ilə danışıq aparmalıdırlar”.
Fikrət Sadıxov həmsədrlərin hansı istiqamətlər üzrə danışıqlarda iştirak edə biləcəyinə də diqqət çəkib:
“Biz qalib tərəfik. Biz öz torpaqlarımızı azad etmişik və müxtəlif təkliflər irəli sürürük. Təkliflərimiz isə, sərhədlərin demarkasiyası və yekun sülh sazişinin imzalanması ilə bağlıdır.
Gəlib, bu məsələlərin müzakirəsi ilə məşğul olsunlar. Bu daha məqsədyönlü səfər ola bilər. Gələcəkdə həmsədrlər qeyd olunan istiqamətlərdə addımlar atmaq istəyirlərsə, buyursunlar. Biz bunları qəbul edə bilərik, təki bir faydası olsun. Minsk qrupu 30 il ərzində faydasız fəaliyyət göstərdilər. Bu, əlbəttə ki, onlara etibar etməyə imkan vermir. Həmsədrlər öz nüfuzlarını itiriblər”.
Murad Əhmədov, Bizim.Media