“Bu əvvəlcədən bəlli idi. Çünki dünyada gedən proseslər ondan ibarətdir ki, ABŞ timsalında Qərb Çini əsas rəqib kimi görür. Lakin bu məsələdə Rusiyanın mövqeyi də əhəmiyyətlidir. Çünki Kremlin mövqeyi neytral olsa, Qərb öz istəklərinə nail olacaq. Bu baxımdan hansısa ortaq məxrəcə gəlmək mümkündür”
Bu fikirləri Bizim.Media-ya açıqlamasında eks xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda müxalifət narazıdır: Türkiyə ilə danışıqlar kimin adından aparılıb?
Belə ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü məsələsində, Alyansın Kremllə dialoqa hazır olmaq niyyətlərini şərh edən müsahibimiz, tərəflərin hansı məsələdə ortaq məxrəcə gələ biləcəklərini də açıqlayıb:
“Nüvə daşıyıcıları və digər ortamənzilli raketlərin Rusiyanın əsas strateji məntəqələrinə çatma vaxtının çox qısa olduğunu nəzərə alaraq, NATO-ya üzv olan bir sıra ölkələrdə bu cür silahların yerləşdirilməməsi məsələsində güzəştə gedilə bilər. Üzvlük olsa da belə, raketlərin Kremlin təhdid hesab etməyəcəyi məsafələrdə yerləşdirilməsində razılıq əldə etmək olar”.
Sabiq XİN rəhbəri Rusiyanın hansı şərtlə Ukraynanın NATO-ya üzvlüyünü qəbul edə biləcəyinə də aydınlıq gətirib:
“Rusiyanın əsas narazılığı bundan ibarətdir ki, qeyd olunan ölkələrin Alyansa üzvlüyü, bəlkə də, qəbul oluna bilər, lakin yeni üzvlərin ərazilərində Rusiyaya təhdid yaradacaq silahları yerləşdirərkən uçuş vaxtı bir neçə dəqiqəyə çatsın. Çünki əks təqdirdə, ciddi təhlükələr yaranır. Onlar istəyir ki, hansısa saziş əldə olunsun. Lakin Qərb NATO-ya üzvlüyün könüllük prinsipi əsasında olmasında israrlıdır.
Bu baxımdan kompromis bir razılaşma mümkündür. Yəni, təhdid yaradan silahlar Rusiya sərhədlərindən uzaqda yerləşdirilsin, lakin üzvlük təmin olunsun”.
Müsahibənin davamında Tofiq Zülfüqarov NATO-Rusiya dialoqunun dünyanı öz aralarında bölüşdürmək planının bir parçası olması iddialarına da aydınlıq gətirib:
“Xeyr, tərəflərin hazırki dialoqunda bundan söhbət getmir. Dünyanın bölüşüdürülməsi məsələsi həmişə var idi və yenə də var olacaq. İndi hansı tərəf “qırmızı xətləri” pozsa, əks cəbhə də müvafiq addımlar atacaq. Lakin NATO-Rusiya dialoqunda əsas məsələ silahların növü ilə bağlıdır. Siyasi dominantlıq ayrı bir mövzudur, hərbidə isə, hesab edirəm ki, razılaşma mümkündür. Ələxsus da, Çin faktoru nəzərə alınarsa”.
Murad Əhmədov, Bizim.Media