“Mən ölkədə milli siyasi barışığın olmasını, dialoq mühitinin yaradılmasını da çox vacib hesab edirəm”
Dünən ADP-nin qərargahında müxalifət partiyalarının yaratdığı "Siyasi partiyaların demokratiya və insan haqları mərkəzi"nin konfransı keçirildi. Konfransın mövzusu "Azərbaycanda demokratiyanın vəziyyəti" idi. Tədbirdən sonra AXP sədri Pənah Hüseyn Moderator.az-ın bir neçə sualını cavablandırıb:
-Pənah bəy, Milli Şura rəhbərliyi bu mərkəzdən kənar dayanmaq xətti seçdilər. Doğrudanmı Milli Şura ilə yerdə qalan müxalif güclər arasındakı ziddiyyətlər o qədər dərindir ki, əməkdaşlıq etmək mümkün deyil?
-Hesab edirəm ki, bu, xeyli dərəcədə subyektiv amillərdən irəli gəlir. Ola bilər ki, Azərbaycandakı siyasi qüvvələr arasında uzun müddət etimadsızlıq mühiti olduğundan belə fikirlər səsləndirilir. Amma hesab edirəm ki, həm demokratik düşərgənin, həm siyasi müxalifətin, eyni zamanda bütövlükdə vətəndaş cəmiyyətinin və müstəqil medianın ümumi maraqlarının üst-üstə düşdüyü bir məqamın diktə etdiyi vəziyyət ondan ibarətdir ki, bu gün hamı bir yerdə olsun. Ölkədə normal rəqabət mühiti yaradıldıqdan sonra təbii ki, hər kəs öz taktika və strategiyası ilə hərəkət edə bilər. Bizim prinsipial yanaşmamız bundan ibarətdir.
-Milli Şura da bu qənaətdədirmi görəsən?
-Konkret Milli Şuraya gəldikdə isə biz hazırda
siyasi partiyaların əməkdaşlıq mexanizmi çərçivəsində bu işləri aparırıq. Ona
görə də mən bu qüvvələrə bir-birini inkar edən və ya alternativlər kimi
baxmıram. Hərçənd o qənaətdəyəm ki, çağdaş indiki vəziyyət siyasi partiyların əməkdaşlığının
önə çıxmasını zəruri edir və gələcək uğurlar siyasi partiyaların fəallaşmasından
keçir. Nəticələr də xeyli dərəcədə siyasi partiyaların fəallaşıb-fəallaşa bilməməsindən
asılı olacaq. Bilirsiniz ki, bu günə qədər də Milli Şurada təmsil olunan xeyli
siyasi partiya nümayəndələri, həm də yeni yaradılan bu mərkəzdə iştirak edir.
KXCP sədri Mirmahmud Mirəlioğlu bu mərkəzin sədridir. Hacıbaba Əzimov da Milli
Şuarnın əsas təsisçilərindən biri olub, həm də bu ideyanın müəlliflərindən
biridir. Bundan başqa Qulamhüseyn bəy də bu gün xartiyanı imzaladı. Xartiya da
elə mərkəzin yaradılmasını nəzərdə tutur. Yəni Milli Şuraya daxil olan siyasi
partiyalar da bu mərkəzin işində iştirak edirlər. Məncə yeganə bu mərkəzlə əməkdaşlıq
etməyən AXCP-dir.
-Onları dəvət etmişdiniz?
-Mən bir qayda olaraq bizim tədbirlərə Əli bəyi
dəvət edirəm, Amma hesab edirəm ki, bunun üçün elə bir məhdudiyyət yoxdur ki,
bu tip tədbirlərdə iştirak Milli Şuranın işinə hardasa maneçilik törədə bilər.
Mən arzu edirəm ki, bu məsələlər də öz həllini tapacaq.
-Belə bir fikir var ki, bu günədək müxalifət
meydanlarda əzələ nümayiş edirirdi deyə hakimiyyət müdafiə olunurdu, amma elə
ki, meydanlar boşalmağa başladı, hakimiyyət müxalifəti küncə sıxmağa başladı.
-Bizim sənədimizdə də üçlü düstur deyilən bir
prinsip ehtiva olunub. Yəni eyni zamanda intellektual və mənəvi sahədə fəallaşmaq,
siyasi və hüquqi sahədə fəallaşmaq və üçüncüsü də meydanlarda fəallaşmaq qarşıya
məqsəd qoyulub. Bunların hər üçü eyni zamanda həyata keçirilməlidir bizcə, yalnız
o halda biz uğura imza ata bilərik. Yeri gəlmişkən, toplantıda çox maraqlı
ideyalar da ifadə olundu. Mən ölkədə milli siyasi barışığın olmasını, dialoq
mühitinin yaradılmasını da çox vacib hesab edirəm. Biz burda da elan etdik, bir
tərəfdən 2018-ci ilə qədər dövrü əhatə edən bir konseptual demokratikləşmə sənədinin
hazırlanması nəzərdə tutulur. Bu işlə məşğul olan bir qrup olacaq. İkincisi,
referendumla bağlı qrupun yaradılması və bu işə başlanılması nəzərdə tutulur.
Mitinq komitəsinin də yaradılması məsələsi də, aksiyaların keçirilməsi də gündəmə
gələcək. Bunlar normal, dinc demokratik fəaliyyətlə bağlı olan məsələlərdir. Mənə
elə gəlir ki, zaman da gəlib çatıb, zərurət də bundan ibarətdir ki, siyasi
partiyalar bunu öz üzərinə götürsünlər. Burda hücum və ya müdafiə məsələləri də
şərtidir. Bəzən ən yaxşı müdafiə ən yaxşı hücum sayılır və ya əksinə. Sözün
doğrusu, mən bu terminləri indiki situasiyaya şamil etməzdim. Amma fəallaşmaq
lazımdır və hesab edirəm ki, sonda bu gün müdafiə olunanlar və sabahkı
hücumçular qalib gələcək...”



































































































