İlham Əliyev: “Regionda nəhəng geosiyasi dəyişiklik baş verib"

Hazırda oxunan: İlham Əliyev: “Regionda nəhəng geosiyasi dəyişiklik baş verib"

55194

"Torpaqlarımızın işğaldan azad olunması indi ölkə üçün yeni imkan, regionda nəhəng geosiyasi dəyişiklikdir".

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Cənab nazir, bir daha xoş gəlmisiniz. Mən həqiqətən çox məmnunam ki, siz gəlib bizim ölkəmiz, tərəfdaşlığımız, qardaşlıq münasibətlərimiz üçün mühüm olan bu tədbirdə iştirak etməyə vaxt tapmısınız.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Avropanın qaz böhranına düçar olmasının SƏBƏBİNİ açıqladı - VİDEO


Bir daha sizdən Əlahəzrət Krala və Əlahəzrət vəliəhd şahzadəyə ən xoş salamlarımı çatdırmağı xahiş etmək istərdim. Mən sizin ölkənin rəhbərləri ilə görüşlərimi və qardaş Səudiyyə Ərəbistanına çoxsaylı səfərlərim zamanı mənə göstərilən böyük qonaqpərvərliyi xatırlayıram.

Çıxışımda qeyd etdiyim kimi, işğal illərində Səudiyyə Ərəbistanının Azərbaycana göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımı bildirmək istərdim.

Biz bunu həqiqətən də yüksək qiymətləndiririk və əsl qardaşlıq, həmrəylik göstəricisi və həqiqi dəstək göstəricisi hesab edirik. Əlbəttə ki, bizim beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında torpaqlarımızın işğalı ilə bağlı ədalətin bərpasına yönəlmiş birgə səylərimiz Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Torpaqlarımızın işğaldan azad olunması indi ölkə üçün yeni imkan, regionda nəhəng geosiyasi dəyişiklikdir.

Bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz regional əməkdaşlıq, o cümlədən elektrik enerjisi istehsalı, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Mən artıq planlarımız, potensial barədə danışdım.

Hesab edirəm ki, biz artıq bu mühüm infrastruktur layihəsinin icrası zamanı gələcəyə baxaraq, nəhəng potensialımızdan istifadə edərək maksimal dərəcədə səylərimizin necə əlaqələndirilməsini nəzərdən keçirə bilərik. Çox şadam ki, bizim nazirlə sizin yaxın münasibətləriniz var. O, mənə OPEC+ formatında və ikitərəfli əlaqələr sahəsində sizin təmaslarınız haqqında müntəzəm olaraq məlumat verir", - dövlət başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin