"Mən şadam ki, bizim bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investoru qardaş Səudiyyə Ərəbistanının şirkətidir. Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri vardır. Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq".
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində bildirib.
MÖVZU İLƏ BAĞLI:
"Bizim sözümüz imzamız qədər qiymətlidir" – İlham Əliyev
"Mən Səudiyyə Ərəbistanı Krallığına səfərlərimi böyük məmnuniyyətlə xatırlayıram. Kral həzrətləri, Vəliəhd həzrətləri ilə keçirdiyim görüşlər bir daha bizim aramızdakı dostluq və qardaşlığın təzahürüdür. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır.
Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.
Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edirik. Pandemiyaya qədər Səudiyyə Ərəbistanından gələn turistlərin sayı ildən-ilə artırdı. Ümid edirəm ki, pandemiya başa çatandan sonra biz yenə də Səudiyyə Ərəbistanının vətəndaşlarını, öz qardaşlarımızı Azərbaycanda görəcəyik", - dövlət başçısı bildirib.
Bizim.Media