“Qazaxıstanda baş vermiş son faciəli hadisələr fonunda, ölkə prezidentinin müraciəti əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlı missiyasını həyata keçirməyə başlayıb.
Bu missiyaya ilk növbədə ölkədə sabitliyin təmin edilməsi, təhülkəsizlik mühitinin yaradılması daxildir.
KTMT rəhbərliyinin mövqeyi bu cür olub ki, onları Qazaxıstana gətirən səbəblər aradan qalxdıqdan sonra, qoşunların ölkədən çıxarılması mümkündür. Ən son məlumatlara görə, bəli, ölkədə sabitləşmə gedir. Ancaq təhlükənin nə dərəcədə aradan qaldırılması ilə bağlı suala cavab vermək çətindir və bu reallıq fonunda Qazaxıstan Prezidenti daha optimistdir.
O, hətta iki gün ərzində KTMT qüvvələrinin ölkəni tərk edəcəyi ilə bağlı bəyanat verir.
Amma hərbi-siyasi təşkilatın açıqlamalarında hər hansı tarix göstərilmir. KTMT rəhbərliyi ölkədə nə vaxt təhlükəsizlik mühiti təmin olunacaqsa, o zaman ölkəni tərk edəcəkləri ilə bağlı fikirlər səsləndirilməkdədir”.
MÖVZU İLƏ BAĞLI:
KTMT-nin Qazaxıstandakı missiyası başa çatdı - Yanvarın 13-də ölkədən çıxırlar - VİDEO
Bu fikirləri millət vəkili Elman Nəsirov Qazaxıstanda baş verən məlum olayları Bizim.Media üçün şərh edərkən qeyd edib.
Belə ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Rusiya müdafiə naziri Sergey Şoyqunun KTMT qoşunlarının ölkəni tərk edəcəyi vaxtla bağlı açıqlamalarındakı uyğunsuzluğu şərh edən deputat fikirlərini bu cür davam etdirib:
“Bu müəyyən mənada Qazaxıstan hökuməti və KTMT rəhbərliyi arasında koordinasiyanın müəyyən qədər zəifliyindənmi irəli gəlir, yoxsa burada digər səbəblərmi var? Bu suala cavab vermək hələlik bir qədər çətindir. Lakin istənilən halda, indiki situasiyada Qazaxıstanda formalaşmış ictimai fikir ondan ibarətdir ki, həyat öz əvvəlki axarına qayıtmaqdadır. Belə olan halda, hərbi-siyasi təşkilatın qüvvələrinin geri dönməsi haqqında da düşünməyə dəyər”
Murad Əhmədov, Bizim.Media