Azərbaycan Ermənistandan nə qədər təzminat tələb edə bilər? – ARAŞDIRMA 

Hazırda oxunan: Azərbaycan Ermənistandan nə qədər təzminat tələb edə bilər? – ARAŞDIRMA 

54782

Ermənistanın Azərbaycan ərazilərinə 30 ilə yaxın davam edən təcavüzü nəticəsində, işğala məruz qalan ərazilərimizə külli miqdarda ziyan vurulub.

Ziyanın miqdarının hesablanması ilə bağlı fikirlər isə müxtəlifdir.

Belə ki, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, BMT və Dünya Bankının zərərin hesablanması üçün xüsusi metodologiyası var.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni kilsəsinin DİASPOR PLANI – 2022-ci ildə hansı təxribatlar gözlənilir?


Buna uyğun olaraq 4 mühüm istiqamət müəyyənləşdirilib:

1. Əmlak və infrasturktura dəyən ziyan;

2. İnsanların həyatını itirməsi qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi nəticəsində dəyən ziyan;

3. İqtisadi nəticələrdən doğan ziyan;

4. İnsan kapitalına vurulan ziyan.

Praktiki olaraq, Ermənistanın işğalı zamanı hər 4 istiqamət üzrə ziyan dəyib. Deputatın sözlərinə görə, dəymiş ziyanın həcmi yüz milyardlarla dollar həcmindədir.

Onu da qeyd edək ki, 1995-96-cı illərdə BMT tərəfindən aparılan araşdırmaya əsasən, işğal nəticəsində vurulmuş zərərin 55-60 milyard dollar həcmində olduğu hesablanıb.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizə, onun vətəndaşlarına vurulan maddi və mənəvi zərərlərin müəyyən edilməsi, itki və tələfatın qiymətləndirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu yaradılıb.

İşçi Qrupunun 2014-cü ilə olan hesabatın əsasən isə, vurulan ziyanın həcmi 818,88 milyard dollardır.

2016-cı ildə İşçi Qrupun verdiyi hesabata görə isə, işğal olunmuş ərazilərdə ətraf mühitə və təbii sərvətlərə vurulan zərərin həcmi 265 milyard dollardır.
 

Onu da qeyd edək ki, 44 günlük müharibədən sonra da ziyanın hesablanması ilə bağlı işlərin getdiyi bildirilir. Xüsusilə də, hesablamaların daha dəqiq və detallı aparılması üçün xarici mütəxəssislərin də işə cəlb olunduğu qeyd olunur.


Xatırladaq ki, 2020-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

Komissiyanın hesablamalarına görə, 44 gün ərzində Ermənistanın törətdiyi hərbi cinayətləri nəticəsində vurulan zərərin miqdarı 91 milyon manat miqdarında müəyyən olunub.

Bundan əlavə, Azərbaycanın dəymiş zərərin hesablanmasından sonra təzminat tələb etmək üçün beynəlxalq məhkəmələrə müraciət etmək hüququ da var. Sözügedən məsələ ilə bağlı dünya praktikasında presedentlər də var. Belə ki, 2-ci Dünya Müharibəsi, Yuqoslaviya müharibəsi, Körfəz müharibəsindən sonra bu cür təzminatlar təyin olunub və onların mütləq əksəriyyəti zərərçəkən tərəfə ödənilib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin