Gürcüstanın “3+3”dən imtina səbəbləri Rusiya deyil? – Detallar haqqında ÖZƏL SÖHBƏT

Hazırda oxunan: Gürcüstanın “3+3”dən imtina səbəbləri Rusiya deyil? – Detallar haqqında ÖZƏL SÖHBƏT

54289

Yanvarın 6-da Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov “3+3” platforması çərçivəsində növbəti görüşlə bağlı razılığa gəliblər. Mövzunu şərh edən millət vəkili Elşad Mirbəşiroğlu sözügedən platformanın Azərbaycanla yanaşı, Türkiyə və Rusiya tərəfindən də dəstəkləndiyini xatırladıb. Həm də “3+3” Azərbaycanla Türkiyənin birgə təşəbüsüdür.

Əməkdaşlıq platforması Cənubi Qafqazda təhlükəsizlik tədbirlərinin etibarlı görünməsini şərtləndirməkdədir:

“Bu baxımdan, Rusiya da özünün cənub sərhədlərində etibarlı təhlükəsizlik sisteminin olmasında maraqlıdır. Ən sınanmış yol isə əməkdaşlığın qurulmasıdır. Türkiyə və Rusiya arasında bu istiqamətdə aparılan intensiv müzakirələr ona dəlalət edir ki, “3+3” əməkdaşlıq platforması bütövlükdə region ölkələrinin maraqlarına cavab verir. Təbii ki, bəzi region ölkələrinin fərqli maraqları da ola bilər”.

Bizim.Media ilə eksklüziv müsahibə zamanı deputat bildirib ki, “3+3” platformasına görə, bölgə dövlətlərindən hansısa hazırda mövcud olan müəyyən imkanlarından məhrum olmasından ehtiyatlana bilər. Bu mənada Gürcüstanın adını çəkmək olar. 

⦁ Elə əsas sualımız da Gürcüstan aiddir...

“Düşünürəm ki, Gürcüstanın fərqli mövqeyini şərtləndirən əsas amil hazırda malik olduğu tranzit üstünlüklərinin bir hissəsindən məhrum olması ilə bağlıdır. Çünki hazırda Türkiyə-Azərbaycan əlaqələrinin qurulmasında, Rusiya-Ermənistan arasında kommunikasiyanın təmin olunmasında Gürcüstanın aparıcı rolu var. Tbilisi bu imkanları əlində tam saxlamaqda maraqlıdır. Bu da başa düşüləndir. Çünki tranzit imkanları əlavə siyasi güc və iqtisadi gəlir verir. Gürcüstan iqtisadiyyatında isə tranzit imkanları təsirli rol oynamaqdadır.
 

Amma düşünürəm ki, Gürcüstan fərqli bucaqdan da baxıb bu platformanı dəstəkləyə bilər və dəstəkləyəcək. Yəni, “3+3” Gürcüstanın iqtisadi imkanlarını genişləndirəcək”. 


⦁ Sözügedən formatda Türkiyədə baş tutan görüşə Gürcüstanın da qatılacağı proqnozlaşdırılsa da, bu baş vermədi. Amma siz yenə də Tbilisinin “3+3”ü dəstəkləyəcəyini deyirsiniz. 

“Bəzi siyasi məsələlərə rəğmən Gürcüstan “altılıq” platformasına qoşulacaq. Sadəcə olaraq, Gürcüstan bugünkü mövqeyini fərqli tərzdə izah edir.

Yəni səbəbləri birbaşa iqtisadi maraqlarla əlaqələndirmir. Lakin “3+3” vacib platformadır. Bunu dəstəkləyənlər kifayət qədər təsirli ölkələrdir. Gürcüstan Rusiya ilə əməkdaşlığa çox böyük önəm verir. Həmçinin, Prezident İlham Əliyevin yaxından iştirakı və təşəbbüsləri ilə Azərbaycan, Türkiyə, Gürcüstan arasında əməkdaşlığın xarakteri əhəmiyyətli dərəcədə yeni, pozitiv elementlər alıb. Bu baxımdan, Gürcüstan Türkiyənin də mövqeyinə hörmətlə yanaşacaq.
 

Çünki Ankara və Tbilisi arasında kifayət qədər sıx iqtisadi əlaqələr mövcuddur. Elə bu münasibətlərdən çıxış edərək Gürcüstan “3+3” platformasının gerçəkləşməsində öz mövqeyinə yenidən baxmalı olacaq”. 


⦁ Ötənlərdə Nino Burcanadzedən müsahibə alarkən Gürcüstanın eks spikeri də bildirdi ki, Tbilisi-Moskva münasibətlərinin tənzimlənməsində ən yaxşı vasitəçi Bakı ilə Ankara ola bilər. Hazırkı vəziyyətdə Gürcüstanın “3+3”dəki iştirakını gecikdirməsi ölkəyə Saakaşvilinin qayıdışı, daxili auditoriyanı, müxalifəti qıcıqlandırmamaq kimi də yozulur. 

“Məsələ burasındadır ki, “3+3” platformasının Gürcüstan üçün əhəmiyyətini ən azından cəmiyyətə izah etməyə cəhd lazımdır.

Əməkdaşlıq platformasının üstün cəhətləri əhaliyə düzgün izah olunarsa, fərqli düşüncəyə malik düşərgənin hakimiyyətə qarşı iddia və iradları qalmayacaq. Bu, Gürcüstan üçün ümumilli əhəmiyyət kəsb edəcək. Amma Gürcüstanın indiki yanaşması əlindən çıxa biləcək tranzit imkanları üzərindədir”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin