Bazar günü, 2 yanvar 2022-ci ildə Qazaxıstanın Mangistau vilayətində başlayan etirazlar qısa müddət ərzində bütün ölkəyə yayılıb. Maye qazın qiymətlərindəki artıma etiraz edən əhali küçələrə axışıb. Qazaxıstan hökümətinin qiymət artımı ilə bağlı geri addım atması da etirazları səngitməyib. Bəzi şəhər və qəsəbələrdə ciddi toqquşmalarla yadda qalan etirazlar yanvarın 5-də Qazaxıstan hökümətinin istefaya getməsi ilə nəticələnib. Lakin etirazlar hələ də səngimək bilmir.
Baş verən etirazlar hər nə qədər sosial xarakterli görünsə də prosesin arxasında maraqlı tərəflərin ola biləcəyi istisna edilmir. Belə ki, son on illikdə post-sovet ölkələri içərisində Qazaxıstanın önəmli rolu bir sıra analitik çevrələr tərəfindən vurğulanırdı. Xüsusilə, 2010-cu ildə Qırğızıstanda başlanan inqilab dalğasının bütün Orta Asiyaya yayılacağı və regionun Rusiyanın satellitindən tədricən uzaqlaşacağı ehtimal edilirdi.
MÖVZU İLƏ BAĞLI:
Qazaxıstan hadisələrində kimin əli var? - Fazil Mustafanın ŞƏRHİ
Keçən 10 il ərzində Qazaxıstanın xarici siyasət kursunda ciddi dəyişiklik müşahidə olunmasa da ölkə mədəni olaraq Rusiya hegemonluğundan uzaqlaşmağa başladı.
İlk olaraq, ölkədə rus dili ilə yanaşı qazax dilinin də mövqelərinin gücləndirilməsi, milli mədəniyyətin inkişafına yönəlik tədbirlər həyata keçirildi. Zaman-zaman dilə gətirilən əlifba islahatı və latın qrafikasına keçidlə bağlı müzakirələr də bu keçidin önəmli nüansları idi.
Rusiyadan uzaqlaşmaq cəhdləri ilə yanaşı Qazaxıstan regiondakı geosiyasi reallıqların da fərqindədir. Bu səbəbdən Rusiya əvəzinə Avropa və Qərbə inteqrasiya yolunun Qazaxıstana çox böyük zərər vuracağı ehtimalı yüksəkdir.
Lakin Qazaxıstan həm də Türk Dövlətlər Birliyinin önəmli güclərindən biridir və türk dünyasına daha sürətli inteqrasiya Qazaxıstanın müstəqil regional siyasət yürütməsi üçün olduqca əhəmiyyətlidir.
Başda Türkiyə və Azərbaycan olmaqla Türk dövlətləri ilə əlaqələrin genişlənməsi, tarixi və mədəni bağların yenidən inşası Qazaxıstan üçün önəmli prioritet hesab oluna bilər.
Lakin “Türk birliyi” anlayışı Rusiya və hətta Çin üçün əzəldən bəri şüuraltı səviyyədəki təhdid obyektinə çevrilib.
Regionda yeni gücün formalaşmasını və bu gücün “Türk” kimliyi üzərində inşa edilməsini qəbul etmək istəməyən qüvvələr də az deyil. Məsələn, Rusiya Qazaxıstanı sadəcə öz peyki kimi görməkdə israr edir və güclənən “türklük” anlayışını, eynilə Qərbin özü qədər təhlükəli hesab edir. Çin isə yeni birliyin Sintizyan-Uyğur bölgəsindəki gələcək separatçı fəaliyyətlərə təkan verəcəyindən narahatdır.
Qazaxıstanda baş verən hadisələrə bu mövqedən baxdığımızda sanki bütün daşlar öz yerinə oturur. Bir tərəfdən, Prezident Tokayevə gələcək fəaliyyətini daha dəqiq vektorlar əsasında qurmaq və növbəti addımları müəyyən etmək üçün ip ucları göstərilir. Digər tərəfdən isə Türk dünyasının ən güclü dövlətlərindən və Türk Birliyinin aparıcı simalarından olan Qazaxıstanı sıradan çıxarmaq cəhdləri açıq aydın sezilir. Çünki proseslərin belə qısa müddətdə bütün ölkə miqyasında yayılması daxildəki məmur dəstəyi olmadan həyata keçirilə bilməzdi.
Qazaxıstanı yaxşı tanıyanlar bilir ki, qazaxlar çətin xarakterli, amma sabitliyi qorumağa meyilli insanlardır. Deməli, proses sadəcə qazın qiymətinin qaldırılmasında deyil.
Ortada daha böyük və uzunmüddətli maraqlar mübarizəsi var. Unutmaq lazım deyil ki, Türk dünyasının bir hissəsi olan müstəqil Qazaxıstan Rusiyanın Avrasiyadakı maraqları üçün əsas faktordur - hətta tanınmış ABŞ siyasi xadimi Z.Bjezinskinin sözləri ilə desək “Heartland”ın (“Avrasiyanın ürəyinin”) tam mərkəzidir.
Rəvan Əliyev, Bizim.Media