Türkiyə Cənubi Qafqaz siyasətini dəyişir? – Professordan ŞƏRH

Hazırda oxunan: Türkiyə Cənubi Qafqaz siyasətini dəyişir? – Professordan ŞƏRH

53953

2022-ci ilin əvvəllərində Türkiyə tərəfinin Cənubi Qafqazla bağlı məsələlərə xüsusi diqqət ayırdığı nümayiş olunur.

Belə ki, Türkiyə rəsmilərinin açıqlamalarında və digər ölkə nümayəndələri ilə müzakirələrdə bu meyl özünü aydın şəkildə büruzə verir.
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstan hadisələrində kimin əli var? - Fazil Mustafanın ŞƏRHİ


1. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında yanvarın 2-də baş tutan telefon danışığında;

2. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığında;

3. Türkiyə müdafiə naziri Hulusi Akarın yanvarın 3-də mətbuata verdiyi açıqlamasında.

Rəsmi Ankaranın birdən-birə bu cür aktivlik nümayiş etdirməsi isə müəyyən sualların yaranmasına səbəb olub.

Həmin sualları Bizim.Media üçün cavablandıran siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev ilk öncə, Türkiyənin regional proseslərdə aktivlik nümayiş etdirməsi ilə bağlı müşahidələrini bölüşüb:

“Sözsüz ki, Türkiyə daha əvvəl birgə monitorinq mərkəzinin fəaliyyətindəki görünməməzliyin aradan qaldırılması ilə bağlı da müzakirələr aparıb. Belə ki, rəsmi Ankara Mərkəzin daha aktiv fəaliyyət göstərməsində maraqlı olduğunu nümayiş etdirib. Bu gün Türkiyə, həm Qərb, həm də Rusiya ilə əməkdaşlıq etməklə müəyyən qədər tarazlaşdırıcı rol da oynayır. Bundan əlavə, Türkiyənin Cənubi Qafqazda gedən proseslərdə iştirakı 44 günlük müharibədən sonrası rəsmiləşmiş oldu. Türkiyə regionda Azərbaycanın iri müttəfiqi kimi çıxış edir. İstənilən halda post müharibə dönəmində aparılan müzakirələr rəsmi Ankara ilə məsləhətləşmələr fonunda aparılır”.

Ekspertin fikrincə, Türkiyə danışıqlarda iştirak etməsə belə, birbaşa olaraq prosesin içərsindədir.

“Həm Rusiya, həm Azərbaycan danışıqlar prosesinin gedişatı ilə bağlı Ankaranı məlumatlandırır və mövqelərini onunla razılaşdırır”, - deyə professor qeyd edib.

Ramiz Sevdimalıyev Türkiyənin aktivliyindən doğan nəticələri də diqqətə çatdırıb: 

“Türkiyə qlobal müstəvidə Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələrdə də iştirak edir. Yadınızdadırsa, 2021-ci ilin sentyabrında ABŞ və Türkiyə prezidentlərinin görüşündə, eyni zamanda xarici işlər nazirlərinin telefon danışıqlarında həmişə Cənubi Qafqaz müzakirə predmeti olub.

Buradan iki nəticə çıxarmaq olar:

1. Türkiyə regional proseslərdə birbaşa iştirakçıdır.

2. Cənubi Qafqazda Ankara rəsmi Bakının mövqeyi nöqteyi-nəzərindən dünya ictimaiyyətini məlumatlandırır və öz aktivliyini artırır.
 

- Bildiyiniz kimi, Türkiyə Müdafiə Naziri Hulusi Akar son açıqlamasında, Azərbaycanla Ermənistan arasında dəhlizlər məsələsi ilə bağlı müzakirələrin aparıldığına da işarə etmişdi.


Necə düşünürsünüz, bu açıqlamanı Türkiyənin regional kommunikasiyaların açılmasıyla bağlı danışıqlarda iştirak etmək niyyətinin göstəricisi kimi şərh edə bilərikmi?

“Xeyr, məsələ burasındadır ki, hal-hazırda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də işlər aparılır. Lakin Ankara-İrəvan əlaqələrinin normallaşması birbaşa rəsmi Bakıdan asılıdır. Türkiyə bu məsələdə Azərbaycanla məsləhətləşir. O ki qaldı Zəngəzur dəhlizinə, dəmir yolu xətlərinin açılması ilə bağlı danışıqlar zamanı razılaşma əldə olunub. Lakin Zəngəzur dəhlizi avtomobil yollarının bərpasını da nəzərdə tutur. Bununla bağlı danışıqlar davam edir. Koridorun açılması isə bütün region ölkələrinin marağındadır. Türkiyə tərəfi də danışıqlar prosesində yox, dəhlizin açılmasında maraqlı olduğunu qabartmaq istəyir”.

Ramiz Sevdimalıyev, son olaraq Rəsmi Ankaranın dəhliz ətrafında davam edən prosesləri diqqətlə izlədiyini və Azərbaycanla mütəmadi məsləhətləşmələr apardığını da sözlərinə əlavə edib.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin