ABŞ İrana hücum etməkdən niyə çəkinir? – URAN BÖHRANININ dünyanı parçalamaq TƏHLÜKƏSİ  

Hazırda oxunan: ABŞ İrana hücum etməkdən niyə çəkinir? – URAN BÖHRANININ dünyanı parçalamaq TƏHLÜKƏSİ  

53036

Uzun illərdir İranı sanksiyalarla üz-üzə qoyan uranın zənginləşdirilməsi məsələsi son aylarda yenidən gündəmə gəlib. Qərb və Tehranı düşmənə çevirən nüvə probleminin danışıqlar sferasında müəyyən uğurlar müşahidə olunmaqdadır.

Lakin problemin əsas qeyri-müəyyən tərəfi danışıqlarla bağlı tərəflərin sərgilədiyi mövqeyin üst-üstə düşməməsidir. Xüsusilə də, rəsmilərin açıqlamaları arasında ziddiyyətlər diqqət çəkir.
 

MÖVZU İLƏ BAĞLI:

İrandan ABŞ və Avropaya XƏBƏRDARLIQ – “Bu fürsət həmişəlik deyil”


Qeyd edək ki, İranın nüvə danışıqları çərçivəsində müzakirələr noyabrın 29-da 5 aylıq fasilədən sonra yenidən start götürüb. Danışıqlarda son mərhələ isə, dekabrın 27-də öz işinə başlayıb.

Bu dəfəki danışıqları əvvəlkilərdən nisbətən fərqli qılan əsas detal isə, İranın danışıqlara ciddi maraq göstərməsidir. Belə ki, davam edən danışıqlarda rəsmi Tehran mütəmadi olaraq, dialoqda və razılaşmada maraqlı olduğunu dilə gətirir. Bir sıra Avropa ölkələrinin mövqeyi də Tehranla eynilik təşkil edir.

Xüsusilə də, danışıqların iştirakçısı olan Almaniya, Fransa və Böyük Britaniya danışıqlarda texniki tərəqqinin əldə olunduğunu bildiriblər.

ABŞ isə Baydenin hakimiyyəti dönəmində müşahidə olunan İrana qarşı aqressiv siyasətindən imtina etmək niyyətində deyil. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vyana danışıqları ilə bağlı son açıqlamasında İranın proqrama yanaşmasının konstruktiv olmadığını və prosesin aşağı templə inkişafının qəbuledilməz olduğunu bildirib.

Vaşinqtondan fərqli olaraq İranın strateji tərəfdaşları və Vyana danışıqlarının digər iki subyekti olan Çin və Rusiya, müzakirələrdə İranın sərgilədiyi yumşalmanı böyük uğur kimi dəyərləndirirlər. Rusiyanın nüvə danışıqlarındakı təmsilçisi Mixayil Ulyanov tvitter hesabından yazdığı statusda “Biz təkzibedilməz irəliləyiş müşahidə edirik. Danışıqlarda sanksiyaların ləğvi qeyri-rəsmi şəraitdə fəal müzakirə olunur”, qeyd edib.

İndiki situasiyada, İran ABŞ üçün 3 başlıca düşməndən biri hesab olunur. Lakin Tehrana qarşı sərgilənən mövqe cənub qonşumuzun Vaşinqtonun digər iki əsas rəqibi olan Çin və Rusiya ilə yaxınlaşmasına səbəb oldu. İndi isə, Qərb mətbuatının iddialarına görə, İranın nüvə proqramının əsas texniki dəstəkçiləri məhz Çin və Rusiyadır.
 

Bütün baş verənlərə və açıqlamalara nəzər saldıqda onu görə bilərik ki, İran tərəfi nüvə proqramı ilə bağlı dialoqa əvvəlki illərdən daha çox maraq göstərir.


Bu isə, bir neçə ay öncəki proqnozlarla üst-üstə düşmür. Belə ki, İbrahim Rəisi hakimiyyətə gəldiyi vaxt, əksər ekspertlər İran xarici siyasətində daha mühafizəkar mövqeyin ortaya qoyulacağını ehtimal edirdi. Lakin proseslər əksinə cərəyan etdi və İran bu gün danışıqlar prosesində fəallıq nümayiş etdirir. 

Bunun əsas səbib isə, İranın regional və beynəlxalq ticarətdə rolunun günbəgün daha çox hiss olunmasıdır. Xüsusilə də, Çin-Avropa marştutu üzrə mühüm strateji mövqedə yerləşən ölkənin sanksiyalardan yaxa qurtarması üçün nüvə danışıqlarında irəliləyiş əldə etməsi önəmlidir.

Bunun əksinə olaraq, ABŞ İranın bu marağına qarşı çıxış etmək mövqeyində qəti görünür. Səbəblər isə bəllidir.

1. Yaxın Şərqdə növbəti dağıdıcı güc Ağ Evin regiondakı nüfuzunu xeyli azaldacaq.

2. İranın danışıqlarda uğur qazanması Şərq ölkələrinin iqtisadi gücünü və təsir imkanlarını artıracaq ki, bu da Vaşinqtonun 3 böyük rəqibi arasında bağların güclənməsi, eyni zamanda Avropa ilə bağlarının möhkəmlənməsi deməkdir. Avropa ölkələrində isə, ABŞ-ın Rusiya və Çinə qarşı radikal mövqeyinin paylaşılmadığı onsuzda son dönəmlərdə daha qabarıq hiss olunmağa başlayıb.

3. Son olaraqsa, İranın uğur qazanması ABŞ-ın təkqütbül dünya ideyasına dağıdıcı zərbə vuracaq və son dönəmlərdə ətrafında ciddi müzakirələr gedən Qərbin diqtəsindən azad olan Avrasiya modeli 21-ci əsrin Soyuq Savaşında Ağ Evin əsas rəqibinə çevriləcək.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin