Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyi ilə bağlı Meksika, Ekvador, Argentina, Uruqvay, Honduras, Puerto-Riko, Nikaraqua, Kosta-Rika, Çili, Peru, Venesuella mediasında "Qafqazın ən böyük Respublikasının Prezidentinin 60 yaşı tamam olur” başlıqlı məqalə dərc edilmişdir.
Məqalədə İlham Əliyevin xalq arasında niyə rəğbət qazandığı 10 maddə üzrə təhlil edilmişdir. Məqalənin azərbaycan dilində tərcüməsini sizə təqdim edirik.
Qafqazın ən böyük Respublikasının Prezidentinin 60 yaşı tamam olur
Xalqın İlham Əliyevi sevməyinin 10 səbəbi
1. Xalqın Prezidenti. Prezident İlham Əliyevin siyasi kursunun mərkəzində hüquq və mənafeyi dövlətin ali dəyəri elan edilmiş Azərbaycan xalqı dayanır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial dövlət modeli Azərbaycan xalqının layiqli həyat səviyyəsinə uyğun yaşamağına nail olmaq üçün sosial bərabərlik və ədalət prinsipləri əsasında qurulmuşdur. İlham Əliyevin rəhbərliyi ilə dövlət sosial proqramlarının səmərəli icrası nəticəsində hər bir azərbaycanlının yüksək həyat səviyyəsi, sosial təminatı, özünü tam reallaşdırması üçün əlverişli şərait təmin edilmişdir. Bu siyasətin səmərəliliyinin mühüm göstəricilərindən biri də 2021-ci ildə Azərbaycanda yoxsulluq səviyyəsinin 5%-ə, o cümlədən işsizliyin səviyyəsinin 6%-ə qədər rekord səviyyəyə enməsinə nail olunmasıdır.
2. Prezidentin adı - "müasir Azərbaycan” ifadəsinin sinonimidir. Şübhəsiz ki, Azərbaycanın müasir siması onun istedadlı və müdrik rəhbəri İlham Əliyev dühasının nəticəsidir. Xalqın ona olan ümidlərini, eləcə də yüksək etimadını və məhəbbətini doğrultmuş Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkənin inkişaf etmiş bütün sahələrində, o cümlədən, bu gün həqiqətən də intibahın müşahidə olunduğu iqtisadi, siyasi, sosial və mədəni sahələrdə dövlətimizin başçısı tərəfindən həyata keçirilmiş genişmiqyaslı islahatları ləyaqətlə davam etdirmişdir və bütün bunlar ölkənin adını onun görkəmli liderinin adı ilə möhkəm bağlayır. Azərbaycan xalqının layiqli oğlu İlham Əliyev bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qəhrəman və sülhpərvər, eyni zamanda, mərd və fədakardır, öz ata-baba torpaqlarını geri qaytarmağa, 30 il görməzdən gəlinən tarixi ədaləti bərpa etməyə qadirdir. Prezident İlham Əliyev Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə onilliklər ərzində beynəlxalq təşkilatlar tərəfindən yerinə yetirilməyən öhdəlikləri həyata keçirməyə qadir olan Azərbaycan xalqının ruh gücünü və şanlı Azərbaycan Ordusunun şücaətini bütün dünyaya nümayiş etdirmişdir. Məhz Prezident İlham Əliyev lider kimi bütün dünyaya sübut etdi ki, hər kəs onun ölkəsinin maraqları ilə hesablaşmalıdır. Məhz Prezident İlham Əliyevin səyləri sayəsində müasir Azərbaycan inkişaf etmiş iqtisadiyyata, sağlam siyasi, sosial və biznes mühitinə malik dünya tərəfindən tanınan dövlətdir. Ölkənin iqtisadi inkişafının yüksək səviyyəsi həm Azərbaycan xalqının rifahında, həm də ölkənin beynəlxalq arenadakı reytinqində özünü göstərir. Belə ki, "Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini "Ba2” səviyyəsində təsdiqləyib, onun proqnozu üzrə vəziyyət "stabil”dən "müsbət”ə dəyişdirilib ki, bu da ölkədə kredit profilinin sabitliyini artırmaq imkanının və həyata keçirilən siyasətin səmərəliliyinin göstəricisidir. Bundan əlavə, Heritage Foundation tərəfindən tərtib edilən İqtisadi Azadlıq İndeksi üzrə 2021-də Azərbaycan 6 pillə yüksələrək, Belçika və İspaniyadan sonra 38-ci yerdə qərarlaşıb. Dünya Bankının hazırladığı "Doing Business” hesabatında da Azərbaycanın mövqeyi ildən-ilə yaxşılaşır.
3. Sülh və Qonşuluq Siyasəti Elçisi.Ölkəsinin milli maraqlarını, o cümlədən mehriban qonşuluq, dinc yanaşı yaşamaq və bərabərhüquqlu əməkdaşlıq prinsiplərini rəhbər tutan Prezident İlham Əliyev Azərbaycan Respublikasının çoxvektorlu xarici siyasətini ulu öndərin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin izi ilə uğurla həyata keçirir. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra tamhüquqlu subyekt kimi bütün aparıcı beynəlxalq hökumətlərarası təşkilatların- BMT, ATƏT, MDB və s.-nin üzvü olmuşdur. Qeyd edək ki, Azərbaycan Respublikası Avropa Şurasının və İslam Dünyası ölkələrini öz platformasında birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür. Bu siyasətin müdrikliyi və praqmatizmi Azərbaycanın hərbi ittifaqlarda təmsil olunmamasında, bloklu qarşıdurmaya deyil çoxtərəfli əməkdaşlığa üstünlük verməsində özünü göstərir ki, bunu Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması sübut edir. İlham Əliyevin xarici siyasətində sülh siyasətinin məntiqi davamı kimi Azərbaycanın mədəni, idman və sosial təşəbbüsləri, o cümlədən "Bakı - 2015” ilk Avropa Oyunlarının, 2017-ci ildə İslam Oyunlarının keçirilməsi, eləcə də mədəniyyətlərarası və dinlərarası dialoq üzrə forumlar, onların çərçivəsində müasir beynəlxalq münasibətlərdə sülh, təhlükəsizlik və çoxtərəfliliyə çağırışlar eləcə də çoxsaylı humanitar yardımlar göstərilir.
4. Multikultural Azərbaycanın prezidenti. Multikulturalizm təkcə Prezident İlham Əliyevin uğurla həyata keçirilən dövlət siyasəti deyil, həm də bütün Azərbaycan xalqının həyat tərzidir. Prezidentin özünün də qeyd etdiyi kimi: "Xalqımız qədim zamanlardan tolerantlığı, başqa dinlərə və mədəniyyətlərə hörməti həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib”. Ölkə Prezidenti çoxmillətli Azərbaycan xalqının dini, mədəni və etnik mənsubiyyətini qoruyub saxlaması, firavan yaşaması, ölkə həyatında fəal iştirak etməsi üçün hər cür şərait yaradıb. İlham Əliyev tolerant Azərbaycan cəmiyyətində dinc yaşayan bütün xalqların Prezidentidir.
5. Azərbaycan gənclərinin prezidenti. Ümummilli lider Heydər Əliyevin dövlət gənclər siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinin səmərəli özünüdərk etməsinə, potensialının inkişafına və müasir Azərbaycanın mənafeyinə uyğun şəkildə tətbiqinə yönəlmiş genişmiqyaslı islahatlar həyata keçirir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycanlıların xaricdə tədrisi ilə bağlı xoş ənənə bu gün də azərbaycanlı tələbələrə dövlət vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsil almaq imkanı verən dövlət proqramları çərçivəsində davam etdirilir. Bundan başqa, gənc azərbaycanlı mütəxəssislər təhsillərini müvəffəqiyyətlə başa vurduqdan sonra vətənlərində işlə təmin olunaraq dövlət orqanlarında məsul vəzifələrdə işləmək imkanı əldə edirlər ki, bu da innovativ siyasətə arxalanan Prezident İlham Əliyevin uzaqgörən siyasətinin daha bir sübutudur.
6. Birinci xanım fenomeni. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası gender siyasətinin həyata keçirilməsində, qadınların hüquq və qanuni mənafelərinin müdafiəsində mühüm uğurlar əldə etmişdir. Bu müddət ərzində ölkə qadınların statusu və hüquqları ilə bağlı bir sıra əsas beynəlxalq konvensiyalara qoşulmuş və onları ratifikasiya etmişdir. Gender və ailə-demoqrafik siyasətdə bütöv institusional sistem formalaşdırılıb, Azərbaycan qadınının cəmiyyətdə layiqli yer tutmasına, icra, qanunvericilik və məhkəmə hakimiyyətlərində məsul vəzifələr tutmasına imkan verən qanunvericilik bazası yaradılıb. Şübhəsiz ki, bunun ilhamvericisi və ən bariz nümunəsi Azərbaycanın birinci xanımı, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva fenomenidir ki, onun təşəbbüsləri və genişmiqyaslı fəaliyyəti haqlı olaraq müasir Azərbaycanda sosial-humanitar və mədəni modernləşmənin hərəkətverici amili sayıla bilər.
7. Nümunəvi ailə başçısı. Məlumdur ki, Azərbaycan cəmiyyətində milli, o cümlədən ailə adət-ənənələri mühüm yer tutur. Bu baxımdan, Azərbaycan Prezidentinin ailəsi nümunəvi ailənin təcəssümü olmaqla Azərbaycan xalqının böyük sevgi və hörmətini qazanmışdır. Dövlət başçısının həyat yoldaşı uğurlu fəaliyyəti ilə, böyük qızı Leyla Əliyeva Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq (IDEA) ictimai birliyində həyata keçirdiyi mühüm ekoloji təşəbbüslərlə, kiçik qızı Arzu Əliyeva Bakı Media Mərkəzinin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə həyata keçirdiyi möhtəşəm və seçilən tədbirləri ilə, eləcə də digər çağırışçılarla birlikdə yenicə hərbi xidmət keçmiş oğlu Heydər Əliyev hər kəsə nümunədir.
8. Sadəlik insanın bəzəyidir. Yəqin ki, məhz bu aforizm Azərbaycan rəhbərinin həyat tərzini tam təsvir edir. Prezidentin doğum gününün ailə dairəsində sevimli həyat yoldaşının hazırladığı şənlik tortu ətrafında qeyd olunması, sevimli nəvələrinin iştirakı ilə hər il yeni il yolkasının bəzədilməsi buna bariz nümunədir. Eləcə də xalqı ilə sıx ünsiyyət, festivallardan, Azərbaycan vətəndaşları ilə görüşlərdən çoxsaylı selfilər azərbaycanlıları çox sevindirir, onlara sevimli Prezidenti ilə tam birlik hissi verir.
9. Dahi atanın layiqli oğlu. Müasir Azərbaycanın qurucusu, millətin xilaskarı, ümummilli lider Heydər Əliyev öz xalqına sonsuz məhəbbətini yaşayaraq, ona müdrik və istedadlı siyasətçi, vətənpərvər İlham Əliyevin simasında layiqli miras qoymuşdur. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ümummilli liderin Azərbaycan xalqına müraciətində dediyi sözlər azərbaycanlıların öz Prezidentinə ən yüksək inamının və səmimi məhəbbətinin əsasını təşkil etmişdir: "O, yüksək intellektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını yaxşı bilən, enerjili və təşəbbüskar şəxsiyyətdir. İnanıram ki, sona çatdıra bilmədiyim məsələlər, planlar, işlər İlham Əliyevin köməyi və dəstəyi ilə başa çatacaq. Mən ona özüm kimi inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm”. Bu gün baş verənlər Azərbaycan xalqının yaddaşında Vətən müharibəsində öz xalqını vahid bütövlükdə birləşdirən şanlı Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə ilə qalıb. Ümummilli liderin savadlı siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini erməni işğalçılarından azad edərək, tarixi ədaləti bərpa etdi və bununla da Azərbaycan xalqının görkəmli oğluna miras qalmış ulu ata vəsiyyətini yerinə yetirdi. İlham Əliyev böyük qələbə gözləyən azərbaycanlıların qəlbini əbədi fəth etməklə tarixə Qurtuluşçu Prezident kimi düşdü!
10. İlham Əliyev bütün region üçün sülh və təhlükəsizlik rəmzidir. 30 illik erməni işğalına son qoyan 44 günlük müharibə Azərbaycan ordusunun qüdrətini, Azərbaycan xalqının yenilməz ruhunu, öz Prezidentinin vahid qələbə və tarixi ədalətin bərpası ideyası ətrafında birləşdiyini nümayiş etdirdi. Düşməni dədə-baba torpaqlarımızdan qovaraq, Qarabağ münaqişəsinə son qoyan İlham Əliyev bütün regionda sülhün, sabitliyin və təhlükəsizliyin simvoluna çevrildi. Onun möhtəşəm iqtisadi inkişaf ideyaları yaxın gələcəkdə Zəngəzur dəhlizi kimi nəhəng nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsi ilə təmin ediləcəkdir. Qarabağın bərpası istiqamətində görülən işlər, dövlət proqramları və onların uğurla həyata keçirilməsi üçün ayrılan maliyyə vəsaitləri, o cümlədən xarici investorların bu istiqamətdə əməkdaşlığa cəlb edilməsi ilk heyranedici nəticələri ilə azərbaycanlıların qəlbini dərin qürur, fəxr və onların ata-baba yurdlarına qayıdış arzusunu həyata keçirən liderlərinə minnətdarlıq hissi ilə doldurur.
Meksika:
//expresionmexico.com/2021/12/17/presidente-de-republica-mas-extensa-del-caucaso-cumple-60-anos-razones-porque-su-gente-ama-a-ilham-aliyev/
//www.mipuntodevista.com.mx/el-presidente-de-la-republica-mas-extensa-del-caucaso-cumple-60-anos/
Ekvador:
//centroecuador.ec/el-presidente-de-la-republica-mas-extensa-del-caucaso-cumple-60-anos-10-razones-por-las-que-la-gente-ama-a-ilham-aliyev/
Argentina:
//municipalidadhoy.com.ar/internacional/3120-el-presidente-de-la-rep%C3%BAblica-m%C3%A1s-extensa-del-c%C3%A1ucaso-cumple-60-a%C3%B1os.html#.YcJaFb8KyNs.whatsapp
//fm929reddelacostamardelplata.com.ar/el-presidente-de-la-republica-mas-extensa-del-caucaso-cumple-60-anos-10-razones-por-las-que-la-gente-ama-a-ilham-aliyev/
//saltaradionox.com/2021/12/el-presidente-de-la-republica-mas-extensa-del-caucaso-cumple-60-anos/
Uruqvay:
//redcontactosur.blogspot.com/2021/12/el-presidente-de-la-republica-mas.html?m=1
Honduras:
//www.eldiariodehonduras.hn/index.php/internacionales/3189-el-presidente-de-la-republica-mas-extensa-del-caucaso-cumple-60-anos
Puerto - Riko:
//periodicoelsolpr.com/2021/12/22/azerbaiyan-ilham-aliyev-el-presidente-de-la-republica-mas-extensa-del-caucaso/
//www.claridadpuertorico.com/azerbaiyan-ilham-aliyev-el-presidente-de-la-republica-mas-extensa-del-caucaso/?amp
Nikaraqua:
//youtu.be/BAyTBgzMK4A
Kosta Rika:
//dmvcrc.blogspot.com/2021/12/el-presidente-de-la-republica-mas.html?m=1
Çili:
//nuestropais.cl/2021/12/22/azerbaiyan-ilham-aliyev-el-presidente-de-la-republica-mas-extensa-del-caucaso/
Peru:
//chaskillakta.lamula.pe/2021/12/23/azerbaiyan-ilham-aliyev-el-presidente-de-la-republica-mas-extensa-del-caucaso/oscar.a/
Venesuela:
//cuatrof.net/actualidad/10-razones-por-las-que-la-gente-ama-a-ilham-aliyev/
Bizim.Media