Razi Nurullayevdən regional paytaxtların yaradılması TƏKLİFİ – “Bəzi şəhərlər heç qəsəbə də deyil”

Hazırda oxunan: Razi Nurullayevdən regional paytaxtların yaradılması TƏKLİFİ – “Bəzi şəhərlər heç qəsəbə də deyil”

52142

Azərbaycanda bəzi inzibati rayonlar mərkəzləşdirilmiş sistemə keçməlidir. Bu təkliflə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Zakir Eminov çıxış edib. Onun fikrincə, əhalinin paytaxta axınının qarşısının alınması baxımından Bakı ilə rəqabət apara bilən regional şəhərlərin yaradılması zəruridir.

Məsələyə münasibətini öyrənmək üçün millət vəkili Razi Nurullayevlə əlaqə saxladıq.

Bizim.Media-ya özəl cavabının əvvəlində Milli Cəbhə Partiyasının sədri hazırda paytaxtın harasa köçürülməsi ilə razı olmadığını bildirib:

“Çünki bu gün Azərbaycanın xeyli sosial problemləri var. Paytaxtın köçürülməsi isə maliyyə yüklü prosesdir. O baxımdan paytaxt köçürülməsindən sui-istifadələr çoxalacaq. Büdcə pulları sovrulacaq, neft gəlirləri cəlb olunacaq və s. Təbii ki, əgər biz bunu Qüdrət Həsənquliyevin dediyi formada Ağdamda etsək, bu, bir az məqbul görünür. Ona görə ki, onsuz da Ağdam şəhəri yenidən tikilir. Amma məsələ burasındadır ki, indiki məqamda paytaxt üçün Ağdamı o qədər də əlverişli yer saymıram”.
 

MÖVZU İLƏ BAĞLI:

Partiya sədrləri paytaxtın Ağdama köçürülməsi təklifinə ETİRAZ etdilər - ÖZƏL


Bunu Razi Nurullayev Ağdamın postkonflikt zonaya aid olması və orada infrastrukturun olmaması ilə əlaqələndirib. Digər tərəfdən, deputat Azərbaycanda böyük şəhərlərin olmasının tərəfdarıdır:

“Rayonlarımıza şəhər adı qoymuşuq, amma o şəhərlər heç qəsəbə tipi deyil. Şəhər geniş küçələri, xiyabanları, parkları, dövlət idarələri, zavod-fabrikləri, iş yerləri, (ali məktəbləri) infrastrukturu olan insanların xoşbəxt yaşaya biləcəyi bir məkan olmalıdır. Amma Azərbaycanın əksər şəhərlərində doğru-düzgün infrastruktur da yoxdur. Heç kanalizasiya-su məsələləri tam olaraq həll edilməyib. Yol problemləri qalır. Küçə və xiyabanlar şəhərsalmaya uyğun deyil. Şəhərlərin hamısı bir-birinə bənzəyir. 

Azərbaycanda regional şəhərlər, yəni region paytaxtları olarsa, gözəl hal yaranardı. Bax indi regional təhsil idarələrinin yaradılması ilə bağlı fərman imzalandı. Bu fərman həm də Azərbaycanda gələcəkdə formalaşa biləcək iqtisadi zonaları əhatə edir. Düşünürəm ki, bu iqtisadi zonaların hərəsinin bir mərkəz şəhəri müəyyənləşər və həmin mərkəz şəhərlər inkişaf etdirilər. Bütün dünyada qəbul olunan şəhər infrastrukturuna uyğun şəhərlər yaradılar və insanların orada normal yaşayışı üçün şərait qurular. 
 

Əks halda isə bizdə şəhərlər qeyri-normal inkişaf etməkdədir. Şəhər dediyimiz rayon mərkəzlərində infrastruktur düzgün düşünülmür, hər kəs sağına-soluna, eninə-uzununa evlərini tikə-tikə gedir.


Bir də görürsən ki, hansısa rayon mərkəzi kəndə çevrilib. O baxımdan regional şəhərlərin yaradılması ideyasını nəinki dəstəkləyirəm, mən buna tələbat görürəm və bu, mütləq şəkildə həyata keçirilməlidir”.

Qeyd edək ki, deputat daha əvvəlki açıqlamasında paytaxtın köçürülməsini avantüra sayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin