Cümşüd Nuriyev: “Rusiyanın Azərbaycan torpaqlarında qalması üçün heç bir saziş yoxdur”

Hazırda oxunan: Cümşüd Nuriyev: “Rusiyanın Azərbaycan torpaqlarında qalması üçün heç bir saziş yoxdur”

5212

Dağlıq Qarabağdakı rusların əsas iki məqsədi var. Onlar oradakı iki hərbi bazanı yenidən möhkəmləndirmək fikrindədirlər. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev söyləyib.

Cümşüd Nuriyevin sözlərinə görə, Dağlıq Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları öz missiyalarına aid olmayan işlərlə məşğuldurlar: 

“Orada ev tikirlər, məktəblərlə, sağlamlıqla məşğuldurlar. Rusiyanın FHN-nin ora gəlib girməsi, Hadrutda iki dəfə provokasiyanın yaranmasına səbəb olub. Yəni bütün bunların hamısı göstərir ki, Rusiyanın burada iki məqsədi var. Birincisi Hadrut ərazisində bilirsiniz ki, o vaxt SSRİ-nin böyük dalğalar ilə cənuba nəzarət etmək üçün stansiyası olub, müşahidə stansiyasıdır. İkincisi də, Əsgəran ərazisində onların bir hərbi bazası var. Orada səs silahı kimi vasitələrdən istifadə olunur. Hadrutdakı bütün təxrtibatların arxasında da məhz bu durur ki, Rusiya yenidən həmin bazalara nəzarəti ələ keçirtmək istəyir”.

Politoloq qeyd edib ki, bütün hallarda biz çalışmalıyıq Rusiyanın növbəti provokasiyalarına imkan verməyək. Onlar indi də ortaya sərhəd məsələsini atıblar: 

“Sərhədlərin yenidən demarkasiyası məsələsi Kremlin növbəti təxribatıdır. Bizim Ermənistanla olan sərhədlərimizin heç bir dəqiqləşdirilməsinə ehtiyac yoxdur. GPS sistemi var. Həm də bunlar görürlər ki, ərazi bütövlüyü məsələləri gündəmə gəlib və sərhəd qoşunları ora yerləşdirilməlidir. Artıq əksəriyyəti yerləşdirilib. Onlar Laçın koridorunu nəzarətdə saxlamaq istəyirlər, orada 5-6 provokator erməni qalıb, Ağdərə istiqamətində də onların o əsgiləri, yəni seperatçı rejimin bayrağı saxlanılır. Məqsəd isə ondan ibarətdir ki, bizim cavanlarımız, xüsusən əsgərlərimiz hansısa təxribata getsin və rus sülhməramlıları bundan istifadə edib, yeni ərazilər götürsün”.

Bu səbəbdən də Cümşüd Nuriyev bildirib ki, hər cür təxribatın qarşısını almaq lazımdır. Əsgərlərimiz, media işçilərimiz, vətəndaşlarımız ayıq-sayıq olmalıdırlar: 

“Əsgərlərimizə, Azərbaycan mediasına müraciət edirəm ki, Rusiya çalışacaq ki, bizdə qarşıdurma, parçalanma yaratsın. Xüsusilə də prezidentin ətrafında toplanmış o monolit birliyə kölgə salmaq istəyəcəklər”.

Politoloq bildirib ki, əfsuslar olsun 5-ci kalon da bu yöndə fəal iştirak edir, onsuz da bilirik ki, Azərbaycanda 30 mindən çox erməni var. Onlar üzdə olmasa da, arxada hansısa yollarla erməniləri dəstəkləyirlər:

“Həmin ermənilərin müxtəlif vəzifəli adamları, parlamentdə özlərini də görmək olar. Yəni özünün, yaxud uşaqlarının damarında erməni qanı axan vəzifəlilər var. Bunların hamısı çalışacaq ki, Azərbaycandakı birlik çat versin. Demək istəyirəm ki, insanlarımız təxribatlara uymasın, sakit olun və inanın ki, Azərbaycan prezidenti çox peşəkar siyasətçidir, uzaqgörən siyasi gedişlərə imza atır. Qarabağ məsələsində İlham Əliyevə necə inanmışıqsa, bu sevgi və güvəni qorumalıylıq”.

Politoloq mövcud vəziyətin dəyərləndirərkən qeyd edib ki, Türkiyənin regionda olması Rusiyanı qıcıqlandırır. Ona görə də müxtəlif planlar hazırlayır. Amma məsələnin bir yaxşı tərəfi var ki, Rusiya Qarabağda açıq hərəkət imkanına malik deyil, Qarabağda sazişdən kənar əl atacağı istənilən addım hüquq pozuntusu kimi qəbul ediləcək: 

“Azərbaycanın siyasi partiyaları, QHT-lər bütün dünyaya müraciət ediblər ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində yerləşdirilməsi qeyri-qanunidir. Onlar Qarabağa üçtərəfli bəyanat əsasında yerləşiblər. Rusiyanın Azərbaycan torpaqlarında qalması üçün heç bir saziş yoxdur”. 

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin