Soçi görüşündən sonra Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımlar atılmazsa, o zaman Azərbaycan müharibəyə hazırlaşıb torpaqlarını azad etməlidir.
Bunu Moderator.az-a açıqlamasında AMİP sədri Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, prezidentlərin görüşü labüd idi və Azərbaycan prezidenti bu görüşdə iştirak etməli idi:
“Çünki uzun müddət idi belə bir görüş keçrilmirdi və beynəlxalq təşkilatlar da, ATƏT MQ həmsədr ölkələri də belə bir görüşün keçirilməsini təklif edirdilər. Ancaq görüş xatirinə görüş olmamalıdır. Bu görüşlərin və danışıqların real nəticəsi olmalıdır. Əgər bu görüşdən sonra da münaqişənin həlli ilə bağlı real addım atılmayacaqsa, onda növbəti görüşlərə lüzum qalmayacaq və bu görüşün də mənasız olduğu ortaya çıxacaq. O zaman Azərbaycan tərəfini beynəlxalq aləm,o cümlədən də ATƏT MQ bu cür təkliflərdən imtina etməsinə görə nə ittiham edə, nə də qınaya biləcəklər.”
Partiya sədri hesab edir ki, ilkin baxışdan bu görüş həm Ermənistan, həm də Rusiyanın maraqlarına xidmət edirdi. “Ermənistan hərbi əməliyyatlardan ehtiyatlanırdı, Rusiya isə bundan öz maraqlarını həyata keçirməyə çalışırdı. O Azərbaycanı Avropaya inteqrasiyasını dayandırmağa sövq etməyə çalışır. Ona görə də Rusiya bu münaqişənin həllində ədalətli mövqe gözləməyə dəyməz. Çünki Ermənistan Rusiyanın müttəfiqi olaraq həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvüdür, həm də onun yaratmaq istədiyi Gömrük İttifaqına qoşulmağa hazırlaşır.”
Y. Bağırzadə bildirdi ki, artıq 25 ildir Azərbaycan torpaqları işğal altındadır və buna daha dözməyin mümkünsüz olduğunu dünya da anlayır:
“Ona görə də Azərbaycan BMT qətnamələrini əsas götürərək torpaqları azad etmək istiqamətində ciddi addımlar atmalıdır. Bunun üçün tarixi şans yaranıb və biz bu şansdan istifadə etməliyik. Qısa zaman gözləmək lazımdır, əgər ermənilər işğal altında torpaqları azad etmək istiqamətində yenə də addımlar atmayacaqsa, o zaman Azərbaycan təcili olraq anti-terror əməliyyatına başlayaraq ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etməlidir.”
Serj Sərkisyanın Azərbaycanı ballistik raketlə hədələməsi bəyanatına gəldikdə isə partiya sədri bildirdi ki, bu bir daha onların münaqişəni sülh yolu ilə həllində maraqlı olmadığının göstəricisidir. “Digər tərəfdən də bir atalar misalında deyilir: “Qorxaq adam hamıdan bərk qışqırar." Onlar Azərbaycandan qorxurlar. Daha bir məhşur misalımız var: “ İtə deyirlər niyə hürürsən, deyir qorxuduram, bəs quyruğun niyə əsir, deyir qorxuram. Serj də qorxduğu üçün belə bir bəyanat verir. Amma onların belə bir hünəri yoxdur. Onların havadarları olmasa heç nə edə bilməzlər. Tarix boyu hər zaman belə olub. O baxımdan biz ermənilərin yaxın müttəfiqi olan Rusiyanın gücsüz olduğu bir vaxtda torpaqlarımızı azad etməliyik”































































































