Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı apardığımız DİSPUTUMUZ davam edir. İlk məqalədə dediyimiz kimi AMEA-na ünvanladığımız sorğu-suallar bürokratik döngələrdə ilişib qalıb.
Qurumun fəaliyyəti ilə bağlı ictimaiyyətlə əlaqələr şöbəsinə ünvanladığımız suallara gah dedilər ki, saytımızda bütün məlumatlar var. Bizə lazım olan məlumatları tapa bilməyəndə yenidən şöbə ilə əlaqə saxladıq. Cavab isə belə oldu:
Siz bu sualları niyə verirsiniz?
Suallarımın məzmunu isə AMEA-nın fəaliyyət istiqamətləri ilə bağlı idi.
AMEA-dan səs çıxana qədər isə Bizim.Media-nın elmi müzakirəsinə Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Etibar Əliyev qoşulub. Millət vəkili AMEA-nın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirdi:
“Bu gün dünyada elmi tədqiqat müəssisələrinin, elm mərkəzlərin, Universitetlərin reytinqləri açıqlanır. Bu əlbəttə ki, elmlə bağlı reytinqlərdir. AMEA reytinqlərdən kənarda qalır.
AMEA-nın alimlərinin tədqiqatlarına verilən istinadlar, elektron məkandakı bu elm mərkəzinin görünüşü barədə bizdə heç bir məlumat yoxdur. AMEA rəhbərliyi maraqlı olmalıdır ki, nəticələr aşağı olsa belə bu sonucları özlərinin saytlarında dərc etsin. Bu qurumun sanballı elmi jurnalları olmalıdır. Halbuki bu barədə düşünən belə yoxdur”.
AMEA alimlərinin ictimai rəyə təsiri çox aşağı səviyədədir deyən, millət vəkili son hadisələr zamanı AMEA-nın fəaliyyətsizliyinə də toxundu:
“Biz Vətən müharibəsi apardıq, qələbələr qazandıq. Alimlərin az bir qismi bu mötəbər işimizlə bağlı sosial şəbəkələrdə aktiv oldular. Önəmli mövzularda alimlər ölkənin gələcəyi üçün müəyyən proqnozlar verməli, hesablamalar aparmalıdırlar”.
Etibar Əliyev vurğuladı ki, AMEA-nın nəşrləri sanki özlərinin daxili istifadələri üçündür. Dünya üçün heç bir maraq kəsb etmir. AMEA-da elmin populyarlaşdırılması işinin aparılması çox aşağı səviyyədədir:
“Ölkəmizdə AMEA alternativi olmayan bir elm mərkəzidir. Bütün dünyada elmin populyarlaşması istiqamətində böyük işlər görülür. Bunun sayəsində gənc nəslin elmə olan marağı artırır. Bakalavr və magistrları elmə həvəsləndirirlər. AMEA-da isə avtoritar idarəçilik hökm sürür. Elm isə demokratik idarəetməni sevir. AMEA-nın rəhbərliyi qapalı mühit formalaşdırıb''.
''AMEA-da üfuqi idarəetməyə üstünlük verilməlidir. Elm müəssisələri şaquli idarəetmədən əl çəkməlidirlər. Hamının nəticələri elmi ictimaiyyətə açıq olmalıdır. Bir adamın tapşırıqlarını ilə elmdə irəliləyişə nail olmaq mümkün deyil. Bu sovetdən qalma ənənədən imtina etmək lazımdır. Alimlərin disskusiyya klubları yaradılmalı, elmlərin yeni paradiqmaları mütəmadi təhlil olunmalıdır”.
Etibar Əliyev AMEA-nın institutlarında, dissertasiya müdafiələrinin əksəriyyəti şübhələr doğurduğunu da dilə gətirib:
“Plagiata son verilməlidir. Birinin başqasının elmi işlərini yazması halı çoxalır. Belə olan halda elmdə sağlam mühitdən danışmağa dəyməz. Mən düşünürəm ki, AMEA-nın daxilində keyfiyyətli elmi mühitin yaradılmasına gec də olsa nail olmaq lazımdır”.
Millət vəkili çıxış yolu kimi deyir ki, hökümət bu elmi müəssisəni monitorinq etməlidir. Bununla yanaşı AMEA gəncləşməlidir. İnstitut direktorlarına maksimum 10 il müddət qoyulmalıdır. Gənclər bu qurumda perspektiv hiss etsələr bura daha əzmlə bağlanmış olarlar.
Gülşanə Mustafayeva, Bizim.Media