“3+3”ün TÜRKİYƏ TOPLANTISI – Gürcüstan oyuna daxil olur, yoxsa Ermənistan meydandan çıxır?

Hazırda oxunan: “3+3”ün TÜRKİYƏ TOPLANTISI – Gürcüstan oyuna daxil olur, yoxsa Ermənistan meydandan çıxır?

51561

Regionumuz ölkələrinin iqtisadi əməkdaşlığını inkişaf etdirmək məqsədilə yaradılan “3+3” platformasının növbəti toplantısı Türkiyədə keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlaması zamanı məlumat verib.

MÖVZU İLƏ BAĞLI:

“3+3” formatında İLK GÖRÜŞ – Moskvada nələr müzakirəyə çıxarılacaq?

Eyni zamanda türkiyəli nazir ilk görüşdən fərqli olaraq, bu dəfə Gürcüstanın da toplantıda iştirak edə biləcəyini qeyd edib.

Platforma çərçivəsində 2-ci görüşlə bağlı Ermənistan mətbuatının iddiaları isə bir qədər fərqli olub. Belə ki, rəsmi İrəvanın Ankarada keçiriləcək toplantıda iştirakdan imtina edə biləcəyi ilə bağlı ehtimal önə sürülüb. İddiaya əsas səbəb kimi rəsmi İrəvandan Ankara görüşü ilə bağlı hələlik heç bir rəsmi açıqlamanın olmaması qeyd olunub.

Ümumilikdə, qeyd etməliyik ki, Gürcüstan və Ermənistanın mövqeyi ilə bağlı sözügedən nüanslara ayrı-ayrılıqda nəzər salmağa ehtiyac var:

1. İlk iclasa getməkdən imtina etməsinə baxmayaraq, Gürcüstanın 2-ci iclasda iştirak etməsi ehtimalı yüksəkdir. Bunun isə iki əsas səbəbi var:

Birincisi, Tiflisin “işğalçı” kimi tandığı Rusiyada keçirilən toplantıya qatılmaması təbii idi. Lakin Gürcüstan-Türkiyə münasibətlərində bu cür mənfi nüanslardan söhbət belə gedə bilməz.

İkincisi, Gürcüstanın özünün də “3+3”ün iştirakçıları ilə əməkdaşlığında mühüm irəliləyişlər mövcuddur.

Xüsusilə, İran-Azərbaycan-Gürcüstan marşrutu ilə beynəlxalq daşınmalarla bağlı razılaşmanın əldə olunması, eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyanın iqtisadi münasibətlərin müzakirə olunması üçün Gürcüstana səfər etməsi kimi nüanslar, rəsmi Tiflisin mövqeyində müəyyən dəyişikliklər yarada bilər.

2. Ermənistanın “3+3”ün növbəti iclasında iştirakdan imtina etməsi inandırıcı görünmür.

Çünki, ilk növbədə, Ermənistan regional layihələrdən kənarda qalmamaq üçün “3+3” formatına aktiv diqqət yetirməyə məcburdur. Xüsusilə də, Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun çəkilməsinə razılığın əldə olunduğu bir vaxtda.

İkinci önəmli nüans isə, Türkiyə-Ermənistan münasibətlərində normallaşmanın yüksək templə davam etməsidir. Əgər, İrəvan Ankaranın öncüllərindən biri olduğu regional platforma çərçivəsində keçiriləcək iclasdan boyun qaçırarsa, bu, prosesə ciddi zərbə vura bilər. Lakin Ankara ilə münasibətlərdə ehtiyatlı mövqeyi ilə seçilən Paşinyan hökumətinin bu cür strateji xətaya yol verməsi real görünmür.

Ehtimal olunur ki, Ankaranın moderatorluğu ilə keçiriləcək ikinci iclasda platformanın işi çərçivəsində daha önəmli məsələlər müzakirəyə çıxarılacaq. 

Çünki...

1. İlk görüş təsis xarakteri daşıdığından, daha çox ümumi müddəlar müzakirəyə çıxarılmışdı.

2. Gürcüstanın iştirakı ehtimalının yüksək olması, “3+3”ün tam tərkibdə iclasını mümkün edəcək. Bu da daha real addımların atılmasına imkan yaradacaq.

3. Türkiyənin həmtəsisçisi olduğu platformaya ev sahibliyi edəcəyini də nəzərə alsaq, Ankaranın iclasın maksimum nəticəyə hesablanmış şəkildə təşkil edilməsində maraqlı olacağını proqnozlaşdırmaq elə də çətin deyil.

Nəticə olaraq qeyd edə bilərik ki, “3+3” formatının iştirakçılarının Ankara iclası yeni regional platformanın gələcəyi ilə bağlı mühüm əhəmiyyət kəsb edəcək.

Xüsusilə də, yeni platformanın region üçün nə vəd edəcəyi və bölgə aktorlarının gələcək əməkdaşlıqlarının ümumi mənzərəsinin Ankarada bəlli olması ehtimalları yüksəkdir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin