“Xeyr, məncə bu hələlik mümkün deyil. Çünki iki dövlət arasındakı narazılıqlar hələ də qalmaqdadır. Baxmayaraq ki, müharibə Azərbaycanın qələbəsi ilə bitib, lakin sülh müqaviləsi hələ də imzalanmayıb. Bu gün də sərhəddə gərginlik qalmaqdadır və tərəflər mütəmadi olaraq itkilər verirlər. Bu səbəblərdən ötürü, Azərbaycan və Ermənistanın 3-cü bir vasitəçi olmadan danışıqlar masasına oturması yaxın perspektiv üçün real görünmür”.
Bu fikirləri “Brüssel görüşündə ikitərəfli müzakirələrin uğurlu olduğu aydın şəkildə görüldü. Sizcə, gələcəkdə iki ölkə liderlərinin heç bir vasitəçi olmadan danışıqlar masasına oturması mümkün ola bilərmi?” sualını Bizim.Media üçün cavablandıran politoloq Ramiyə Məmmədova bildirib.
MÖVZU İLƏ BAĞLI:
Türk Dövlətləri Təşkilatı bütün dünyanı Zəngəzur dəhlizindən keçirəcək – Yeni adın yeni İMKANLARI
Ekspert qeyd olunanlara rəğmən, gələcək görüşlərin təşkilini öz üzərinə götürəcək yeni vasitəçilərin ola biləcəyi variantını da istisna etməyib:
“Lakin görüşün vasitəçilərinin dəyişməsi mümkündür. Hələlik yeganə kordinator olan Kremldən əlavə, Azərbaycan və Ermənistanın razılığı ilə növbəti vasitəçilər tərəfindən danışıqlar təşkil oluna bilər. Buna baxmayaraq, hələlik bu missiyanın əsas daşıyıcısı Rusiyadır. Moskvanın bir sıra məsələlərdə bitərəfliliyi isə, ciddi şübhə doğurur. Məsələn, Zəngəzur dəhlizi məsələsində Kremlin İrəvanın mövqeyi ilə razılaşması sirr deyil. Bu səbəbdən də, digər ölkələrin vasitəçiliyi ilə görüşlərin təşkili daha faydalı ola bilər”.
Ramiyə Məmmədova Avropa ölkələrinin danışıqlar prosesində iştirakının uğurulu ola biləcəyini də sözlərinə əlavə edib:
“Xüsusilə Avropa ölkələrinin vasitəçiliyi dialoq töhfə verə bilər. Çünki Avropa masasında ab-havanın daha yumşaq olması tərəflərin dialoqunu daha da asanlaşdırır. Belə olan halda nəticə qazanmaq ehtimalları da xeyli yüksək olacaq. Brüssel görüşünün Zəngəzur dəhlizinin açılmasındakı vacib rolunu isə yaxın zamanlarda aydın şəkildə görəcəyik”.
Murad Əhmədov, Bizim.Media