Azərbaycanın Qvatemaladakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti Alexandro Ciammateiyə təqdim edib.
Bizim.Media xəbər verir ki, mərasim zamanı M.Talıbov ilk olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident A.Ciammateiyə çatdırıb.
Öz tərəfindən təşəkkürünü bildirən Qvatemala dövlət başçısı onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Qvatemala arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində davamlı təmaslar, səmərəli dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib.
Bununla yanaşı, iki ölkə arasında parlamentlərarası, humanitar, mədəniyyət, təhsil, habelə iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşu üzrə önəmli potensialın olduğu bildirilib, bu xüsusda qvatemalalı şirkətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərində iştirakı imkanlarının nəzərdən keçirilə biləcəyi söylənilib.
Görüşün sonunda ölkəmizə sülh və əmin-amanlıq arzu edən Prezident A.Ciammatei M.Talıbovu Qvatemalada səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bizim.Media