Brüssel görüşündə Rusiyanı narahat edən MƏQAMLAR - ŞƏRH

Hazırda oxunan: Brüssel görüşündə Rusiyanı narahat edən MƏQAMLAR - ŞƏRH

50813

Prezident İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında baş tutan Brüssel görüşündə dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupunun yaradılması razılığına gəlib. Avropa İttifaqı konkret təkliflərlə çıxış edib. Amma bu Kremli qıcıqlandıra bilərmi? Çünki Soçi görüşündən sonra bununla bağlı komissiya artıq yaradılıb. 

Yaranan suallarla bağlı millət vəkili Sahib Alıyevdən müsahibə aldıq. Avropa İttifaqının konkret təkliflərinin Kremli qıcıqlandırması ilə əlaqədar deputatın cavabı belə olub:

“Mən fikirləşmirəm ki, bu təklif Rusiyanı qıcıqlandırsın. Çünki:

1. Bununla bağlı Şarl Mişellə Vladimir Putin arasında da danışıqlar olub. 

2. Burada Soçidə əldə olunan razılığa bir növ Avropa ittifaqının da dəstəyi ifadə olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Minsk qrupunun vasitəçiliyinə ehtiyac yarana bilər? – Millət vəkili Sahib Alıyevdən TƏKLİF


Əgər Avropa İttifaqı Şurasının prezidentinin bəyanatına bütövlükdə diqqət yetirsəniz, görəcəksiniz ki, o bəyanat ötən il noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı təslimçilik aktında Ermənistanın üzərinə götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsi yönündədir”.

Bizim.Media ilə özəl müsahibəsində millət vəkili Sahib Alıyev əlavə edib ki, danışıqların nəticəsi olaraq Rusiyanı qıcıqlandıracaq məsələ Ermənistan tərəfinin Zəngəzur dəhlizində gömrük və sərhəd məntəqəsi qurmaq tələbi ola bilər.

Amma qarşılıqlı tələblə Azərbaycan Prezidenti də çıxış edib:

“Azərbaycan Prezidentinin də tələbi yerinə yetirildi ki, oxşar postlar Laçın dəhlizində qurulacaq. Artıq bu, Ermənistandan gələn və gətirilən bütün adamların, yüklərin Azərbaycan sərhədçiləri ilə gömrükçülərinin kontrolu ilə Qarabağdakı Rusiya hərbi kontingentinin müvəqqəti məsuliyyət zonasına keçməsi deməkdir.

Təbii ki, bu, Rusiyadakı bəzi çevrələrin maraqlarına cavab vermir. Yəni, Rusiyanı qıcıqlandıracaq addımlara səbəb olan Ermənistanın baş naziri Nikol Paşinyandır. 

Lakin açığı deməliyik ki, Brüssel danışıqlarının bu cür bitməsi Ermənistandan daha çox Azərbaycanın maraqlarına cavab verir”. 

Sahib Alıyevin açıqlamasının digər maraqlı hissələrini təqdim edirik:

⦁ Məsələ bitib. Ermənistan baş naziri Nikol Paşinyanın üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur.  

⦁ Sənəddə  açıq şəkildə vurğulanır ki,  Avropa Birliyi  üçtrəfli Bəyanatda nəzərdə tutulan öhdəlikərin yerinə yetirilməsini,  Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanmasını, bununla bağlı birbaşa danışıqlara başlanmasını, minalanmış ərazilərinin xəritələrinin tam təqdim edilməsini, itkin düşmüşlərlə (birinci Qarabağ savaşı zamanı bizim 4 minə yaxın belə soydaşımız olub) bağlı dəqiq bilgilər verilməsini istəyir.

Brüssel sərhədlərin dəqiqləşdirilməsinin də tezləşdirlməsinin tərəfdarıdır və bu yöndə kömək edə biləcəyini də diqqətə çatdırır.  

⦁ Nəticə bundan ibarətdir ki, rəsmi Bakının xarici siyastətdəki balanslı davranışı  postkonflikt dönəmində də davam edəcək. Azərbaycanla Ermənistan arasında vasitəçilikdə inhisarçılıq yoxdur və olmayacaq. Və əgər Ermənistan rəhbərliyi milli maraqlardan çıxış etmək istəsə, ümumiyyətlə vasitəçiyə ehtiyac qalmayacaq. Amma bütün hallarda cəbhədə olduğu kimi danışıqlarda da dominant və diqtə edən tərəf rolunda Azərbaycan çıxış edir, edəcək.

⦁ Bəziləri Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsini gözdən salmaq üçün Zəngəzur dəhliziylə Laçın yolunun eyni status daşımasının guya Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsinin gələcəkdə Ermənistanın bir hissəsi sayılması təhlükəsini yaratdığını bildirirlər. Sərsəmləmədir.

Bütün dünya, Rusiyanın özü də Prezident səviyyəsində Qarabağın da Naxçıvan kimi Azərbaycan torpağı olduğunu deyir.

Hətta Paşinyan belə, arada buna eyham vurur. Və bir də heç kəs yaddan çıxarmasın ki, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsi dedikdə, söhbət ətrafında Azərbaycan ordusunun iyrimiyə yaxın hərbi hissəsinin, yüzdən artıq döyüş-xidmət postunun və yaxın gələcəkdə yüz minlərlə soydaşımızın yerləşəcəyi torpağımızdan gedir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin