Ağdamdakı Monitorinq Mərkəzinin fəaliyyəti ÜZƏ ÇIXIR – Nə baş verir? 

Hazırda oxunan: Ağdamdakı Monitorinq Mərkəzinin fəaliyyəti ÜZƏ ÇIXIR – Nə baş verir? 

50470

44 günlük savaşın başa çatmasını rəsmiyyətə dönüşdürən 10 noyabr bəyanatında əksini tapan müddəalardan biri də, atəşkəsə nəzarət üzrə monitorinq mərkəzinin yaradılması idi. Bəyanatın imzalanmasından 2 ay sonra yanvarın 30-da Ağdam rayonu ərazisində yerləşən Atəşkəsə Nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradıldı. 

Bir ilə yaxın müddətdir fəaliyyət göstərən monitorinq mərkəzinin aktiv fəaliyyəti isə son həftələrə qədər müşahidə olunmurdu.

Lakin son günlərdə mərkəzin fəaliyyəti tez-tez diqqət mərkəzinə gəlməkdədir. 

MÖVZU İLƏ BAĞLI:

“Ermənilər atəşkəsi 203 dəfə pozublar” - Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi


Belə ki, ilk olaraq dekabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışınqda mərkəzlə bağlı da müzakirələr aparıldı. Görüş əsnasında Türkiyə lideri “Qarabağda vəziyyətə nəzarət etmək üçün təşkil olunan birgə monitorinq mərkəzinin imkanlarından istifadə olunmalıdır”, - deyə bildirib.

Qeyd edək ki, bu açıqlama Ərdoğanın Mərkəzlə bağlı istəyini ilk dəfə dilə gətirməsi faktı kimi mühüm əhəmiyyətə malik idi.

Türkiyə prezidentinin bu niyyətini təkcə danışıqlar zamanı diqqətə çatdırmadığını da bildirmək vacibdir. Belə ki, Ərdoğanın açıqlamasından əlavə, Mərkəzlə bağlı eyni gün ərzində siyasi əhəmiyyət daşıyan iki mühüm gediş də qeydə alınıb.

Dekabrın 10-da Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, həmçinin səfirliyin Hərbi Attaşesi briqada generalı Zəkəriyyə Yalçın Birgə Monitorinq Mərkəzinə baş çəkiblər.

Bundan əlavə, “TRT Haber” telekanalının Azərbaycandakı əməkdaşı Fatih Avanosa Monitorinq Mərkəzinə ezam olunub.

Mərkəzin 11 aydır fəaliyyət göstərdiyini vurğulayan Fatih Avanos atəşkəs pozuntuları ilə bağlı da ilk dəfə dəqiq sayı əks etdirən açıqlama verib:

“Əslində, bu pozuntuların daha çox olduğunu bilirik. Ancaq türk hərbçilər eyni müddətdə təkrarlanan pozuntuları atəşkəsin pozulması üzrə bir fakt kimi qeydə alırlar. Beləliklə, atəşkəs pozuntularının minimum sayı 203-dür”.

Ərdoğan nəyi hədəfləyir?

İlk olaraq, sülhməramlı kontingentin fəaliyyətində bitərəfliliyini qoruya bilməməsi Ərdoğan hökumətini hərəkətə keçirib. Vaxtaşırı olaraq, sülhməramlıların erməni əhalinin maraqlarına uyğun davranışlar sərgiləməsi səbəbindən, Azərbaycanın narazılıqlarını dilə gətirməsi, eyni zamanda fəaliyyətsizliyin birgəyaşayış konseptinə xətər yetirməsi rəsmi Bakının müttəfiqi kimi Ankaranı aktivləşdirib.

Digər mühüm nüans isə, Ərdoğanın yeritdiyi müstəqil və regional proseslərdə təsirli Türkiyə imici yaratmaq niyyəti ilə bağlıdır.

Etiraf etməliyik ki, Qarabağda sülhməramlı missiyasını öz üzərinə götürən Rusiya digər bütün aktorları oyundan kənar vəziyyətə salıb. Ankara isə, Birgə Monitorinq Mərkəzinin fəaliyyətini qabartmaqla regional maraqlarını ikinci plana atmadığını nümayiş etdirdi.

Ümumilikdə, onu deyə bilərik ki, Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini diqqətdə saxlamağa davam edəcək. Və gələcəkdə Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı hər hansı problemli məsələ gündəmə gəldikdə, Ankara bu məsələni Moskvaya təzyiq aləti kimi yenidən ortaya ata bilər.

Bu isə, istənilən halda Azərbaycanın lehinədir. Çünki Türkiyənin varlığını xatırlatması Rusiya sülhməramlılarını daha məsuliyyətli davranmağa sövq edərək, bölgədəki təxribatları minimuma endirəcək.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin