İran-Rusiya sazişinin PƏRDƏARXASI – Dünya YENİ SAVAŞ öncəsi iki qütbdə birləşir

Hazırda oxunan: İran-Rusiya sazişinin PƏRDƏARXASI – Dünya YENİ SAVAŞ öncəsi iki qütbdə birləşir

50457

Son dönəmlərdə regionumuz ölkələri arasında münasibətlərdə müsbət yeniliklər müşahidə olunmaqdadır. Xüsusilə də iqtisadi və regional əməkdaşlıqların möhkəmləndirilməsi məsələsinə tərəflərin müsbət yanaşması daha çox diqqət çəkir.

Bu müsbət tendensiyanın davamı olaraq İran tərəfi qonşu ölkələrlə gələcək 20 ili əhatə edəcək “yol xəritəsi”nin hazırlandığını açıqlayıb.

Belə ki, İranın xarici işlər nazirliyinin sözcüsü Səid Xətibzadə “İLNA”ya verdiyi müsahibəsində Rusiya ilə gələcək əməkdaşlıq prosesini əhatə edəcək proqramın artıq hazır olduğuna diqqət çəkib. XİN rəsmisinin sözlərinə görə, yaxın dövrdə İranla Rusiya arasında 20 illik əməkdaşlıq sazişi imzalanacaq. Xətibzadə sözügedən müqavilənin Çinlə imzalanan sazişlə bənzərlik təşkil edəcəyini də sözlərinə əlavə edib.

MÖVZU İLƏ BAĞLI:

İsraildən ABŞ-a çağırış: "İrana qarşı sanksiyaları davam etdirin"


Xatırladaq ki, bu ilin martında Çinlə İran arasında 25 il müddətinə imzalanan müqaviləyə əsasən, Pekin İrana ümumilikdə 400 milyard dollar həcmində investisiya ayıracaq. Çinlə imzalanan müqavilə İran iqtisadiyyatının inkişafı, eyni zamanda hərbi və informasiya texnologiyalarının modernləşdirilməsinə istiqamətlənmişdi.

İndi isə, İranla Rusiya arasında oxşar sazişin bağlanmasının həm tərəflər, həm də region ölkələri üçün bir sıra müsbət tərəflərinin olacağını söyləyə bilərik:

1. Təbii ki, bu razılaşma hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Belə ki, Qərbin sanksiyaları ilə üz-üzə olan tərəflərin xarici iqtisadi əlaqələrdə müəyyən sıxıntılar yaşadığı məlumdur. Lakin iki ölkə arasında ticarət dövriyyəsinin artımına yönələn saziş, iqtisadiyyatları qapalılığa doğru sürüklənən İran və Rusiyanın vəziyyətini müəyyən qədər yüngülləşdirəcək. 

2. Tərəflərin ticarət dövriyyəsinin artması region ölkələrinə də təsirsiz ötüşməyəcək. Xüsusilə də, tərəflər arasında logistik əlaqələrin qurulmasında coğrafi mövqeyinə görə əlverişli nöqtədə yerləşən Azərbaycan bu əməkdaşlıqdan nəsibini alacaq. Logistik əhəmiyyəti danılmaz olan, Şimal-Cənub nəqliyyat dəhlizi də iqtisadi əlaqələrin inkişafında mühüm pay sahibi olacaq və bu layihə son günlərdə yenidən aktuallaşmağa başlayıb. 

3. Əməkdaşlığın tətikləyəcəyi iqtisadi inkişaf regional siyasi sabitliyin yaranmasına da mühüm təsir göstərəcək. Xüsusilə də, bölgənin iki güclü oyunçusunun iqtisadi əlaqələrinin inkişafı, tərəfləri regionda siyasi münasibətlərdə problemlərdən qaçmağa sövq edəcək. Bu isə, regionda lokal konfliktlərin varlığına maraq göstərən tərəf(lər)in bu niyyətlərinin gerçəkləşməsinə maneə törədəcək. Bundan əlavə regional iqtisadi inkişaf Qərbin regiona əksər hallarda destruktiv xarakter daşıyan müdaxilələrini də minimuma endirəcək.

4. İran-Rusiya əməkdaşlığının inkişafı Azərbaycan və Türkiyənin həmtəsisçisi olduğu regional “3+3” formatının işinə də müsbət təsir göstərəcək. Belə ki, tərəflərin əməkdaşlığın regional müstəvidə inkişafı üçün, bu istiqamətdə fəaliyyət göstərən yeganə platforma olan “3+3” mexanizminə baş vuracaqları ehtimalları da xeyli yüksəkdir.

Əlaqələrin bu cür inkişafı isə Azərbaycanın logistik marşrut kimi əhəmiyyətindən əlavə, iqtisadi tərəfdaş kimi də rolunu daha da qüvvətləndirəcək.

Eyni zamanda Rusiyanın və İranın son dönəmlər əməkdaşlıqda xüsusi yer verdikləri Türkiyə də bu inkişafdan kənarda qalmayacaq.

Lakin mümkün İran-Rusiya müqaviləsinin mənfi təsirlərini də istisna etmək olmaz. Əgər planlaşdırılan müqavilə Çin-İran sazişilə bənzərlik təşkil edəcəksə, burada müdafiə sənayesi sektorunun da nəzərə alınacağını qeyd etməliyik.

Bu isə Qərbin tərəflərə qarşı mövqeyini daha da radikallaşdıracaq və dünyanın iki qütbə parçalanması prosesini daha da dərinləşdirəcək. 

Nəticədə, önümüzdəki illərdə beynəlxalq siyasi müstəvidə yeni “Soyuq Savaş”dan tutmuş, növbəti dünya savaşının baş verməsinə qədər müxtəlif variantların reallaşması ehtimallarının olduğunu da diqqətdə saxlamalıyıq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin