Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi haqqında açıqlamasından sonra siyasi gündəmdə yenidən canlanma baş verib.
Hələ 2020-ci il fevral ayında keçirilən parlament seçkiləri zamanı 4 seçki dairəsinin nəticələrnin ləğv olunması o zamanlar bir neçə qalmaqala imza atmışdı. Bunlardan ən çox müzakirə olunanı isə “Yeni Müsavat” Media Qrupun rəhbəri Rauf Arifoğlu Ümid Partiyasının sədri İqbal Ağazadə ilə yaşanan seçki mücadiləsi idi. 35 saylı Xətai 3-cü seçki dairəsindən namizədliyini irəli sürən, cəmiyyət arasında öz nüfuzları olan bu iki siyasi fiqurun mübarizəsi Rauf Arifoğlunun qələbəsi ilə başa çatmışdı.
Lakin daha sonra 35 saylı Xətai 3-cü seçki dairəsinin nəticələri ləğv olunaraq Rauf Arifoğlunu da deputat mandatından məhrum edildi.
Hazırda seçkilərin gündəmə gəlməsi ilə Rauf Arifoğlu və İqbal Ağazadənin mübarizələrini qaldıqları yerdən davam edəcəkləri yenidən müzakirə mövzusuna çevrilib.
Bizim.Media olaraq bu sualla ilk olaraq “Ümid” partiyasının sədri İqbal Ağazadəyə müraciət etdik.
MÖVZU İLƏ BAĞLI:
İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Partiya sədri seçkilərlə bağlı bu gün partiyanın toplantısında qərar veriləcəyini söylədi:
“Bunu partiya müəyyənləşdirir, çünki mən namizədliyimi müstəqil şəxs kimi vermirəm. Bu gün partiyada keçirilən iclasdan sonra, biz ümumilikdə buna qərar verəcəyik. Daha sonra bu barədə ictimaiyyətə açıqlama verəcəyik”.
Tanınmış jurnalist Rauf Arifoğlu isə suala qısa və konkret cavab verdi.
O, bildirdi ki, əgər parlamentin boş qalan dairələrinə seçkilər keçiriləcəksə, o, mütləq namizədliyini irəli sürüb, mübarizəsini davam etdirəcək.
“Təkrar parlament seçkiləri keçirilsə, namizədliyimi irəli sürəcəyəm və mücadiləmi sonuna qədər davam etdirəcəyəm”.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib. MSK-nın qərarına görə, nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov 04.08.2020-ci ildə dünyasını dəyişib və 116 saylı Qəbələ seçki dairəsi boşdur.
Bundan başqa Xaçmaz rayonundan deputat seçilən Eldəniz Səlimovun da polisi fiziki zorakılıq törətdiyinə görə mandatı ləğv edilərək həbs olunub.
Vüsalə Balayeva, Bizim.Media