Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında iştirak etmək üçün İstanbulda səfərdədir.
Bizim.Media xəbər verir ki, bu gün konfransın açılış mərasimi olub.
Sahibə Qafarova tədbir iştirakçılarını Azərbaycan Milli Məclisi adından salamlayaraq Türkiyənin sədrliyinin İƏT Pİ-nin güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Spiker diqqətə çatdırıb ki, Azərbaycan İslam dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verir.
MÖVZU İLƏ BAĞLI:
Sahibə Qafarova: "Xalqımız regionun gələcəyinə böyük ümidlərlə baxır" - FOTO
İslamofobiyanın bu gün dünyada ən ciddi təhlükələrdən biri olduğunu diqqətə çatdıran Milli Məclisin sədri bildirib ki, Azərbaycan bu tendensiyanı qəti şəkildə pisləyir və ona qarşı mübarizə aparmağa çağırır.
Sahibə Qafarova bu sessiyanın mövzusuna uyğun olaraq, Fələstin, Əfqanıstan və miqrasiya məsələlərinə toxunaraq, bildirib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin Şərqi Qüds Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında sülh yolu ilə həllini dəstəkləyir. Bu mövqe beynəlxalq təşkilatlar çərçivəsində də birmənalı şəkildə ifadə olunub.
Milli Məclisin sədri Əfqanıstanda sülh və sabitlik mövzusunun daha geniş region üçün potensial təsirləri olduğunu qeyd edərək, Əfqanıstandakı vəziyyətin humanitar nəticələrinin aradan qaldırılmasının son dərəcə vacib olduğunu diqqətə çatdırıb.
Milli Məclisin sədri 44 günlük Vətən müharibəsinin ilk günlərindən Azərbaycana siyasi dəstəyini ifadə edən qardaş Türkiyə və Pakistana minnətdarlığını bildirib, həmçinin, İƏT Parlament İttifaqına və Baş katib Muhammed Xurayçi Niyassa Azərbaycanın haqq işini dəstəklədiklərinə görə təşəkkür edib.
Sahibə Qafarova çıxışının sonunda diqqətə çatdırıb ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa proqramlarına başlayıb ki, bu da 1 milyondan çox vətəndaşımızın öz evlərinə qayıtmasına imkan verəcək.
“Ermənistanla Azərbaycan arasında suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişinin imzalanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası regionda münasibətlərin normallaşmasına və kommunikasiyaların bərpasına gətirib çıxaracaq.
Lakin Ermənistan öz öhdəliklərini pozmaqdan əl çəkməli, vəziyyəti gərginləşdirən, regionda sülh və sabitlik perspektivlərinə ziyan vuran hərəkətlərə yol verməməlidir”, -deyə spiker vurğulayıb.
Bizim.Media