Bu gün-dekabrın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində “3+3” formatında ilk iclas keçiriləcək. Əslində bu formatı “3+2” kimi təqdim etsək daha doğru olardı. Çünki Gürcüstan tərəfi iştirakdan imtina edib.
Hər şeydən öncə onu qeyd etməliyik ki, sözügedən format Azərbaycanın təşəbbüsü ilə yaradılıb.
Belə ki, yeni layihə Azərbaycanın 44 günlük savaşda qazandığı zəfərlə birgə Qarabağ konfliktinin başa çatmasından sonra bir növ regional zərurət kimi ortaya atıldı. Bu formatın əsas qayəsi isə Cənubi Qafqazın 3 ölkəsi, eyni zamanda Türkiyə, Rusiya və İranın bir araya gələrək regional layihələrdə və iqtisadi əlaqələrin qurulmasında birgə iştirakını təmin etmək, eyni zamanda bu yolla bölgədə sülhün təmin olunmasına töhfə verməkdir.
MÖVZU İLƏ BAĞLI:
İran və Gürcüstan “3+3” platformasına gəlmir? – PLAN dəyişir - ÖZƏL
“Altılıq” formatını inqilabi yeniliyə çevirən digər mühüm nüans isə, xarici siyasətlərində müəyyən ziddiyyətlər olan və bir-birilərinə geosiyasi rəqib hesab edilən Türkiyə, Rusiya və İranın birgə iştirakının reallığa çevrilməsidir.
Moskva görüşünə gəlincə...
“3+3”ün ilk iclasından gözləntilər xeyli böyük və müəyyən qədər də fərqlidir.
Əvvəla, 1-2 ay öncəki regional situasiyaya və ekspertlərin “altılıq” formatı ilə bağlı fikirlərinə nəzər saldıqda, tərəflərin bu formada bir araya gəlməsinə inamın heç də böyük olmadığını görə bilərik. Lakin Azərbaycan və Türkiyənin birgə səyləri, “3+2”ni reallığa çevirməyi bacardı.
İkinci önəmli nüans isə, iştirakçıların iclasdan və yeni formatdan gözləntiləri ilə bağlıdır. Belə ki, tərəflər üçün “altılıq” regional əməkdaşlıq və inkişaf üçün unikal platforma olmaqla yanaşı, bölgədə sabitliyin təmin olunması üçün də vacib hesab olunur. Çünki əksər ekspertlərin fikrincə, regionda birgə layihələrin həyata keçirilməsi, siyasi sabitliyin təmin olunmasında da mühüm rol oynayacaq.
Moskva iclasında əsas müzakirə olunacaq məsələlər sırasında isə, Zəngəzur və Şimal-Cənub nəqliyyat dəhlizinin olacağı şübhəsizdir. Çünki iqtisadi əlaqələrdən danışdıqda, hazl-hazırda aktual olan əsas mövzular məhz nəqliyyat koridorları ilə bağlıdır.
Paşinyan Azərbaycanın yaratdığı platformada nədən narahatdır?
Ermənistan xaricində, bütün tərəflər üçün mühüm əhəmiyyətə malik olan bu məsələlərin, bütün əsas regional oyunçuların iştirakı ilə müzakirəyə çıxarılması isə, rəsmi İrəvana da təsirsiz ötüşməyəcək. Bunu Ermənistan baş naziri Nikol Paşinyanın “altılıq” formatı ilə bağlı mətbuata söylədiyi fikirlərdən də sezmək mümkündür.
Belə ki, Paşinyan “Moskvadan siqnal almışam ki, mövcud formatlarda müzakirə olunan məsələlərə “3+3” formatında baxılmayacaq”, deyə qeyd edib.
Bu isə, sərhədlərin delimitasiyası və Qarabağ məsələsinin müzakirə predmeti olmayacağını nümayiş etdirir. Doğrudur, Paşinyanın qeyd etdiyi “mövcud formatlarda müzakirə olunan məsələlər” sırasında Zəngəzur koridoru da var. Lakin Paşinyanın qeyd etməsinə baxmayaraq, iqtisadi əməkdaşlıqların müzakirə olunacağı, ələxsus da Azərbaycanın mərkəzi fiqur olduğu tədbirdə, regional, hətta qlobal əhəmiyyətli Zəngəzur dəhlizinin müzakirə olunmaması o qədər də real görünmür.
Paşinyanın bu açıqlamasını, Azərbaycanın qurucusu olduğu platformaya qatılması səbəbindən, daxili auditoriyadan gələn qınaqları nisbətən yüngülləşdirmək cəhdlərinin təzahürü kimi dəyərləndirə bilərik.
Nikolu narahat edən ikinci məqam, platformanın uğurlu alınacağı ehtimalının yüksək olmasıdır. Çünki bu baş verərsə, Paşinyanın üz tutduğu Qərbin regiona daxil olmaq imkanları minimuma enəcək.
Ümumilikdə isə, “altılıq” platformasından gözləntilərin böyük olduğunu qeyd etmək vacibdir. Ortaq fikirsə ondan ibarətdi ki, yeni mexanizm Ermənistanın postkonflikt dövrünün reallıqlarını qəbul etməsinə və sülh sazişinin gətirəcəyi faydaları dərk etməsinə müsbət təsir göstərəcək.
Murad Əhmədov, Bizim.Media