“Son 6 ay ərzində də ölkə əhalisinin real gəlirlərinin artması, yoxsulluğun aşağı salınması, məşğulluğun gücləndirilməsi, əmək resurslarından səmərəli istifadə olunması, müharibə əlilləri və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiya sisteminin müasir tələblər səviyyəsində qurulması, əhaliyə ödənişlərin artırılması Azərbaycanda reallaşdırılan sosial siyasətin mükəmməlliyini sübut edir”.
Bunu Moderator.az-a Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, ilin ilk yarısında respublika üzrə orta hesabla 128 min ailənin 560 min nəfər üzvünə ünvanlı sosial yardım verilib ki, bunların da maliyyələşdirilməsinə 107 milyon manat xərclənib:
“Eyni
zamanda, 2014-cü ilin 6 ayı ərzində sosial müavinətlərin, təqaüd və
kompensasiyaların ödənilməsi üçün ümumilikdə dövlət büdcəsindən təxminən 146
milyon manat vəsait xərclənib. Bu dövrdə müharibə əlillərinin sosial müdafiəsinin
gücləndirilməsinə də xüsusi önəm verilib. Məhz bu mənada, 19 min nəfərə yaxın
müharibə əlilinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə, Azərbaycan
Respublikası Prezidentinin sərəncamları ilə aprelin 1-dən onlara verilən
Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manata, II qrup üçün 130
manata, III qrup üçün 100 manata çatdırılıb, Böyük Vətən müharibəsi
iştirakçılarına təyin edilən Prezident təqaüdünün məbləği isə 100 manata
qaldırılıb. Eyni zamanda, Prezident İlham Əliyevin müharibə əlillərinin
avtomobillərlə tam təmin olunması barədə tapşırığının icrası nəticəsində 677 nəfər
Qarabağ müharibəsi əlilinə, 323 nəfər Böyük Vətən müharibəsi əlilinə və onlara
bərabər tutulan şəxslərə, ümumilikdə isə 1000 nəfərə minik avtomobili verilib”.
Sədaqət Vəliyeva vurğulayıb ki, sosial siyasətin
digər istiqaməti kimi təhsil, səhiyyə, işsizliyin aradan qaldırılması istiqamətində
uğurlu nəticələrin əldə olunması, təkcə bu ilin altı ayında 65 min yeni iş yerinin
açılması, məktəb və bağçaların təmir-tikinti işinin, ekoloji tədbirlərin davam
etdirilməsi, həmçinin, aylıq əmək haqlarının və pensiyaların mütəmadi
artırılması bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir.
Millət vəkili qeyd edib ki, Azərbaycanda
mövcud olan siyasi-ictimai və iqtisadi sabitlik sosial siyasətin daha səmərəli
reallaşdırılması üçün əlavə imkanlar yaradır. Bu da əlbəttə ki, ilk növbədə Azərbaycan
vətəndaşının yaxşı yaşamasına və yüksək rifaha malik olmasına gətirib
çıxaracaqdır.



































































































