Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən növbəti təxribata əl atılıb. Nəticədə bir hərbi qulluqçumuz şəhid olub.
Xatırladaq ki, Ermənistan tərəfinin bölmələrimizi atəşə tutması hadisəsi ötən ayın ortalarında, sərhəddə baş verən təxribatlardan sonra ilk belə haldır.
Təbii ki, həmin vaxtdan bu günə kimi regionda siyasi baxımdan bir sıra mühüm yeniliklər baş verib.
İlk olaraq, noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşü xatırlatmaq vacibdir. Azərbaycanın diplomatik uğuru hesab olunan bu görüşdə, Ermənistanın tez bir zamanda sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılmasına razılıq verildi.
Daha sonra, dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın iddialarını rədd edərək Azərbaycanın lehinə qərar çıxardı.
Bu hadisədən, bir gün keçməmiş Ermənistan tərəfi Kəlbəcər istiqamətində sözügedən təxribata əl atdı. Ekspertlər də dəfələrlə vurğulayıblar ki, mühüm görüşlər və proseslər fonunda Ermənistan tərəfinin təxribatlar törədəcəyi bəllidir. Çünki bu 30 il boyunca bu cür davam edib. Hazırda isə İrəvan bu cür təxribatlarla daha çox diqqət cəlb edərək, münaqişənin bitmədiyini təsdiqlətmək istəyir.
Prosesləri ümumiləşdirsək Ermənistan tərəfini mövqelərimizi atəşə tutmasına səbəb olan arqumentləri bu cür konkretləşdirə bilərik:
1. Dekabrın 10-da Moskvada “3+3” formatında ilk görüşün keçirilməsi.
2. İran-Azərbaycan-Gürcüstan nəqliyyat marşrutunun yaradılması ilə bağlı razılaşmanın əldə olunması Ermənistanı təxribatlara əl atmağa vadar edə bilər. Çünki İran tərəfi Fars körfəzindən Qara dənizə yönələn transit yolunun Ermənistan ərazisindən keçməsini istəyirdi. İndiki vəziyyətdə isə Ermənistanın regionda daha çox dalana sıxışdırıldı və seçim alternativləri minimuma endi.
3. Haaqdakı məğlubiyyətin hiddətini Ermənistan sərhəddə silaha əl atmaqla çıxara bilər. Bu ehtimalı da diqqətdə saxlamaq vacibdir. Çünki erməni mətbuatı əsassız şəkildə, gecə baş verən təxribatlarda da Azərbaycan tərəfini ittiham edib. Bununla da rəsmi İrəvan “feyk” xəbərlərlə Azərbaycanı hədəf kimi göstərməyə çalışır.
4. Təbii ki, ən çox üzərində müzakilər aparılan məqam, dekabrın 15-də Brüsseldə keçiriləcək görüşdən öncə Ermənistanın nələrinsə axtarışında olduğudur. Xatırladaq ki, Azərbaycanın imtina etdiyi Stokholm görüşündən öncə də, Qarabağda Ermənistan tərəfi təxribat xarakterli addımlar atmışdı.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan parlamenti müxalifətin delimitasiya ilə bağlı layihəsini rədd etdi
İndi isə, Ermənistanın Brüssel görüşü öncəsi bu varianta əl atmasının iki səbəbi olar bilər:
- Azərbaycanı haqsız yerə ittiham etmək üçün səbəb qazanmaq. Paşinyanın Brüssel görüşünə böyük ümid bəslədiyi əksər mütəxəssislərin ortaq qənaətidir. Çünki Rusiyanın təkbaşına vasitəçiliyindən narazı olan Nikol bu və ya digər formada Qərbi regional proseslərə daxil etmək niyyətindədir. Bu planın Qarabağda baş tutmasının qeyri-mümkün olduğunu anlayan Paşinyan iqtidarı sərhəddəki gərginliyin səngimədiyini nümayiş etdirməklə, Kremli qaralamağa (hadisə baş verən bölgə sülhməramlıların nəzarətində olmasa belə) və ATƏT-in “önəmi”ni sübut etməyə çalışacaq.
- Digər bir ehtimal isə, Ermənistanın Brüssel görüşünü də sabotaj etməyə çalışmasıdır. Belə ki, rəsmi İrəvanın Haaqada haqsız duruma düşməsindən sonra, Brüsseldə eyni məsələləri təkrarən gündəmə gətirməklə hər hansı nəticə əldə etməsi real deyil. Eyni zamanda, Paşinyan Azərbaycanın Stokholm görüşündə olduğu kimi, öz sərt mövqeyini ortaya qoya biləcəyinə də artıq yaxından bələddir. Belə olan halda, Brüsseldə özünü rəzil duruma düşürməmək üçün, Nikol Azərbaycanın görüşdən imtina etməsinə şərait yarada bilər.
Ümumilikdə isə, Ermənistan tərəfinin növbəti təxribatçı addımının istənilən variantda İrəvan üçün fayda gətirməyəcəyini əminliklə söyləyə bilərik.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:18 / 09.12.2021
Ermənistanın Kəlbəcər təxribatının SƏBƏBLƏRİ – Paşinyanın Brüssel görüşündən də xoflanmağa başlayıb
Hazırda oxunan: Ermənistanın Kəlbəcər təxribatının SƏBƏBLƏRİ – Paşinyanın Brüssel görüşündən də xoflanmağa başlayıb
Hazırda oxunan: Ermənistanın Kəlbəcər təxribatının SƏBƏBLƏRİ – Paşinyanın Brüssel görüşündən də xoflanmağa başlayıb
49823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.