Son günlər eks-spiker Rəsul Quliyevin ABŞ-da “Hizmət” Hərəkatının lideri Fətullah Gülənlə əlaqəsinin olduğu haqda informasiyalar yayılır. Qeyd edilir ki, Rəsul Quliyev mütəmadi olaraq Fətullah Gülənlə görüşür.
Sonuncu dəfə bu barədə xəbər yayan piblika.az-ın R.Quliyevin adının açıqlanmasını istəməyən keçmiş silahdaşına istinadən verdiyi məlumata görə, sabiq spiker Pensilvaniya ştatında səfərlərdə olur və zaman-zaman F.Gülənlə görüşlər keçirir. F.Gülənin onun Amerika həyatına da köməkliyi dəydiyi deyilir.
Qeyd edək ki, R. Quliyevin bir müddət öncə Azərbaycan mediasında F.Güləni müsəlman dünyasının 5 şəxsiyyətindən biri adlandırması, onun siyasi rəqibinə çevrilmiş Ərdoğanı isə sərt tənqid etməsi bu informasiya fonunda diqqəti çəkir.
“Fətullah Gülən Türkiyəni işığa, Ərdoğan isə qaranlığa sürükləmək istəyir” - deyə eks-spiker camaat liderini belə təqdim edir.
Dünən Rəsul Quliyevlə əlaqə yaradaraq, Fətullah Gülənlə tez-tez görüşdüyü haqda yayılan xəbərlərin doğru olub-olmadığını soruşduq.
Rəsul Quliyev bildirdi ki, barəsində yayılan informasiyalar doğru deyil: “Fəttullah Gülənlə heç vaxt görüşməmişəm və hətta rastlaşmamışam da... Çox təəssüf ki, Azərbaycanda heç bir həqiqi mənbəyə söykənmədən məlumatların, daha doğrusu, şayiələrin mediada yayınlanması artıq adətə çevrilib. Qəzetlərin ciddi informasiya vasitəsinə çevrilməsinin yeganə şərti müvəqqəti uğura uymayıb, yalan məlumatlar yazmamasındadır”.




































































































