Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümü münasibətilə rəsmi BƏYANAT

Hazırda oxunan: Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümü münasibətilə rəsmi BƏYANAT

49588

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İslam Əməkdaşlığı Təşkilatına üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

"8 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyünün 30 ili tamam olur.

İƏT ilə münasibətlərin inkişafı və təşkilat ilə dəyərli əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasət prioritetlərinə daxilidir və son 30 ildə bu istiqamətdə ölkəmiz tərəfindən davamlı addımlar atılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan İKİNCİ CƏBHƏNİ açdı - İƏT sammitində verilən ÖNƏMLİ MESAJLAR


1991-ci ilin dekabrın 8-də İslam Əməkdaşlıq Konfransının Zirvə görüşündə təşkilata tamhüquqlu üzv seçilən Azərbaycan, keçmiş sovet respublikaları arasında təşkilatın sıralarına qoşulan ilk ölkə olmuşdur.

Bu illər ərzində Azərbaycan İƏT-in, habelə İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) fəal üzvü olmaqla yanaşı, İslam həmrəyliyinin gücləndirilməsinə xidmət edən yeni təşkilatların – İƏT Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyasının yaradılmasının təşəbbüskarı olub.

2006-cı ildə Azərbaycan İƏT Xarici İşlər Nazirləri Şurasının 33-cü Konfransına, 2010-cu ildə isə İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci toplantısına ev sahibliyi edib.
 

2017-ci il Azərbaycan Respublikası Prezidenti tərəfindən ölkədə “İslam Həmrəyliyi İli” elan edilib və həmin ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib.


Azərbaycan, İƏT tərəfindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi yüksək dəyərləndirir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son verməklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, həm BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin, həm də İƏT-in qəbul etdiyi çoxsaylı qətnamələrin tələblərini yerinə yetirdi.

İƏT 44 günlük müharibə zamanı verdiyi ictimai bəyanatları ilə Azərbaycanın ədalətli mövqeyini dəstəklədi.
 

Münaqişə sonrasında İƏT-in Kontakt Qrupunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri isə bölgədəki vəziyyətlə, bu ərazilərdə uzun illər ərzində Ermənistan tərəfindən məqsədyönlü şəkildə aparılmış qeyri-qanuni fəaliyyət ilə, xüsusilə də İslam irsinə qarşı törədilmiş vandalizm aktları ilə tanış olmaq baxımından müstəsna əhəmiyyət kəsb etdi.


İƏT-in beynəlxalq hüququn prinsipləri əsasında Azərbaycana verdiyi dəyərli dəstək bölgədə davamlı sülhün və əminamanlığın təmin olunmasına töhfədir.

Azərbaycan, milli maraqlarına əsaslanan xarici siyasət prioritetlərinə uyğun olaraq, bundan sonra da İƏT ilə yüksək səviyyəli və çoxşaxəli əməkdaşlıq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcək və birgə fəaliyyət nəticəsində həm üzv ölkələr arasında həmrəyliyin möhkəmlənməsinə, həm də beynəlxalq sülhün təmin olunmasına töhfə verəcəkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin