Mediadakı zorakılığa həddindən artıq məruz qalmaq uşaqları zorakılığı stressə normal reaksiya və münaqişələrin həllinin yolverilən üsulu kimi görməyə vadar edir.
Moderator.az xəbər verir ki, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın AŞ PA yay sessiyasının ikinci iş günündə müzakirəyə çıxarılan “Mətbuatda və mətbuat vasitəsi ilə zorakılıq ” mövzusundakı çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, cəmiyyətdə zorakılığın həddindən çox olması asanlıqla həll edilə bilməyən mürəkkəb sosial problemdir.
S.Fətəliyeva bildirib ki, televiziyanın insan psixikasına bizim düşündüyümüzdən də çox təsiri var və müasir dövrdə uşaqlar filmləri və mistika ilə, eləcə də senzuradan “canını qurtaran” realiti şouları ilə böyüyürlər: “Televiziyada nümayiş etdirilən filmlərdə, video oyunlarında və müasir musiqidə zorakılığın təbliği ”“ günümüzün gəncliyinin beynəlmiləl səviyyədə zavallılığının əsas səbəbidir. Bununla belə, sadəcə bu cür obrazların yaradılmasına kütlənin marağının hər vəchlə təmin edilməsi bu zorakılığın qadağan edilməsi ehtimalını uğursuzluğa düçar edir. Müasir dövrdə bütün dünyada psixoloqlar və sosioloqlar mediada zorakılığa, ekranda qətllərin göstərilməsinə, abırsızlıq səviyyəsi təsəvvür edilən və təsəvvür edilməyən bütün mənəvi çərçivələri aşan zorakı kompüter oyunlarına dair həyəcan təbili çalırlar. Çox uzağa getməyək, dəlisov mətnləri və ona uyğun musiqisi olan müasir pop musiqini də misal göstərmək olar.”
Millət vəkili deyib ki, hazırda bir çox ekspertlər belə qənaətə gəlirlər ki, virtual zorakılıq da həqiqi zorakılığa səbəb ola bilər. Onun fikrincə, adi qadağa bu problemi həll etmir, çünki o, uzun müddətdir ki, qlobal xarakter daşıyır və dövlətlərarası səviyyəni çoxdan aşıb: “Bundan əlavə, onun qadağan edilməsi, adətən, insanların mövzu ilə bağlı marağını daha da artırır. Müasir dövrdə mənəvi-sosial təməllərin kütləvi şəkildə süqutunda əsas təqsirkar və əsas “şübhəli” “əyləncə sənayesi”dir. Filmlər, televiziya şouları, kompüter oyunları, musiqi və ədəbiyyat ”“ istehlakçıya çox tez çatan müxtəlif zorakılıq formalarını meydana çıxarır. Televiziya asılılığı ictimaiyyətin daimi yenilik, ekran vasitəsilə təqdim edilən sensasion məlumatları almaq ehtiyacına söykənir və təməl olaraq, təkrar prinsipinə əsaslanır. Bu, bizə tamaşaçının şüuru ilə manipulyasiya etməyə imkan verir.
İnsanlar reallığın hüdudlarından tam xəbərdar olmadıqda, onların gözlərinin qarşısında baş verən bütün hadisələr həqiqət olaraq qavranılır. Qətil və zorakılıq onlarda qorxu və ya ikrah hissi oyatmır, çünki ekrandakı bu cür televiziya yayınları nəinki həqiqi, həm də təbii qəbul edilir.
Aparılan tədqiqatlar televiziyadakı zorakılığın həddindən artıq izlənməsi ilə əlaqəli olan üç problemi təyin edirlər: Uşaqlar başqalarının ağrısına və əzab çəkməsinə qarşı daha az həssa ola bilərlər; onlar ətraf aləmdən daha çox qorxa bilərlər; və onlar başqalarına münasibətdə aqressiv və ya ziyanverici davranış nümayiş etdirə bilərlər.”
Deputat əlavə edib ki, mediada zorakılıq daha böyük cəmiyyətin zorakılığa heyran olmasının sadəcə bir təzahürüdür: “Buna baxmayaraq, mediada zorakılıq təkcə zorakı cəmiyyətin əksi deyil, həm də ona töhfə verən qüvvədir. Əgər xalqımız gələcək nəsillərdən zorakılığın problemin həll edilməsi yolu kimi istifadə edilməsindən imtina edən yetkin insanlar formalaşdırmaq istəyirsə, biz hökumətin özünün ən həssas vətəndaşlarının qorunmasındakı əhəmiyyətli rolunu qəbul etməliyik.”
































































































