“Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisi məsələsi öz həllini tapıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata verdiyi açıqlamada qeyd edib.
Türkiyə lideri, fikirlərinə istinad kimi isə, İlham Əliyevlə Soçi görüşü ilə bağlı apardıqları söhbətdə bu məsələnin diqqətə çatdırıldığını bildirib.
Ərdoğanın bu açıqlaması Soçi bəyanatında öz əksini tapmayan bəzi şifahi razılaşmaların əldə olunması ilə bağlı ehtimalları xeyli artırıb.
MÖVZU İLƏ BAĞLI:
Prezident İlham Əliyev Soçidə - Növbəti diplomatik uğurun təməlləri necə atılıb?
Sözügedən ehtimalları Bizim.Media üçün şərh edən politoloq Cümşüd Nuriyev bir sıra regional məsələlərin hələ Putin-Ərdoğan görüşündə öz həllini tapdığına işarə edib:
“Zənnimcə, Ərdoğan hələ Putinlə görüşdə müəyyən məsələləri həll etmişdi. Çünki Soçi görüşündən sonra Ərdoğan həddən artıq özünə əmin şəkildə diplomatik dillə qeyd etdi ki, Azərbaycan-Türkiyə əlaqələri daha da möhkəmlənəcək. Deməli, Soçi görüşündə şifahi razılaşma var imiş ki, Ərdoğan bu qədər əminliklə danışdı”.
Politoloqun fikrincə, Zəngəzur dəhlizi məsələsinə Rusiyanın əvvəlcədən müsbət yanaşması Soçi görüşündə özünü bariz şəkildə nümayiş etdirib:
“Bu səbəbdən də Putin Soçi görüşündə dəhliz məsələsini səsləndirdi. Azərbaycan Prezidentini qarşılama və yola salma mərasimləri də çox yüksək səviyyədə idi. Nəzərə alaq ki, Putin Paşinyanla həm görüşmədi, həm də onun provokativ fikirlərinə reaksiya vermədi. Görünən odur ki, Rusiya artıq öz maraqlarını gözləyir. Moskvaya Cənubi Qafqaz siyasətinin suya düşməməsi maraqlı idi və bu gerçəkləşdi”.
Cümşüd Nuriyev Zəngəzur dəhlizi ilə bağlı əsaslı addımların yaxın vaxtlarda atılacağını da sözlərinə əlavə edib:
“Üçtərəfli kommisiyanın tezliklə toplanacağını düşünürəm. Azərbaycan artıq Ağbəndə qədər işləri yerinə yetirib. Naxçıvanda da lazımi işlər görülüb. Yalnız arada qalan Zəngəzur ərazisinə lazımi sərmayə qoymaqla (çünki Ermənistanın buna gücü yoxdur) layihəni yekunlaşdıra bilərik.
Dəhlizlə təhlükəsiz hərəkət Rusiya tərəfindən təmin olunacaq. Ümumilikdə isə, Zəngəzur koridoru siyasi dividendlərindən əlavə, iqtisadi və mənəvi cəhətdən də Azərbaycanla Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir”.
Murad Əhmədov, Bizim.Media