Əksər ekspertlərin fikrincə, Aşqabadda Prezident İlham Əliyevlə Seyid İbrahim Rəisinin görüşü həm də İranın dolayısıyla 3+3 plartformasına “hə” cavabı verməsidir. Bütün bunlar və Azərbaycanla gələcək əməkdaşlıq perspektivlərindən sonra İrəvanla Tehran arasında siyasi soyuqluq, inciklik yarana bilərmi?
Sualımıza cavab olaraq politoloq Zərdüşt Əlizadə bildirib ki, əslində Ermənistanın özü də bu platformanın üzvü olmaq niyyətindədir:
“Sadəcə gözləyir ki, sular durulsun, bu iki üçlüyün məqsədi, niyyəti və imkanları müəyyənləşsin”.
MÖVZU İLƏ BAĞLI:
Zərdüşt Əlizadədən türkçülüklə bağlı ağır sözlər: “Şovinizmin ən parlaq nümunəsi Elçibəy idi”
Bizim.Media-ya özəl açıqlamasında politoloq əlavə edib ki, indi tərəflərin mövqeyi qeyri-müəyyəndir. Yalnız Türkiyə açıq şəkildə yeni formatın tərəfdarıdır.
Gürcüstan hələki qəti imtina edir. Azərbaycan müsbət qarşılasa da, vəziyyətin aydınlaşmasını gözləyir:
“Ona görə də heç bir ziddiyyət görmürəm. İranla Ermənistanın münasibətləri elədir ki, İrəvan Tehranın mövqeyindən heç vaxt narazı qala bilməz. Çünki xeyli dərəcədə İrandan asılı ölkədir”.
Bəs gələcəkdə İranın Türk Dövlətləri Təşkilatına (TDT) üzvlüyü aktual ola bilərmi?
“TDT mahiyyətcə ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatdır. Əgər İran təşkilatın onun dövlət mənafeyinə xidmət etdiyinə hesab eləsə, ona kimsə mane ola bilməz. Eynilə Rusiyada 25 milyon türk əsilli xalq yaşayır. O da gəlib müşahidəçi, yaxud (qeyri) daimi üzv ola bilər.
Bəzi siyasi naşılar TDT-ni qlobal miqyaslı güclü bir hərbi-siyasi oyunçu kimi təqdim etməyə çalışırlar. Görünür, onların dünyadan xəbərləri yoxdur. Yəni TDT ən yaxşı halda ATƏT ola bilər. Vəssalam”.
Bizim.Media