Azərbaycan İKİNCİ CƏBHƏNİ açdı - İƏT sammitində verilən ÖNƏMLİ MESAJLAR

Hazırda oxunan: Azərbaycan İKİNCİ CƏBHƏNİ açdı - İƏT sammitində verilən ÖNƏMLİ MESAJLAR

48162

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci zirvə görüşü keçirilib.

Aşqabad sammiti Azərbaycanın maraqlarına uyğun bir sıra önəmli nüanslarla yadda qalıb. Təşkilat tərəfindən elan olunan yekun Bəyannamədə öz əksini tapan mesajlar isə xüsusilə mühüm əhəmiyyət kəsb edirdi.

İlk diqqət çəkən məqam da məhz Azərbaycana ünvanlanan təbrik idi. Belə ki, Bəyannamədə "Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanırıq", fikirləri öz əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişi imzalandı - DETALLAR


Bu təbriki mühüm siyasi mesaj kimi qiymətləndirmək olar.

İlk növbədə, bu fikirlər təşkilata üzv olan bütün ölkələrin başa çatmış Azərbaycan-Ermənistan münaqişəsində tutduqları mövqeyi aydın şəkildə nümayiş etdirib. Mətndə də qeyd olunduğu kimi, İƏT üzvləri Azərbaycanın 44 günlük savaşdakı qələbəsini sülh və tərəqqi yolunda atılan addım kimi qəbul edirlər.

İkinci önəmli nüans isə, Zəngəzur dəhlizi ilə bağlı səsləndirilən fikirlər idi. Xüsusilə də, Soçi görüşündən sonra dəhliz məsələsinin məntiqi nəticəyə çatmasından sonra, İƏT kimi önəmli regional təşkilatın koridora hansı münasibəti göstərəcəyi maraqla gözlənilirdi. Lakin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda "Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsi öz əksini tapdı.

Bu isə Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir.

Diqqətdən yayınmayan digər vacib məqam isə, Azərbaycan Prezidenti İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlər idi. Belə ki, Türkiyə, Pakistan, İran, Türkmənistan və Tacikistan liderləri ilə keçirilən görüşlər öz məhsuldarlığı ilə yadda qalıb. Sözügedən tərəflərlə müzakirələrdə iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı istiqamətində mühüm mesajlar verildi.

Azərbaycan diplomatiyasının növbəti uğuru

Ümumilikdə isə, İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad sammitinin Azərbaycan üçün uğurlu keçdiyini söyləmək üçün aşağıdakı detallara nəzər salmaq kifayətdir:

1. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ilə bağlı ünvanlanan təbrikin əks olunduğu bəyannaməyə imza atanlar arasında KTMT-ə üzv olan ölkələr də var idi.

Sırf bu amili belə mühüm diplomatik qələbə kimi xarakterizə edə bilərik. Nəzərə alaq ki, Ermənistan tərəfi istər 44 günlük müharibə dönəmində, istərsə də sonrakı dövrdə hər vəchlə KTMT-ni prosesə daxil etmək istəyirdi. Lakin bu baş vermədi və indiki situasiyada Kollektiv üzvləri Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Bəyannaməyə imza atmaqla İrəvanın fiaskosunu rəsmiləşdirdilər.

2. Zəngəzur dəhlizi ilə bağlı artıq region ölkələri də öz maraqlarını dilə gətirirlər.

Bu isə, layihənin nə qədər mühüm əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir. Məsələyə coğrafi kontekstdən yanaşdıqda isə, İƏT ölkələrinin həm öz aralarında, həm də Avropa ilə əlaqələrinin qurulmasında Zəngəzur dəhlizinin önəmini və aktuallığını aydın şəkildə görmək mümkündür. 

3. İstər Azərbaycan, istərsə də digər üzvlər üçün İƏT kimi regional insitutun nə qədər əhəmiyyətli olduğu sübuta yetirildi.

Xüsusilə də, dünya təcrübəsinə nəzər saldıqda, inkişaf etməkdə olan ölkələrin yaratdığı regional iqtisadi birliklərin (Məsələn, ASEAN) tərəqqidə nə qədər mühüm əhəmiyyət daşıdıqları bəllidir. Bu səbəbdən də, İqtisadi Əməkdaşlıq Təşkilatının regional layihələrin həyata keçirilməsində, eyni zamanda iqtisadi tərəfdaşlıq sahəsində sərgilədikləri mövqeyin bütün ölkələrin gələcək tərəqqisində mühüm imkanlar yaradacağını proqnozlaşdırmaq olar.

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  - 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə - bəndinə uyğun olaraq hazırlanıb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin