“Görüşlərdə Rusiyanın vasitəçiliyi Azərbaycanın maraqları çərçivəsindədir” – Məlahət İbrahimqızı

Hazırda oxunan: “Görüşlərdə Rusiyanın vasitəçiliyi Azərbaycanın maraqları çərçivəsindədir” – Məlahət İbrahimqızı

48058

“Soçidə dünən keçirilmiş zirvə görüşü Cənubi Qafqazın, eləcə də bölgədə müstəsna əhəmiyyətli məsələlərin həll olunmasında böyük rola sahibdir. Rusiyanın  vasitəçiliyi ilə keçirilən bu görüş Azərbaycan üçün, Azərbaycanın marağı baxımından  hədsiz dərəcədə vacib idi”

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı Soçi görüşünün əhəmiyyətindən danışarkən deyib. O bildirib ki, Azərbaycan bu görüşdən öz marağını təmin edən cavablar alıb.

“Ən əsas marağımız isə, sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin açılması və tezliklə sülh sazişinin imzalanmasıdır. Bu məsələlər Soçi görüşündə Azərbaycana heç bir şərt qoyulmadan, Rusiya prezidenti Vladimir Putin tərəfindən nəinki səsləndirildi, hətta çox tezliklə  onların  həll olunmasının zəruri olduğu bildirildi.
 

MÖVZU İLƏ BAĞLI:

Məlahət İbrahimqızı: “Biz Qərbi Azərbaycan uğrunda da mübarizə aparacağıq”


Bu məsələlərdə Putinin fikirləri Prezident İlham Əliyevin fikirlərini gücləndirməklə bərabər təsdiq etdi. Sözsüz ki, Soçi görüşünün ölkəmiz üçün əhəmiyyətli olmasında Azərbaycanın uğurla həyata keçirilən diplomatiyasının xüsusi rolu vardır.

Soçi görüşündə həm Putinin, həm Prezidentimizin çıxışlarında bir neçə dəfə səsləndirilmiş kommunikasiyaların, avtomobil yollarının açılmasına xidmət edən layihələrin başlanması kimi önəmli məsələlərin imzalanmış Bəyanatda əks olunması həqiqətən ölkəmiz üçün qürurvericidir”.
 

Deputat həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə həyata keçirdiyi xarici siyasətinə ikitərəfli, çoxtərəfli əməkdaşlıqda ən etibarlı və güvənilən tərəfdaş kimi tanınır və hörmət edilir. 


“Soçi görüşündə Paşinyanın çıxışında iki ölkə arasındakı postmüharibə problemlərinin yenidən ölü qurum olan ATƏT-in Minsk qrupuna daşıması cəhdi boşa çıxmaqla bərabər, Rusiyaya qarşı xəyanət kimi qəbul etmək olar”.

Sonda millət vəkili qeyd edib ki, imzalanan bu bəyanat nəinki böyük əhəmiyyətə malikdir, bu sənəd  tarixi bir sənəd kimi hətta gələcəkdə də erməni revanşist qüvvələrə qarşı mübarizədə misilsiz bir vasitə olacaq.

“Ermənistanın Baş naziri Paşinyanın Soçi görüşündə çıxışında “Naqornıy Karabağ” ifadəsi işlətsə də, imzalanan Bəyanatda bu ifadə əks olunmadı. Bu da ifadənin Azərbaycan Prezidenti tərəfindən tarixin çöpxanasına atıldığını sübut etdi.
 

Göründüyü kimi, Paşinyanın özü ilə İrəvandan Soçi görüşünə gətirdiyi əsassız problemlərin heç biri, eləcə də əsir və girov məsələsinin də Bəyanatda yer almaması onun növbəti məğlubiyyətini göstərdi.


Sənəddə xüsusi ilə sərhədlərin delimitasiya və demarkasiya məsələsində də Rusiyanın vasitəçiliyinin xüsusi əhəmiyyəti qeyd edilir.

Bu da delimitasiya və demarkasiyanın tarixi sənədlər, beynəlxalq hüquq çərçivəsində aparılacağının göstəricisidir. Bir mənalı olaraq, hər kəs də bilir ki,  son iki yüz ilin, eləcə də, son yüz ildə mövcud olan bütün tarixi sənədlər Rusiya arxivindədir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin