Soçi görüşündə 3 əsas məsələnin Fərid Şəfiyev tərəfindən ÖZƏL ŞƏRHİ

Hazırda oxunan: Soçi görüşündə 3 əsas məsələnin Fərid Şəfiyev tərəfindən ÖZƏL ŞƏRHİ

47948

"Azərbaycan üçün Soçi görüşünün nəticələri müsbətdir" deyən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev əlavə edib ki, həm ikitərəfli, həm də üçtərəfli görüşlərin mühitinə baxdıqda Rusiya lideri Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında müsbət münasibətlərin olduğunu görmək olur.

Bizim.Media-ya özəl açıqlamasında Fərid Şəfiyev Putinin Azərbaycanla ikitərəfli münasibətlərə nikbin şərhlər verdiyini də xatırladıb.

O ki qaldı Ermənistan-Azərbaycan münasibətləri kontekstində olan nəticələrə:

"Ümumən qeyd etmək istərdim ki, postmünaqişə dövründə gündəliyi Azərbaycan formalaşdırır. Azərbaycanın təşəbbüsü və təzyiqi nəticəsində - bu çox vacibdir. Məhz təzyiqi nəticəsində Ermənistan müvafiq addımlar atmağa məcburdur. Ermənistanın həm dəhliz, həm delimitasiya məsələlərində prosesi süründürmək istəməsinə baxmayaraq artıq məcbur qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Zəngəzur dəhlizi İranla Ermənistana da açıqdır” – ŞƏRH 


Burada Rusiyanın da müəyyən dərəcədə rolu var. Hətta çərçivə qoyulub ki, ilin sonuna qədər delimitasiya komissiyası yaradılmalıdır. Putinin də qeyd etdiyi kimi, 3 əsas məsələ müzakirə olunub:

1.Delimitasiya

2.Dəhliz

3.Humanitar məsələlər

•Humanitar məsələlərdə söhbət minalardan və həbs olunmuş ermənilərdən gedir.  Bu məsələlər Azərbaycanın təzyiqi ilə müzakirə olunur. 

•Delimitasiya ilə bağlı müsbət məqam ondan ibarətdir ki, Ermənistanın qarşılıqlı "qoşunları geri çəkək" təkidinə baxmayaraq, bu olmayacaq. Yəni bizim qoşunlarımız hazırda yerləşdiyi nöqtələrdə qalacaqlar. Ardınca komissiya yaradılacaq və iş başlayacaq.

Burda bizim üçün vacib olan bir məsələ var, bu da delimitasiya ilə bağlı sənəddə ərazi bütövlüyümüzün Ermənistan tərəfindən tanınmasıdır. Düzdür, ermənilər deyir ki, 1991-ci ildə "onsuz da tanımışıq". Hesab edirəm ki, bu, bir də təsdiq olunsa, yaxşı olar. Amma belə görünür ki, sadəcə komissiya yaradılacaq. Sənədin imzalanması və parametrləri hələ bəlli deyil.
 

Ola bilsin ki, həssas məsələ olduğu üçün Paşinyan bunun ictimailəşdirilməməsini xahiş edib. Ümumiyyətlə, bəzi məsələlər qapalı şəkildə müzakirə olunur və Ermənistan üçün həssas olduğu üçün bizim rəsmilər də şərh etmirlər. 


•Kommunikasiyaların açılması məsələsində müsbət dinamika var. Ermənilər bu işə il ərzində böyük əngəl törədiblər. Mövzunun gündəmdə müzakirəsinə məcbur edirik və artıq lazımi addımların atılacağı gözlənilir. Maraqlı fakt Putinin koridor sözünü istifadə etməsidir.

Ermənilərin vurğuladığı odur ki, 10 noyabr bəyanatında Naxçıvana gedən kommunikasiya punktunda dəhliz sözü işlənməyib. Bu termini biz işlədirik, ermənilər istifadə etmirlər. Burda əsas hədəfimiz sənəddə necə qəbul olunub - "maneəsiz". Bizim insanlar və yüklər Naxçıvana maneçiliksiz hərəkət etsinlər. Buna nail olandan sonra həmin yola dəhliz deyib-deməyəcəkləri ikinci məsələdir. Düşünürəm ki, bu istiqamətdə də müsbət dinamikanı görəcəyik". 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Paşinyanın bir çox məsələləri Brüsseldə həll etmək istədiyini də səsləndirib. Bu isə görünürdü:

"Hətta bir faktı götürək ki, Paşinyan noyabrın 9-na nəzərdə tutulan görüşü ləğv edib, sonra Brüsselə işarə edib. Nəticədə Rusiyanın təşəbbüsü ilə Soçi görüşü ortaya çıxıb. Təbii ki, Rusiya təşəbbüsü öz əlində saxlamaq istəyir. Amma həqiqət ondan ibarətdir ki, bölgədə Rusiya hələ də geosiyasi gücdür. Açığı, Avropa Birliyinin Cənubi Qafqazla bağlı siyasəti də heç aydın deyil. Çünki onlar ayırdığı yardımlarda belə, üstünlüyü Ermənistana verirlər".

Fərid Şəfiyev sonda bir daha xatırladıb ki, Soçi görüşü Azərbaycan üçün müsbət qiymətləndirilməlidir.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin