Soçi görüşünün ARDINCA Təhlükəsizlik Şurasının İCLASI – Rusiya bölgədə sülh istəyir... 

Hazırda oxunan: Soçi görüşünün ARDINCA Təhlükəsizlik Şurasının İCLASI – Rusiya bölgədə sülh istəyir... 

47937

26 noyabr Soçi görüşünü Ermənistanın sülhə, bəyanatların şərtlərinə əməl olunmasına məvbur edilmə aktı kimi də qəbul etmək olar. Çünki...

Əslində noyabrın 9-da keçirilməsi gözlənilən görüş, Paşinyanın masadanqaçma meylləri səbəbindən 17 gün gecikdi. Rusiyalı politoloq Korotçenkonun da dediyi kimi, Kremlin diplomatik təzyiqlərindən sonra Paşinyan bu görüşə gəlməyə məcbur edildi. Çünki Brüsselə bütün cismi və ruhu ilə can atan Paşinyana başa salındı ki, şərti diqtə edən tərəf qalib və bölgədə konkret əməyi olanlardır. İndi bunun xüsusi təfərrüatına varmayacağıq. 
 

MÖVZU İLƏ BAĞLI:

Soçi görüşündən sonra Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi - VİDEO


Ümumilikdə, 26 noyabr Soçi danışıqları bir neçə mərhələdən ibarət oldu:

1. İlham Əliyev-Vladimir Putin görüşü

2. Üçtərəfli müzakirələr

3. Vladimir Putin-Nikol Paşinyan görüşü

Müzakirələr başa çatdıqdan sonra isə 26 noyabr noyabr bəyanatı ictimaiyyətə təqdim olundu və tərəflər mətbuata birgə açıqlamalar verdilər. Daha sonra Putin Rusiya Təhlükəsizlik Şurasının iclasına qatıldı və Soçi görüşləri barədə fikir mübadiləsi aparıldı.

Ümumilikdə isə, Soçi müzakirələrinin Azərbaycan üçün uğurlu keçdiyini söyləmək olar. Bu iddiamızı təsdiqləmək üçün isə, bəs qədər faktoru ön plana çıxara bilərik:

1. İstər atəşkəs, istər 44 günlük müharibə, istərsə də post-konflikt dönəmində danışıqlar masasında Rusiya ilk dəfə Azərbaycanın maraqları çərçivəsində mövqeyini ortaya qoydu. Belə ki, müzakirələrin gedişində Paşinyanın təklənmiş halı diqqətdən yayınmırdı. Əslində isə, Rusiya Azərbaycanın maraqlarına uyğun mövqe sərgilmədi, sadəcə olaraq iki ölkənin mövqeyi daha əvvəl imzalanmış 10 noyabr və 11 yanvar bəyanatlarına uyğun olduğundan masada bu cür mənzərə ortaya çıxdı.

2. ATƏT-in Minsk qrupu yenə də bəyanatdan kənar qaldı. Üçtərəfli görüşün mətbuata açıq hissəsinin start götürməsinin ardından nitqinə başlayan Nikolun ilk olaraq qabartıdığı iki məsələdən biri də həmsədrlər idi. Paşinyan Minsk qrupu platformasını tez-tez ön plana çıxarmağa çalışsa da, bəyanatın mətnində həmsədrlərə bir kəlimə də olsun yer tapılmadı. Bu isə, dolayısıyla Qarabağda hər hansı status məsələsinin müzakirə predmeti olmadığını bir daha təsdiqlədi.

3. Paşinyanın ikinci əsas dərdi olan “hərbi əsirlər”i də bəyanatın mətnində özlərinə yer tapa bilmədilər. Bu isə, gələcək perspektivdə Azərbaycanın Paşinyan hökumətinə qarşı önəmli təsir “rıçak”larından birini əlində saxlamağa davam edəcəyi anlamına gəlir.

4. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə tez bir zamanda start vermək üçün komissiya yaradılacaq. Bəyanatın bu hissəsində isə, iki mühüm detal diqqət çəkir: komissiyanın ikitərəfli olması və Rusiyanın məsləhətçi köməyi. Hər iki detalı Azərbaycanın lehinə qəbul etmək olar. Çünki bununla birlikdə, ilk növbədə Azərbaycanla Ermənistan arasında ikitərəfli dialoqun qurulması istiqamətində mühüm irəliləyişə nail olundu. 
 

Rusiyanın məsləhətçi rolunda olmasının əsas müsbət tərəfi isə Nikolun “Azərbaycanın Ermənistanın suveren ərazilərinə müdaxilə etməsi” iddialarının puça çıxmasıdır.


Əgər Paşinyanın dedikləri real olsa idi, əlində xəritələr olan Moskva prosesləri susaraq izləməzdi.

5. Regionda kommunikasiyaların bərpası məsələsi də, demək olar ki, öz təsdiqini tapdı. Belə ki, Putin Paşinyanla görüşü zamanı “üçtərəfli formatda danışıqlardan sonra regionda nəqliyyat kommunikasiyaları açılacaq", - deyə qeyd edib. Eyni zamanda Kreml rəhbəri mətbuata birgə açıqlamalar zamanı çıxışında “nəqliyyat dəhlizləri” ifadəsinə yer verməklə Ermənistan tərəfinin prosesi uzatmaq üçün uydurduqları tezislərin üzərindən də birdəfəlik xətt çəkdi. 

6. Rusiyanın bəyanatda əks olunan proseslərin tez bir zamanda həllində maraqlı olduğu aydın şəkildə nümayiş olundu. Bunu biz, istər görüşlər zamanı Putinin nəticəyə hesablanmış açıqlamalarında, istərsə də müzakirələrdə sonra Rusiyanın Təhlükəsizlik Şurasının iclasını təyin etməsi və orada Soçi görüşlərini müzakirə etməsi bunun əyani sübutudur.

Ümumilikdə isə, Soçi sammiti üç əsas nəticə ilə yadda qaldı:

1. Danışıqlar Azərbaycanın maraqalrına uyğun formada keçdi.

2. Rusiya sərhədlərin delimitasiyası və dəhlizlər məsələsində tez bir zamanda nəticə əldə etmək niyyətindədir.

3. Ermənistanın tez bir zamanda hər 3 bəyanatın yerinə yetirilməsinə mane olması üçün heç bir bəhanəsi qalmadı.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin