“Müstəqillik illərininin milli valyuta ifadəsində ən böyük büdcəsində ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45 faizdən çox olacaq. Büdcə xərclərinin 46.4 faizinin sosial istiqamətə yönəldilməsi gələn ildə də sosial təminat məsələlərinin prioritet olacağından xəbər verir. Bu gələn il yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir”.
Millət vəkili Vüqar Bayramov Bizim.Media-ya 2022-ci ilin dövlət büdcəsində nəzərdə tutulan sosial xərclər haqqında danışarkən belə deyib. Millət vəkilinin fikrincə, gələn il Azərbaycan adambaşına düşən büdcə xərcinə görə əksər MDB ölkələrini qabaqlayacaq:
“Gələn il büdcəsində mühüm məqamlardan biri də Azərbaycanda sosial xərclərin ÜDM-də payının gələn il 16 faizdən çox olacağıdır. Bu isə hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir.
MÖVZU İLƏ BAĞLI:
Gələn ilin büdcəsində sosial xərclərə 14 milyard manat ayrılacaq
Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlanda 16.0 %, İrlandiyada 13.4 %, Koreyada 12.6 %, Çilidə 12.2 %, Türkiyədə 12.0 %, Meksikada 7.5 fazidir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir.
Gələn il adambaşına düşən büdcə xərci gələn il cari məzənnə ilə 1757 dollar olacaq və göstəriciyə görə Azərbaycan əksər MDB ölkələrini geridə qoyacaq”.
Vüqar Bayramov bildirib ki, Milli Məclisdə büdcə müzakirələr zamanı bir sıra təkliflərini də təqdim edib:
1. Gələn il üçün proqnozlaşdırılan 3 milyard 63 milyon manatlıq büdcə kəsirinin infliyasiya yaradıcı effektləri minimumlaşdırılması ilə bağlı digər fiskal alətlərdən istifadə olunması vacibdir. Növbəti ildə yeni sosial paketin icrasını da nəzərə alsaq bu məsələ 2022-ci ildə aktuallığını qoruyub saxlayacaq;
2. 2022-ci ilin dövlət büdcəsndən bələdiyyələrə 11 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Ölkədə 1771 bələdiyyənin olduğunu nəzərə alsaq orta hesabla hər bələdiyyə illik 6 min manat, aylı1 500 manat alacaq. Bələdiyyələrin kənar maliyyə mənbələrinin məhdud olduğunu nəzərə aldıqda bu məbləğin az olması onların institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Bu baxımdan, həmin vəsaitin məbləğinə baxılması məqsədə uyğun olardı;
3. Xərclərin ölçülən bilən və səmərəllik qiymətləndirmə meyarlarının işlənib hazırlanması və büdcə paketi ilə birlikdə təqdim olunması məqsədə uyğun olardı;
4. Nəticə əsaslı büdcədə əhatə olunan 3 sektor üzrə bütün proqramlar ilə bağlı məlumatların müfəssəl təqdim olunmasına ehtiyac var. Şəffaflığın daha da genişləndirilməsi üçün xərc maddələr üzrə həyata keçirilən işlərin konrket nəticələrinin performance budget prinspinə uyğun hazırlanıb və təqdim olunması məqsədəuyğun olardı;
5. Səhiyyə və elm xərclərində artımların nəzərdə tutulmasına baxmayaraq bu xərclərin ÜDM-də payı aşağı olaraq qalmaqdadır. Qeyd edək ki, səhiyyə xərclərinin ÜDM-də payı Rusiyada 5.6 %, Türkiyədə 4.3 faizdir. Ölkəmizdə bu rəqəm 2.1 faizdir.
Gələn il elm xərclərinin ÜDM-də xüsusi çəkisi cəmi 0.2 faiz proqnozlaşdırılır. 2021-ci il müqayisədə 10.6 faiz artsa da belə elm xərcləri makro-iqtisadi göstəricilərdə marjinal paya malikdir. Qeyd edək ki, elm xərclərinin ÜDM-də payı Rusiyada 1.0, Türkiyədə 1.1 faiz, dünya üzrə ortalama 2.2 faizdir.
Bu isə o deməkdir ki, sözügedən iki xərcin ÜDM-də çəkisinin artırılması və beynəlxalq ortalama standartlarına çatdırılması üçün maliyyələşmənin genişləndirilməsi məqsədə uyğun olardı.
Millət vəkili manatın məzənnəsi, kredit portfeli və Füzuli rayonunun təmas xəttində yerləşən bir sıra yaşayış məntəqələrində torpaq islahatlarının aparılması ilə bağlı suallarını da təkliflərinə əlavə edib:
1. 2017-ci ildən etibarən manatın məzənnəsinin stabil qalması pozitiv haldır. Amma Mərkəzi Bank tərəfindən ötən müddətdə manatın alıcılıq qabiliyyətinin necə dəyişdiyi qiymətləndirilibmi və büdcə proqnozlaşdırılmasına nəzərə alınırmı?
2. Bankların 15 milyard 538 milyon manatlıq kredit portfelinin 12 milyard 104 milyon manatı Bakı şəhərinin payına düşür. Bu ümimi kredit portfelinin 78 faizi deməkdir. Mərkəzi Bank bu disbalansın aradan qaldırılması üçün hansı stimullaşdırıcı tədbirlər həyata keçirmək nəiyyətindədir?
3. Füzuli rayonunda keçmiş təmas xəttində yerləşən və 1994-cü ildə Milli Liderimizin rəhbərliyi ilə işğaldan azad olunan kəndlərində yaşayış olsa da torpaq islahatları aparılmamışdır. Artıq həmin kəndlər təmas xətti sayılmır və həmin kəndlərdə torpaq islahatının aparılması nəzərdə tutulurmu?
Murad Əhmədov, Bizim.Media