Moderator.az xəbər verir ki, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, "STMEGİ" Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti German Zaxaryayev ABŞ-ın Antidiffamasiya Liqası (ADL) hüquq müdafiə ictimai təşkilatının Azərbaycanda antisemitizm faktları haqqında məruzəsinə dair şərhində bildirmişdir ki, müxtəlif vaxtlarda Azərbaycanda ləzgilər, tatarlar, yəhudilər, almanlar, bolqarlar və bir çox başqa xalqların nümayəndələri sığınacaq tapmışlar. Müxtəlif səbəblərə görə onlar bu günəşli diyarda qalıb Xəzərin təmiz havasını udmaq, buradakı insanların qəlbinin hərarətini duymaq istəmişlər.
G.Zaxaryayevin
sözlərinə görə, sovet hökuməti mövcud dayaqları dəyişməyə cəhd göstərmiş və
bütün dinlərlə mübarizə aparmışdır ki, nəticədə həm yəhudi dini, həm müsəlman
dini güclü ziyan çəkmişdir. Rusiya Yəhudi Konqresinin vitse-prezidenti
demişdir: "Sinaqoqlar dağıdılmış, yəhudi məktəbləri bağlanaraq dünyəvi
məktəblərə çevrilmiş, ravvinlər təqib olunmuşlar. Məhz kimlərin bununla məşğul
olduqlarını təsdiq edən tarixi faktlar vardır: bunlar sovet hakimiyyətini
təbliğ edən müxtəlif millətlərin nümayəndələri idi və onların arasında
yəhudilər də olmuşdur".
G.Zaxaryayev bildirmişdir ki, yəhudilərlə azərbaycanlıların dinc yanaşı yaşadıqları bütün dövr ərzində onların münasibətlərinin pis və ya gərgin olduğunu təsdiqləyən bir fakt da tapmaq mümkün deyildir.
"STMEGİ" Beynəlxalq Dağ Yəhudiləri
Fondunun prezidenti yazır: "Yəhudilər Azərbaycanda hər şeyə nail ola
bilmişlər, bunu təsdiq edən misallar çoxdur. Müsəlman Şərqində ilk parlament
respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində bir neçə yəhudi
nazir olmuşdur. Azərbaycan yəhudiləri arasında nüfuzlu peşə sahibləri -
həkimlər, hüquqşünaslar, jurnalistlər, müəllimlər, professorlar və iri dövlət
müəssisələrinin rəhbərləri az olmamışdır".
German
Zaxaryayev öz şərhində yazır: "Bəzi tanınmamış həvəskar tədqiqatçıların
bunun əksini sübut etməyə cəhd göstərməsi həmişə məni əsəbiləşdirir. ABŞ-ın
Antidiffamasiya Liqası hüquq müdafiə təşkilatının postsovet məkanı ölkələrində
keçirdiyi və dərc etdirdiyi "Antisemitizm indeksi" adlı son
qalmaqallı tədqiqat da eyni təsir doğurmuşdur. Bu indeksi cəfəngiyatdan başqa
bir şey adlandırmaq olmaz".
G.Zaxaryayevin
fikrincə, açıq-aşkar görünür ki, bu rəy sorğusu uydurma rəqəmlərə əsaslanır və
Azərbaycana bələd olmayan Rusiya əleyhinə qurumların xeyrinədir, oradakı rəqəm
isə orta göstərici kimi qeyd edilmişdir. G.Zaxaryayev deyir: "Mənim ulu
babalarım minilliklər boyu Azərbaycanda yaşamışlar və biz heç vaxt nə
məişət, nə də dövlət səviyyəsində antisemitizm müşahidə etməmişik. Biz - dağ
yəhudiləri haqqında bunu deyə bilərəm ki, azərbaycanlılar həmişə bizə qardaş
xalq kimi yanaşmışlar və bu mehribanlığı daim hiss etmişik. Mən dönə-dönə
demişəm ki, Azərbaycanda antisemitizm yoxdur və olmamışdır. Keçmiş sovet
məkanında yəhudilərin kompakt yaşadıqları yeganə qəsəbə olan Qırmızı qəsəbə
buna sübutdur. Nə Ukraynada, nə Belarusda, nə Litvada, nə Latviyada belə
məskənlər qalmamışdır. Ölkənin və rayonun hakimiyyət orqanları qəsəbəmizə
xüsusi diqqət yetirirlər, axı bura təkcə yəhudilərin kompakt yaşadıqları yer
deyil, həm də dağ yəhudilərinin dilinin yer üzündə qorunub saxlandığı yeganə
torpaqdır. Biz - Azərbaycandan olan yəhudilər öz Vətənimizlə fəxr edirik və oradan
gedəndə Azərbaycan dilini unutmuruq, ümumi ənənələri və dəyərləri qoruyub
saxlayırıq, ən başlıcası isə, Azərbaycan xalqının və torpağının bizə verdiyi
hər şeyə görə təşəkkür edirik".



































































































