“İqtidarın xarici və daxili siyasətini dəstəkləyirəm“. Dövlətin nəzarətində olan mediada qulaqları yağır edən bu ifadə o qədər səslənmişdi ki, insanlarda ikrah hissi oyadırdı. Əlbəttə, siyasətdən bixəbər insanlara bu ifadəni zorla dedirtdirirdilər. Onlar da müəyyən təmənnaya görə bülbül kimi ötürdü. Elə indi də bu ifadə iqtidarın arsenalından çıxmayıb...
Bəs reallıqda iqtidarın xarici və daxili siyasəti nədən ibarətdir? Öncə daxili siyasətlə bağlı fərdi düşüncələrimi bölüşmək istərdim...
Fakt budur ki, prezident İlham Əliyev siyasi olimpi fəth edib. Və rəsmən “ümummilli leder“ elan olunmuş Heydər Əliyevin siyasi kursunun davamçısıdır. Azərbaycansa qeyri-rəsmi şəkildə oliqarx-məmurlar arasında bölüşdürülüb. Keçmiş xanlıqları xatırladan bu sistemə görə hər kəsin məsuliyyəti, həddi və qazanc mənbələri bəllidir. Kimsə kimsənin “məhəlli suaları“na birinci şəxsin icazəsi olmadan daxil ola bilməz. Ata Əliyevdən qalma komanda kifayət qədər monolitdir. (Baxmayaraq ki, ABŞ səfiri bunun əksini söyləyir.) Oyun qaydaları son 22 ildə elə cilalanıb ki, kənara çıxmalar belə nəzərə çarpmır. Sədaqətinə şübhə yarananlar dərhal qəzəbə tuş gəlir. Əli İnsanov, Fərhad Əliyev, Rəfael Allahverdiyev... kimi məmurların aqibəti hər kəsə görk olub...Milyardlara sahib olan oliqarx-məmurlar yaxşı başa düşürlər ki, İlham Əliyevin iqtidardan gedişi onların məhvi deməkdir. Özünü qoruma instinkti onları prezidentdən dördəlli yapışmağa vadar edir. Yəni iqtidarda lider bəllidir və belə bir problemin yaranma ehtimalı yoxdur. Lideri bəlli iqtidarın nə qədər duruş gətirəcəyi barədə kimsə konkret fikir söyləyə bilməz...
Əlbəttə, Azərbaycandakı seçkilər formal xarakter daşıyır. Bütün seçkilərdə prezidentin iradəsi əsas götürülür. Müxalifət düşərgəsində birincilik uğrunda gedən savaşa iqtidar katalizator kimi təsir göstərə bilir. Müxalifət vahid lider məsələsində həmişə ilişib qalır , nəticədə bir addım irəli atmaq istəyənlər iki addım geri düşürlər. Ona görə Azərbaycan kimi varlı bir məmləkətdə müxalifət demək olar ki, acından ölür. Maddi imkanları yox səviyyəsindədir; çünki imkanlı şəxslər müxalifətdə perspektiv görmürlər. Görsələr, müxalifətə müxtəlif kanallarla pul axar. Maraqlıdır ki, heç Qərb də müxalifətə abırlı maliyyə dəstəyi vermir. Bu da onların maraqlarının istiqamətini və uyğunluq dərəcəsini göstərir. Əslində müxalifət Qərbin yadına iqtidara təzyiq etməyə ehtiyac duyulanda düşür. Ölkənin bütün güc strukturları Allahın ümidinə qalan müxalifəti neytrallaşdırmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edirlər. Şantaj, böhtan, şərləmə, intim həyat... və bu kimi şeylər müxalifəti susdurmaq üçün yararlı hesab olunur. Bu prosesin də nə qədər davam edəcəyini kimsə proqnozlaşdıra bilməz...
Xalqın siyasi proseslərə heç bir marağı yoxdur. İnsanlar ölkəni başına alan korrupsiya və rüşvətxorluğa demək olar ki, etiraz etmirlər. Böyük əksəriyyət mövcud qaydaların daxilində özünə gün ağlamağa çalışır. Ölkədə baş verən spontan etirazlar da İlham Əliyevin portretlərinin müşayiəti altında keçir. Bir qayda olaraq etirazlar sosial xarakter daşıyır.
Gənclik də aktiv deyil. Tələbələrin ölkədəki siyasi proseslərə hər hansı marağından danışmağa belə dəyməz. Gənclərin kiçik qruplarının siyasi xarakterli fəaliyyəti isə amansızlıqla yatırılır...
İqtidarın apardığı daxili siyasətdə müsbət hesab oluna biləcək bir məqam varmı? Məncə, ölkədə olan stabilliyi iqtidarın aktivinə yazmaq olar. Bilirəm, müxalif düşüncəli dostlarımız qeyzlə deyəcəklər ki, bu sakitlik polis zopası hesabına yaradılıb. Və haqlı olacaqlar. Amma istənilən halda ölkədə sabitliyin olması Azərbaycana böyük üstünlüklər verir. Ölkə iqtisadiyyatı inkişafdadır, tikinti bumu yüksələn xətt üzrə davam edir...
Bəs iqtidarın xarici siyasəti haqqında nə demək olar? Yenə fərd olaraq öz düşüncələrimi sizlərlə paylaşıram...
Gəlin elə “kürü diplomatiyası“ndan başlayaq. Mahiyyətdə bu, problemlərin şərq sayağı həlli üsulunun bir variasiyasıdır. Yəni gedirsən, pulunu verirsən, işini yoluna qoyursan. İqtidarımızın bu sınanmış üsuldan Qərbi susdurmaq üçün istifadə etməsi ən yüksək səviyyələrdə etiraf olunur. Bizimkilərin qarşı tərəfi ələ almaq üçün nəsə təklif etməsi təbiidir. Çünki Azərbaycanda əl əli yuyur...
Əlbəttə, bizimkilər yaxşı iş görmürlər. Amma bu işin ikinci tərəfi də var. O da Qərb və onun çoxsaylı təşkilatlarıdır. Və bu təşkilatlar utanıb-qızarmadan Azərbaycan iqtidarının uzatdığı paranı götürürlər. Sonra da bizim Siyavuş Novruzov kimi, iqtidarımızın bütün günahlarına bəraət qazandırırlar. Demokratiya, İnsan Haqları, Vicdan Məhbusları... Hər şey yaddan çıxır, dəstələnib qalaqlanmış paraların xışıltısı ədəbaz fransızı da, yekəbaş ingilisi də, təkəbbürlü almanı da, özünü dünyanın sahibi sayan amerikalını da öz prinsiplərinə tüpürməyə vadar edir...
Orasını da deyim ki, bizim iqtidar Qərbi müxalifətimizdən qat-qat yaxşı tanıyır. Çünki onları susdurmaq üçün o qədər para səpələyiblər ki. Ona görə də Qərb diplomatları İlham Əliyevin yanında yekə-yekə demokratiyadan danışanda prezident gülməkdən özünü güclə saxlayır...
Təsəvvür edin, iqtidar nümayəndəsinin qəbulundan cibi şişmiş halda çıxan Qərb diplomatı müxalifət liderləri ilə xala-xətrin qalmasın görüşür. Və boş vədlər verərək aradan çıxmağa macal axtarır...
Elə belə-belə şeylərə görə Azərbaycanda itin hörməti var, Amerikanın hörməti yoxdur. Niyə? Çünki son 25 ildə ABŞ, onun simasında isə bütün Qərb Azərbaycan insanına o qədər həyasız şəkildə yalanlar söyləyib ki, indi onların söylədiyi doğruya da kimsə inanmır...
Ümumiyyətlə, Azərbaycanın iqtidarı aqressiv xarici siyasət aparır. Yadınıza salım, Barak Obama yeni prezident seçiləndə İlham Əliyev nümayişkəranə şəkildə onun təklifini rədd etdi. Çünki Obama Türkiyə-Ermənistan sərhədini açmaq istəyirdi. O isə buna imkan vermədi. Bayraq məsələsi də yaddaşlardadır. Bayrağımızı Türkiyədə zibil qutusuna atdılar - İlham Əliyev Şəhidlər Xiyabanındakı Türkiyə bayraqlarını həmən yığışdırtdı. Və Türkiyədə şok yaşandı, elə Azərbaycanda da. Amma nəticə ölkənin istəklərinə uyğun oldu. Türkiyədə ermənilərə ucaldılmış abidənin məhv edilməsi də aqressiv xarici siyasətin nəticəsiydi...
Bakıdakı İran səfirliyi qarşısında İranın rəhbərlərini hansı görüntülərdə nümayiş etdirdilər? Belə aqressiv hərəkətdən hətta üzü-üzlər görmüş İran rejimi belə dəhşətə gəlmişdi. Həmin görüntüləri bir müddət İran mediası gizli saxlamalı oldu... Amma İran intonasiyanı dəyişdikdən sonra vəziyyət normal axarına döndü. Rəsmi Bakı nə qardaş Türkiyəyə, nə İrana, nə də Rusiyaya Azərbaycanla “kiçik“ kimi davranmağa imkan vermir...
Şübhəsiz ki, bizim xarici siyasətimiz Dağlıq Qarabağ amili həmişə nəzərə alınmaqla həyata keçirilib. Bəzi sadəlövh insanlar deyirlər ki, İlham Əliyevin dediyi “lazım“ harda qaldı? Yəni müharibəyə başlayıb erməniləri Dağlıq Qarabağdan qovmaq lazımdır. Mən Azərbaycanın müharibəyə başlamasının qəti əleyhinəyəm. Nəticəyə bəri başdan təminat almadan müharibəyə başlamaq cahillik olardı...Amma bu heç də o demək deyil ki, biz müharibə aparmamalıyıq. Əksinə, biz bütün müstəvilərdə Ermənistana qarşı vuruşmalıyıq, xüsusi amansızlıq və qəddarlıqla. Siyasi, iqtisadi müstəvilər xüsusilə önəmlidir. Amma idman, musiqi, sənət, elmi və tarixi araşdırmalar, təbliğat rolikləri (məsələn, Azerbaijan Land of fire, kimi) də mühümdür. Burada bir faktı mütləq qeyd etməyə ehtiyac var. İlham Əliyevin səyləri nəticəsində Ramil Səfərov Macarıstandakı həbsxanadan Azərbaycana milli qəhrəman kimi döndü. Qərb ən yüksək səviyyədə bu “əməliyyata“ etiraz etsə də, prezident geri çəkilmədi. Bu gediş ictimai rəydə İlham Əliyevə əhəmiyyətli xallar qazandırdı...
Xarici siyasət manevrlər hesabına həyata keçirilir. İlham Əliyev Azərbaycana təsir imkanları olan Qərbin, Rusiyanın, İranın və Türkiyənin ondan nə istədiyini dəqiq bilir. Və bu fərqli tərəflərin fərqli maraqları üzərində oynaya bilir. Düzdür, bəzən yuxarıda vurğuladığımız kimi, kənara çıxmalar olur...
Bu seriadan olan növbəti qalmaqal isə elə bu günlərdə meydana çıxdı. Hər şeysə ondan başladı ki, Riçard Morninqstar bu günlərdə Azadlıq Radiosuna müsahibə verdi. Yəni amerikalı səfir ABŞ-a məxsus mediada öz fikirlərini açıqladı. Məsələlərə tamam fərqli prizmadan yanaşdı. Elə bil cənab səfirin yerinə başqa birisi danışırdı... Dərhal da cavab gəldi və getdikcə ifadələr sərtləşdi. Nəhayət Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ABŞ səfiri haqqında dedi: “... həddini çox aşıb. Özünü...qubernator hesab edir”.
Ramiz Mehdiyev YAP iqtidarının ağır artilleriyasıdır. Bəllidir ki, o, iqtidarın adından danışır. Məncə, hörmətli akademik bu məsələdə haqlıdr. Gürcüstan və Ukrayna hadisələrindən sonra ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı yönəlmiş çağırışlarını birmənalı şəkildə rədd eləmək lazımdır. Azərbaycan böyük dövlətlər arasında gedən avantürist oyunlara görə yeni ərazilər itirə bilməz. Minlərlə vətəndaşlarımızın ölümü, iqtisadiyyatın çökməsi, xaos və anarxiyanın ölkəni ağuşuna alması bizə qətiyyən gərəkməz. Son dərəcə ehtiyatlı olmaq gərəkir. İqtidar da, müxalifət də bilməlidir ki, keçmiş SSRİ məkanında Qərbin istehsalı olan kabus dolaşır...
Axı, hamının yaxşı yadındadır, Morninqstar səfir kimi Bakıya gələn kimi özünü Heydər Əliyevin heykəlinin qarşısına verdi və orada ehtiramla baş əydi. Onda bəlli oldu ki, dünyanın neft və qaz sektorunda ciddi əlaqələri olan bu şəxs iqtidarın yanında yer alacaq. Aldı da. Neçə illərdir ki, bu səfirdən Azərbaycandakı başıqapazlı demokratik hərəkata dəstəklə bağlı bir dənə fərli bəyanat eşidə bilmədik Və düşünmək lazımdır ki, dünənə qədər Siyavuş Novruzov kimi danışan Morninqstar nədən bir günün içində ipə-sapa yatmayan müxalifə çevrilib... |
Axı, hamının yaxşı yadındadır, Morninqstar səfir kimi Bakıya gələn kimi özünü Heydər Əliyevin heykəlinin qarşısına verdi və orada ehtiramla baş əydi. Onda bəlli oldu ki, dünyanın neft və qaz sektorunda ciddi əlaqələri olan bu şəxs iqtidarın yanında yer alacaq. Aldı da. Neçə illərdir ki, bu səfirdən Azərbaycandakı başıqapazlı demokratik hərəkata dəstəklə bağlı bir dənə fərli bəyanat eşidə bilmədik. Ancaq bu günlərdə o, iqtidarı hövsələdən çıxaran fikirlər səsləndirdi. Əminəm ki, bu ittihamlar rəsmi Vaşinqtonun tələbi ilə gündəmə daşınıb. Riçard Morninqstarın özünə qalsa heç vaxt bizim iqtidarımıza “gözün üstə qaşın var“ deməzdi. Çünki bu şəxs əslində bizim Siyavuş Novruzovun Amerika variantından başqa bir şey deyil....
Bəs, Amerika İlham Əliyevdən nə istəyir? Bu suala cavab vermək üçün ABŞ mediasına müraciət edək. “The İnstitute for Policy Studies (İPS)“ yazır: “ABŞ-İraq münasibətlərinin pozulmasına səbəb əlbəttə ki, İraqın İrana qarşı kimyəvi silahdan istifadə etməsi olmayıb. Heç İraqın öz vətəndaşlarını susdurmaq üçün onlara qarşı zəhərli qazdan istifadə etməsi də ABŞ üçün səbəb deyildi. Hətta İraqın Kuveyti işğalı da əsil səbəb sayıla bilməz. ABŞ-Iraq münasibətləri məhz o vaxt pozuldu ki, Səddam Hüseyn ABŞ-ın Aqaba kəmərində iştirakı ilə bağlı anlaşmaya razılıq vermədi “...
Yəni Amerika üçün əsas olan şey neft-qaz sektorudur, oradan gələn fantastik gəlirlərdir.
Qalan şeylər Amerika üçün ciddi səbəb sayıla bilməz. Elə Böyük Britaniya üçün də, BP üçün də önəmli olan bu kimi amillərdir...
Rəsmi Vaşinqton Azərbaycanda öz maraqlarını sonunadək reallaşdırmaq istəyir. İlham Əliyev də bu istəyin həyata keçməsinə artıqlaması ilə şərait yaradıb. Amma ABŞ daha çox itaət istəyir. Çünki mütilərdən daha çox şey qopartmaq olur. İlham Əliyevsə bəlli manevrlər hesabına ABŞ-ın istəklərini müəyyən bir çərçivəyə salıb. Bu isə Amerikanı bəzən hövsələdən çıxarır. Nəticədə Morninqstar kimi mahiyyətdə qorxaq birisi belə kəskin bəyanatlar verməli olur...
Yeri gəlmişkən, Qərb Ərdoğanı susdurmaq üçün də ona nə vaxtdır ki, basqılar edir. Amma alınmır...
Bu tərəfdən də Avropa Şurasının Parlament Assambleyasının üzvü olan René Rouquet-ə viza vermirlər. Çünki madam Rene Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edib. Oralarda ermənipərəst mövqe sərgiləyib. Deməli, onu Azərbaycana buraxmaq olmaz...
Xarici siyasətdən danışarkən mütləq onu da vurğulamaq lazımdır ki, İlham Əliyev Qərbin xeyr-duası ilə Azərbaycan Konstitusiyasını dəyişdi. Bu dəyişiklik nəticəsində prezidentin 2 dəfədən artıq seçilə bilməməsi ilə bağlı maddə Ana Qanundan birdəfəlik çıxarıldı. Hazırda İlham Əliyev 3-cü prezidentlik müddətini davam etdirir. Şübhəsiz ki, o, 4-cü,5-ci...dəfə də prezident kürsüsündə qalmağa çalışacaq. Daxili intriqalardan dolayı əldən düşmüş, maddi baxımdansa imkanları sıfır həddində olan müxalifətinsə bu prosesin qarşısını almaq imkanı real görünmür...
Əlbəttə, nəzəri baxımdan qeyri-standart situasiya yarana bilər. Amma “X“ gününə ümid edən müxalifətin aqibəti ortadadır...
Elbəyi HƏSƏNLİ
(Musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.