Azərbaycan hakimiyyəti sabiq spiker Rəsul Quliyev və baş nazirin keçmiş müavini Abbas Abbasovu “arzuolunmaz şəxs” elan edib. İqtidar üçün bu iki nəfər həm də bir növ qorxulu siyasətçilərdir. Hökumət bu iki sabiq məmurlar barəsində gedən xəbərlərə olduqca həssas yanaşır, çevik reaksiya verir, diqqətlə izləyir, hətta həyəcanını gizlətmir.
Sanki onların ən kiçik bir addımı ölkədə inqilab üçün zəmin yaradacaq və iqtidarın dəyişməsinə səbəb olacaq. Üstəlik, R.Quliyev və A.Abbasov Azərbaycana buraxılmır. Onlar ölkəyə gələ bilmirlər.
Bu günlərdə isə onların birlikdə partiya təsis etməsi xəbəri böyük maraqla qarşılanıb.
Gələcək Azərbaycan Partiyasının (GAP) arxasında “AzerRoss” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov və keçmiş spiker Rəsul Quliyevin dayanması iddiası reaksiyasız ötüşməyib. Deputat Aydın Abbasov dərhal açıqlama verərək atası haqda bu məlumatı təkzib edib.
Qəribədir ki, niyə iqtidar düşərgəsi R.Quliyev və A.Abbasovdan ehtiyat edir? Onlar hansı fəaliyyətdə iştirak edirlər ki, hakimiyyət üçün təhlükə yaradır?
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bunun səbəbini onların vaxtilə hakimiyyətdə təmsil olunmasında görür.

Ə.Oruclunun fikrincə, A.Abbasov və R.Quliyev iqtidarın zəif yerlərini, “Axilles dabanı”nı bilirlər: “Ona görə də hər ikisi barəsində dezinformasiya xarakterli xəbərlərə də ağrılı, çevik reaksiyalar verilir. Onların hakimiyyətdə vaxtilə təmsil olunması, mətbəxi bilməsi iqtidarı narahat edir.
Halbuki, nə Abbasovun, nə Quliyevin güclü struktura malik partiyası var. Onların arxasında geniş şəbəkə dayanmayıb, media imkanları, vətəndaş cəmiyyətində güclü tərəfdarları yoxdur.
O halda bir təhlükə qaynağı olmamalıdırlar. Görünür, Abbasovun və Quliyevin məmurlar arasında adamları var və mətbəxdə baş verənləri yaxşı bilirlər. Bundan irəli gələrək onlarla bağlı həssas reaksiya verirlər".
Musavat.com































































































